Bölgələrdən müxtəlif səpkili xəbərlər

 

Gəncə şəhər MKS-nin 15 saylı kitabxana filialında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” alleqorik poeması əsasında hazırlanmış nağıl-tamaşa nümayiş olunub. M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin 4-cü sinif şagirdləri tərəfindən nümayiş olunan tamaşadan sonra səhnə işinin müzakirəsi aparılıb.

Yevlax şəhər Heydər Əliyev Mərkəzində “Ailədaxili zorakılığa yox deyək!” adlı seminar keçirilib. Şagirdlərə ailədaxili zorakılığın fəsadları, ailədə böyüyən uşaqlara psixoloji təsirləri barədə ətraflı məlumat verilib.

Qazax şəhər 1 nömrəli Musiqi məktəbində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa, digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib. Qeyd olunub ki, narkotik vasitələrdən istifadə insanı gələcəyindən məhrum, cəmiyyətdən təcrid ediro, bu bəladan qurtula bilmir. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Şirvan şəhər Uşaq musiqi məktəbində “İriformalı əsərlərin təhlili və ifası” mövzusunda klassik musiqi axşamı keçirilib. Şagirdlər Motsart, Bax, Haydn, Bethoven və digər bəstəkarların əsərlərini təhlil və ifa ediblər.

Hacıqabul şəhər Uşaq musiqi məktəbində “1 incilər” adlı konsert proqramı təşkil olunub. 1-ci sinif şagirdləri bir-birindən maraqlı musiqi və rəqs nömrələri ilə çıxış ediblər.

Ağdaş Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə qalereyanın tərkibində fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinə toxuculuq təlimi keçirilib.

Yardımlı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişafKaryera Mərkəzi Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “ ölümə yox deyək!” adlı tədbir keçirilib. Çıxışlarda bütün dünyanı ağuşuna alan narkomaniyanın yaratdığı fəsadlardan, həmçinin bu bəladan qurtulmaqda təbliğatın önəmindən bəhs olunub.

 

Mədəniyyət.- 2023.- 26 may.- S.4.