Vəfasızlıqda vəfalılar...

 

Teatr Muzeyində xatirə axşamı

 

Tez-tez kimisə xatırlayanda “Ömür vəfa etmədi” kimi təqdimat edirik. Beləcə, zatən fani olan dünyanın, bir göz qırpımı kimi keçən həyatın, kəpənək ömrü yaşayan insanın kədərini, gerçəyini, əsl mahiyyətini ifadəyə çalışırıq. Onu hər dəfə xatırlayanda, daha doğrusu, haqqında hər eşidib, ağ-qara kadrlardanboylanan” və ən dərinliyində kədərin çoxdan kök saldığı gözlərini, inadkar təbəssümünü, məsum simasını görəndə içimdə qəribə bir etiraz baş qaldırır...

Sözsüz ki, hamımız bir gün öləcəyik və bu mənada gec-tez bölgüsü, əslində, nisbidir. İnsan oğlu sal qaya, coşqun su kimi daim yaşamaq istəyir. Bu acgözlüklə edilən istəyin içərisində sevib-sevilmək, şan-şöhrət tapmaq, uğur qazanmaq, xoşbəxt olmaq, yaşadığını hiss etmək də var. Bəli, əslində, ən ümdə istək məhz odur. Elələri var ki, yaşayarkən ölür və insanlığın amansız unutqanlığında itib batır.

Amma o, yoxluğuna, zamanın onu bizdən anbaan uzaqlaşdımasına rəğmən xatirələrdə  daim qalır. Heç olmasa, yaddaşımız ona vəfa edir...

Mayın 19-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr MuzeyininYad edirik” rubrikası çərçivəsində növbəti tədbir reallaşdı. Bu dəfə Azərbaycan teatrının unudulmaz siması, Əməkdar artist Vəfa Fətullayeva (1945–1987) yad olundu. Xatirələrdəki yeri, ürəklərdəki məhəbbəti qulaqlardan getməyən şaqraq səsinə qoşulub hər eksponatı bir insan ömrü, sənət tarixi olan muzeyin divarlarında cingildədi.

Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova aktrisanın səhnə fəaliyyətindən söhbət açdı, onun qısa və dolğun ömrünə, bu zaman içərisində həyat verdiyi rollarına, fərqli xarakterlərə malik qəhrəmanlarına nəzər saldı.

Muzey fondunda və aktrisanın ailə yaxınlarının arxivində qorunan nadir fotolar, teatrteleviziya tamaşalarından kadrlar ekrandan göz oxşadı.

42 ili tamamlanmayan ömrü mübarizə və sevgi ilə keçən, ürəyində hər zaman gözəl arzulara yuva quran və ağır xəstəliyinə inad yaşamağı sevən aktrisanın həyat verdiyi obrazlar qısa kadrların axınında yenidən canlandıqca insanın zaman məsafəsi anlamları da pərən-pərən olur.

Bunu aktrisanı xatırlayan, zaman-zaman tərəf-müqabili olan, onu səhnədə, həyatda canlı görən insanlar vurğuladıqca qəlbimiz nostalji hisslərlə dolur.

Vəfa xanıma vəfalıların cəm olduğu xatirə axşamında Vəfasızlığa üsyan vəfa nümayişində biz bir insanın, aktrisanın, qadının uğuruğursuzluğu, səadət və bədbəxtliyi fonunda həm də zərif çiyinlərində fiziki və mənəvi əzablar daşıyan güclü xarakter və iradəyə malik xüsuslarını görürük.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Xalq artisti Hacı İsmayılov tərəf-müqabilini xoş xatirələr, unudulmaz anlardan yaddaşına köçənlərlə təqdim edir. Onun “Mahnı dağlarda qaldı”, “Kəndçi qızı”, “İnsan”, “Sizi deyib gəlmişəm”, “İbliskimi tamaşalarda yaratdığı fərqli qadın obrazlarını sadalayır.

Xalq şairi Nəriman Həsənzadə Vəfanın gözəl aktrisa olduğunu deyir, onun səhnə insanı kimi ən məhsuldar, yaradıcılıq baxımından ən qaynar çağında sənətdən və həyatdan qopmasıyla barışmadığını xatirəsinə yazdığı şeirlə dilə gətirir. Müəllifi olduğu “Atabəylər” əsəri əsasında hazırlanan eyniadlı tamaşadakı İnanc Xatın rolunu məharətlə ifa etdiyini vurğulayır.

Xalq artisti Rafiq Əzimov həmkarının peşə vərdişlərindən, obrazına qatdığı çalardan, xüsusən “Göz həkimi” televiziya tamaşası sayəsində saysız seyrçi rəğbəti qazanmasından bəhs edir.

Quruluş verdiyi bir neçə tamaşada rol alan Vəfa Fətullayevanı ehtiramla yad edən rejissor Əməkdar incəsənət xadimi Mərahim Fərzəlibəyov isə onun fitri istedad və zəhməti sayəsində mükəmməl aktrisa olmasından danışır. Onun Tofiq Kazımov sayəsində böyük səhnəyə gəldiyini, “Məhv olmuş gündəliklər”in Fəridəsi kimi özünü gənc aktrisa olaraq təsdiq etdiyini və oynadığı bütün rollara fərqli iz qoyduğunu bildirir.

Əməkdar incəsənət xadimi, yazıçı-publisist Xeyrəddin Qoca, Vəfa xanımın tələbə yoldaşı olmuş televiziya aparıcısı, Xalq artisti  Şərqiyyə Hüseynova, aktrisanın baş rolu oynadığı “Firəngiz” filminin operatoru, Əməkdar incəsənət xadimi  Fəraməz Məmmədov yaddaşlarındakı həlim, mehriban, zərif, eyni zamanda şən, güclü və səhnə sevdalı Vəfanı yenidən xatırlayıb, xatırladırlar. OnunAlov”,  “Atayevlər ailəsi”, “Göz həkimi” kimi məşhur televiziya tamaşaları sayəsində yaddaşlardan silinməyəcəyini deyirlər.

Aktrisanın əmisi qızı, onu bacı kimi sevdiyini deyən Zemfira Fətullayevanın, televiziya prodüseri Etibar Vəfanın xatirələri də tədbirə kövrək ovqat bəxş edir.

Həzin duyğularla dolu xatirə axşamı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Atefe Qarabağinin aktrisanın xatirəsinə ithaf olunmuş konsert proqramı ilə başa çatır...

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2023.- 24 may.- S.5.