“Mən gəldim, qızlar” – Gənc Tamaşaçılar Teatrı Özbəkistanda festivala qatılıb

 

22-28 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə “Avrasiya” 1-ci Beynəlxalq Teatr Festivalı keçirilir. Özbəkistan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da iştirak edir.

Yaradıcı heyət İsveç dramaturqu Lars Norenin “Müharibə” pyesi əsasında hazırlanmış “Mən gəldim, qızlar” tamaşası ilə çıxış edəcək.

Festivala həmçinin Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı (Almatı), Qırğızıstan Dövlət Gənclər Teatrı, V.Mayakovski adına Tacikistan Dövlət Rus Dram Teatrı, N.Dumbadze adına Tbilisi Gənc Tamaşaçılar Teatrı, eləcə də Türkiyədən Əskişəhər teatrı, MinskSankt-Peterburqdan teatr kollektivləri qatılıb.

Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən bildirilib ki, “Mən gəldim, qızlar” tamaşasının quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı İradə Muradovadır.

Əsərdə müharibədə gözləri kor olmuş, amma ümidini itirmədən, ən çətin anlarında belə ailəsini, qızlarını düşünən atanın iki ildən sonra ailəsinin yanına qayıtmasından və gözlənilməz hadisələrlə qarşılaşmasından bəhs olunur. Səhnə əsərində atanın, eləcə də ana və qızlarının həyatına nəzər saldıqda müharibənin gətirdiyi ağrı-acıları, mənəvi sarsıntıları görmək mümkündür.

Rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Kəmalə Hüseynova, Rasim Cəfər, aktyorlar Səbinə Məmmədzadə, Zümrüd Quliyeva ifa edirlər.

 

 

Mədəniyyət.- 2023.- 24 may.- S.5.