Yubiley ili bizi daha məsul vəzifələrə səfərbər edib

 

 

“Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” dövlət başçısının sərəncamı Lənkəran teatrının kollektiviniyeni sənət nailiyyətlərinə səfərbər edib. Üstəlik, bu il bizim üçün də ayrıca yubileydir.

Məxəzlərdən məlumdur ki, Lənkəranda peşəkar teatr mühiti XIX əsrin sonlarında və XX əsrin əvvəllərində formalaşıb. 1934-1949-cu illərdə burada Dövlət Dram Teatrı fəaliyyət göstərib. Sonra keçmiş SSRİ hökumətinin qərarı ilə müttəfiq respublikaların çoxunda, o cümlədən Azərbaycanda əyalət teatrlarının böyük qismi özünümaliyyələşdirməyə keçirilib və fəaliyyətini dayandırıb. Lənkəran Dövlət Dram Teatrı da fəaliyyətini 24 il sonra, 1973-cü ilin dekabrın 6-da Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə bərpa edib.

Ötən 50 ildə teatr öz repertuarında Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, əcnəbi müəlliflərin də əsərlərinə mühüm yer ayırmaqla, təkcə respublikamızda deyil, həmçinin bir sıra xarici ölkələrdə keçirilən festivallarda uğurla çıxış edib.

Məlumat üçün bildirək ki, hazırda teatrda 2 Xalq artisti, 3 Əməkdar artist, 1 Prezidentin fərdi təqaüdçüsü və 3 Prezident mükafatçısı, həmçinin onlarla sənət fədaisi çalışır. Onların hər biri öz zəhmətləri, istedadları hesabına tamaşaçı rəğbətini qazanıb.

Bu gün teatrda əsas səylərimiz daha çox tamaşaçıların cəlb olunmasına yönəldilib. Bunun üçün sosial şəbəkələrin imkanlarından da fəal istifadə olunur və səhnə əsərlərinin reklam-tanıtımı öz nəticəsini verir. Əvvəllər hər tamaşaya bilavasitə kassadan bilet alıb gələnlərin sayı 15-20 nəfər olurdusa, indi bu rəqəm 45-60 nəfərədək qalxıb. Təbii ki, əsas vəzifə tamaşaçı rəğbətini maraqlı səhnə əsərləri ilə artırmaqdır.

Cari ilin əvvəlindən 4 tamaşanın (“Nuru babanın sərgüzəştləri”, “Qapıda öpüş” – müəllif və quruluşçu rejissor İ.Hacılı; “Gəl, baharım, gəl, yazım” – müəllif və quruluşçu rejissor A.Babalı; Yaşayan ölü” – müəllif K.Məmmədova, quruluşçu rejissor A.Babalı) premyerasını keçirmişik. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Q.Nəcəfzadənin “İki iyirmi üç arasında” (quruluşçu rejissor Emil Əskərov), Ç.Aytmatovun “Cəmilə” (quruluşçu rejissor İmran Ali Qurban),  Ə.HaqverdiyevinKimdir müqəssir?” vodevilinin motivləri əsasında “Müqəssir”, Avstriya dramaturqu Piter TurrinininBu da axırı” (hər iki tamaşaya Abdulla Elşadlı quruluş verir), Təranə Vahdin “Mən toz dənəsiyəm” (quruluşçu rejissor Emil Əskərov) əsərlərinin də məşqləri davam etdirilir. Cari mövsümün sonunadək bu tamaşaları sənətsevərlərin ixtiyarına verməyi nəzərdə tutmuşuq.

Bundan əlavə, sentyabrın sonlarından – artıq yeni mövsümdə repertuar planından kənar rumın yazıçısı Matey VişnekinBu ölkə sənin qədrini bilirpyesinin motivləri əsasında “Telefon aparatı”, M.Bulqakovun “Ağıldankəm Jurden”, Hüseyn Cavidinİblisin intiqamı” kimi əsərlər üzərində də işləməyi düşünürük.

Teatrımızın yubileyi ilə əlaqədar müəyyən planlarımız var. O cümlədən teatrımızın aparıcı səhnə ustaları, Xalq artistləri Qabil Quliyevin və Böyükxanım Əliyevanın, aktrisa Şahrud Mehdiyevanın səhnə fəaliyyətlərinin 50 illiyini qeyd edəcəyik. Teatrımızın 50 illik yubileyi şərəfinə Lənkəranda teatr festivalının keçirilməsini də nəzərdə tutmuşuq.

Kollektiv qastrol səfərlərinə də böyük önəm verir. İyun ayından etibarən “Heydər Əliyev İli” və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə layihə çərçivəsində teatrımızın truppası rayonun yaşayış məntəqələrini gəzəcək, tamaşa və əyləncəli proqramlarla çıxış edəcək. “Heydər Əliyev İli” çərçivəsində teatrın repertuarında yer alan mərhum yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin “Prokuror” (quruluşçu rejissorlar Oruc QurbanovAnar Babalı) tamaşası ilə respublikamızın bölgələrinə qastrol səfərinə çıxmaq niyyətindəyik.

 

Ağaddin Babayev

Lənkəran Dövlət Dram Teatrının ədəbi-dram hissə rəhbəri

Mədəniyyət.- 2023.- 26 may.- S.4.