“Kəsmə şikəstə”nin bənzərsiz
ifaçısı yad olunacaq
Mayın 30-da Beynəlxalq Muğam Mərkəzində (BMM) unudulmaz xanəndə, Əməkdar artist Fatma Mehrəliyevanın (1926-2000) xatirə gecəsi keçiriləcək.
Gecədə sənətkarın özünəməxsus ifaçılıq xüsusiyyətləri barədə söz açılacaq, BMM-in solistlərinin ifasında xanəndənin repertuarından muğam və xalq mahnıları təqdim olunacaq.
Fatma Mehrəliyeva muğam, xalq mahnı və təsniflərin, eləcə də bəstəkar mahnılarının mahir ifaçısı kimi şöhrət qazanıb. O, 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “Arşın mal alan” filmində Telli roluna çəkilib.
F.Mehrəliyevanın oxuduğu muğamlar arasında “Kəsmə şikəstə”nin özünəməxsus yeri var. Musiqişünas-alim Ramiz Zöhrabov “Zərbi muğamlar” kitabında verdiyi “Kəsmə şikəstə”ni məhz Fatma xanımın ifasında nota köçürüb. Xanəndə “Qatar” və “Segah-zabul” muğamlarını da yüksək səviyyədə ifa edib.
Lalə Azəri
Mədəniyyət.- 2023.- 24 may.-
S.6.