“Qırmızı kitab”ın yeni nəşri üçün Qarabağ və Şərqi Zəngəzurda təftiş aparılıb

 

Zəngilanda xarıbülbülün iki növü aşkarlanıb

 

Zəngilan rayonu ərazisində aşkar edilən xarıbülbül çiçəyinin iki növü “Qırmızı kitab”ın yeni nəşrinə əlavə edilib.

Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva bu barədə mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Qırmızı kitab”ın yenilənmiş, 3-cü nəşrinin təqdimatı zamanı mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, “Qırmızı kitab”ın yeni nəşri üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında da təftiş aparılıb:

Topxana meşəsini də ANAMA-nın iştirakı ilə təftiş etdik. Oranın vəziyyəti, müasir florasını qismən də olsa, “Qırmızı kitab”ın 3-cü nəşrinə əlavə etdik. Zəngilanda iki yeni növ aşkar etmişik ki, onlar indiyəcən Azərbaycan florası üçün göstərilməyib. Əməkdaşlarımız 86 ildir toplanılmayan Azərbaycan florasında olan bitkiləri toplayıblar. Onların şəkilləri çəkilib, yerləri müəyyən edilib. “Qırmızı kitab”ın yazılması həm Botanika İnstitutunun herbari fondunu zənginləşdirdi, həm də çox yeniliklərə nail olundu”.

Qeyd edək ki, 23 may Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu gün 2001-ci ilin 23 mayında Ulu öndər Heydər Əliyevin müvafiq fərmanı əsasında sözügedən nazirliyin yaradılması ilə bağlıdır və 2007-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsis olunub.

Əlamətdar gün münasibətilə AMEA-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmişBioloji müxtəlifliyin qorunması” mövzusunda konfrans və “Qırmızı kitab”ın 3-cü nəşrinin təqdimatı keçirilib. “Qırmızı kitab”ın ikicildlik yeni nəşrində nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna növü (152 onurğalı, 89 onurğasız) və 460 flora növü (423 bitki: 383 ali, 15 all sporlu, 6 mamır, 14 şibya, 5 yosun; 37 göbələk) öz əksini tapıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından nadir və nəsli kəsilmək təhlükəsində olan növlər də öyrənilərək III nəşrə daxil edilib.

 

Mədəniyyət.- 2023.- 24 may.- S.4.