“100 il xalqın xidmətində”
Milli Kitabxananın yaşı bir əsri haqladı
Mayın 23-də Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasının 100 illiyi tamam oldu. Bu münasibətlə kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan Milli Kitabxanası – 100” adlı virtual sərgi, həmçinin “100 il xalqın xidmətində” adlı ənənəvi kitab sərgisi hazırlanıb.
Qeyd edək ki, Milli Kitabxana (o vaxt Azərbaycan Mərkəzi Dövlət Kitabxanası) 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü il mayın 23-də olub. Kitabxana Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin binasında yerləşirdi. 1939-cu ildə kitabxanaya Azərbaycan milli dramaturgiyasının banisi, mütəfəkkir, maarifçi Mirzə Fətəli Axundzadənin adı verilib. 1960-cı ildə kitabxana Xaqani küçəsindəki indiki binasına (memar Mikayıl Hüseynov) köçüb.
İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənərək onlarca yeni şöbəsi yaranıb, fondu zənginləşib.
Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərərək kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.
Ulu öndər, mədəniyyətimizin böyük hamisi Heydər Əliyev 1995-1997-ci illərdə dörd dəfə Milli Kitabxanada olub və öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı kitabxanaya hədiyyə edib. 2004-cü ildə kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib.
Mədəniyyət.- 2023.- 24 may.-
S.3.