Nəvvabın silah
kolleksiyası və Şuşada silah istehsalı
Kitab-kataloqda ensiklopedist
alim və rəssam haqqında dəyərli
məlumatlar var
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə “Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı” adlı kitab-kataloq çapdan çıxıb.
Nəşr Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, tarixçi və musiqişünas, XIX əsrin ensiklopedist alimi Mir Möhsün Nəvvab Qarabağinin (1833-1918) indiyədək məlum olmayan irsinə – topladığı Azərbaycan silahları kolleksiyasına həsr olunub. Kolleksiya 1940-cı ildə Azərbaycan Tarixi Muzeyinə (indiki Milli Azərbaycan Tarixi Muzeyi) alimin oğlu Mirişağa Ağamirzadə (Ağamirov; 1872-1948) tərəfindən təqdim edilib, indiyədək araşdırılmayıb. Tarixçi Səbuhi Əhmədovun tədqiqatları nəticəsində kolleksiyanın tarixi, ona daxil olan silahların tərkibi, növləri və əhəmiyyəti müəyyən edilib. Belə fərziyyə irəli sürülüb ki, batal (hərbi) süjetlərlə rəsmlər çəkən, öz dövrü üçün qabaqcıl, mütərəqqi mövqelərdə durmuş Nəvvab rəsmlərində silahları naturadan çəkmək üçün silah kolleksiyasını toplayıb.
Kitab-kataloqda Nəvvabın silah kolleksiyasına daxil olan bütün nümunələr tarixi və elmi baxımdan təhlil olunur və onların Azərbaycan silahqayırma sənətində əhəmiyyəti müəyyənləşdirilir.
Kitabda həmçinin Nəvvabın “1905–1906-cı illərdə erməni-müsəlman davası” əsəri, Şuşada onun qəbirüstü abidəsi və ev-muzeyi, yazdığı kitabların siyahısı, 41 yaşında litoqrafiya üsulu ilə çəkilmiş rəsmi (ilk dəfə çap olunur) verilib. Nəşrdə Nəvvabın şair və ədəbiyyatşünas alim, filosof, musiqişünas, kimyaçı və astronom, naşir, maarifçi və pedaqoq, rəssam və kitab illüstratoru kimi çoxcəhətli fəaliyyəti işıqlandırılıb.
Nəşrdə alimin oğlu, maarifçi, şair, ictimai xadim Mirişağa Ağamirzadə haqqında da məlumat yer alıb.
Nadir tarixi illüstrasiyalar, yüksəkkeyfiyyətli fotoşəkillərlə zəngin olan, Azərbaycan və ingilis dillərində hazırlanmış kitab-kataloq M.M.Nəvvabın fəaliyyətinin kölgədə qalan tərəflərini üzə çıxarmaqla bərabər, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinə də dəyərli töhfədir.
“Təhsil” nəşriyyatında çap olunan kitab-kataloqun müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov, ingilis dilinə tərcümə edəni Emil Bağırovdur. Kolleksiyadakı silahların fotoşəkilləri isə Azərbaycan Fotoqraflar Birliyi İdarə heyətinin sədri Mirnaib Həsənoğluna məxsusdur.
Nəşrdə Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Dövlət Kino-Fotosənədlər Arxivi, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun materiallarından istifadə olunub.
Milli Azərbaycan Tarixi Muzeyi Elmi şurasının qərarı ilə çap olunan kitab-kataloqdan tarixçilər, sənətşünaslar, rəssamlar, eləcə də Azərbaycanın hərb tarixi və incəsənəti ilə maraqlananlar istifadə edə bilərlər.
Nurəddin .
Mədəniyyət.- 2023.- 24 may.-
S.6.