“Heydər Əliyev yolu Azərbaycan tarixinin uğur səhifəsidir”

 

Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin xalq çalğı alətləri orkestri və Sumqayıt şəhər Bülbül adına İncəsənət məktəbinin “Şəfəq” uşaq xoru Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin dəvəti ilə şəkili musiqisevərlərin qonağı olub. Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda Şəki RMİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Ağaəli Cəlilov çıxış edərək Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təqdim olunan konsert proqramına görə kollektivin rəhbərinə təşəkkürünü bildirib.

***

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Biləsuvar rayon Mədəniyyət Mərkəzində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konsert proqramı keçirilib. Konsertdə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, Xalq artisti Gülyaz Məmmədova, respublika və beynəlxalq müsabiqələr laureatı Rəvanə Qurbanova, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Taleh Yəhyayev və digər solistlər çıxış ediblər.

***

Ağdam rayon MKS Mərkəzi Kitabxanasının əməkdaşları Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə kitab sərgisi təşkil edib.

***

Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə “Sevimli ifalar” adlı konsert keçirilib. Məktəbin müəllim və şagirdlərindən ibarət ansambllar Ulu öndər Heydər Əliyevin sevdiyi musiqiləri ifa ediblər.

Zaqatala rayon Uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi “Heydər Əliyev İli” münasibətilə konsert təşkil edib. Ulu öndərin həyatı və siyasi fəaliyyəti haqqında məruzələr dinlənilib, şeirlər səsləndirilib, mahnılar ifa olunub.

***

Gəncə RMİ-nin Daşkəsən rayon nümayəndəliyinin təşəbbüsü, rayon MKS-nin təşkilatçılığı ilə keçirilən tədbirdə kitabrayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzi əməkdaşlarının əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Tədbir məktəblilərin hazırladığı rəngarəng konsert proqramı ilə davam edib.

***

Saatlı rayon Mədəniyyət Mərkəzinin Qıraqlı kənd Mədəniyyət evində “Heydər Əliyev və insan hüquqlarının müdafiəsi” mövzusunda tədbir keçirilib. Çıxışlarda qeyd edilib ki, insan hüquqları amili Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olub.

Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev yolu Azərbaycan tarixinin uğur səhifəsidir” adlı tədbir keçirilib. Tədbirdə Heydər Əliyevin həyat yolusiyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

***

Qazax rayon Heydər Əliyev Mərkəzində “Əbədiyyət simvolu” adlı şeir qiraəti müsabiqəsi keçirilib. S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Təhminə İsmayılova I, İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbin V sinif şagirdi Gözəl Məmmədli II, S.Vurğun adına 2 nömrəli tam orta məktəbin V sinif şagirdi Banu Səmədli III yerə layiq görülüblər. Fərqlənən daha beş nəfər fəxri fərmanla təltif olunub.

***

Horadiz şəhərindəki Muğam Mərkəzində “Musiqiyə bağlı ömür” adlı tədbir keçirilib. Füzuli rayonunda fəaliyyət göstərən uşaq musiqi məktəbləri, mədəniyyət müəssisələrinin musiqi kollektivləri və rayonun incəsənət ustalarının ifasında musiqilər səsləndirilib.

***

Cəlilabad rayon Mərkəzi Kitabxanası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. Çıxışlardan sonra tədbir iştirakçıları bu mövzuda sənədli filmə baxıblar.

***

Yevlax şəhər 2 nömrəli Uşaq musiqi məktəbi Heydər Əliyev Mərkəzində “Ulu bir sərkərdə, Ulu bir öndər” adlı konsert proqramı ilə çıxış edib. Konsertdə məktəbin müəllim və şagirdləri bir-birindən maraqlı musiqi nömrələri təqdim ediblər.

***

Gəncə şəhər Bülbül adına 3 saylı Uşaq musiqi məktəbi tərəfindən “Dahilər unudulmur” adlı konsert təşkil edilib. Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən konsertdə məktəbin xalq çalğı alətləri şöbəsinin müəllimləri, “Gəncəm” vokal triosu və başqaları çıxış ediblər.

 

N.Məmmədli

Mədəniyyət.- 2023.- 24 may.- S.4.