“Ulu öndər mənə
“qızım” deyərdi...”
Ofeliya Sənani. Bu adı eşidəndə insanların siması işıqlanır, üzünə təbəssüm qonur. Onu hələ kiçik yaşlarımızdan Azərbaycan Televiziyasında aparıcısı olduğu uşaq verilişlərindən sevmişik. İncə davranışı, məlahətli nitqi, efirdən evlərə ötürdüyü müsbət enerji ilə...
Görkəmli diktor, Xalq artisti Ofeliya Sənani ilə ad günü ərəfəsində görüşdük. 26 may günü dünyaya gələn aktrisanı təbrik etdik, “İlk Prezident təqaüdçüləri” rubrikamız üzrə Ulu öndərlə bağlı xatirələrini dinlədik.
Ofeliya xanım ötən illərə kövrək duyğularla səyahət edir. Hər cümləsində bir nisgil, səsində titrəyiş hiss edirik. Böyük sevgi ilə danışır Ulu öndər haqqında. Ən xoş, ülvi xatirələrin işığında yaşadığı unudulmaz illəri yada salır: “Ulu öndər televiziyanı və bizi çox sevərdi. Əsas bayramlarda gələrdi, xalqımıza təbriklərini çatdırardı. 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Teleteatra yığışardıq. Məktəblilər də o tədbirdə iştirak edərdi, bütün oturacaqlar dolu, hamının əhvalı gözəl olardı. Gəlməzdən əvvəl həmişə deyərdi ki, mənə üç yer saxlayın, qızlarım da yanımda əyləşsin. Qızlarım deyəndə məni və Roza Tağıyevanı nəzərdə tuturdu. Bizi həmişə yanında əyləşdirərdi. Məktəbliləri təbrik edib bizimlə söhbətə başlayardı.
Bir dəfə dönüb dedi niyə əyləşmisiniz, durun bir rəqs edək, oynaya bilmirsiz? Birinci Roza qalxdı. Yer darısqal idi, uşaqlar, səhnə və s. Qalxdı, Roza ilə başladılar rəqsə. Bir də baxdı mən yoxam, sən niyə oturmusan, yoxsa bizimlə rəqs etmək istəmirsən? Dedim cənab Prezident, sadəcə, yer darısqaldır, maneə olmaq istəmədim. Dur gəl, sənə də yer tapılar. Gəlib qarşımda dayandı. Həmin kadrlar tez-tez nümayiş olunur. Rəqs edəndən sonra məndən rəqs müəllimimin kim olduğunu soruşdu. Dedim özüm öyrənmişəm. Yəni bizimlə hər zaman ata-bala söhbəti edərdi. Elə qayğımıza qalar, elə mehribanlıq göstərərdi ki. Bildirirdi ki, bir probleminiz oldu, mənə deyin. Hətta deyirdi utanmayın, nə sözünüz olsa, Prezident Aparatına gəlin. Bəzən zarafat edir, bizləri güldürürdü. Mənə deyirdi sən bütün gün ekrandasan, evdə yemək bişirmirsən? Nə vaxt televiziyaya iclasa gəlsəydi, mütləq soruşardı mənim qızlarım hanı, çağırın onları gəlsinlər.
Bir dəfə iş yerində görüşdüm onunla. Məni mehribanlıqla qarşılayıb problemlərimi xəbər aldı. Biz İçərişəhərdə yaşayırdıq. Validin (ömür-gün yoldaşı, görkəmli diktor Valid Sənani – red.) evinin şəraiti yox idi. Onda qızımın 5 yaşı var idi. Çarpayı qoymağa yerimiz yox idi, uşağı stolun üzərində yatırdırdım. Ulu öndər bundan xəbər tutanda bizə gözəl bir mənzil hədiyyə etdi. Məşhur “Cücələrim” kafesinin üstündə yerləşən evin pəncərəsi bulvara açılırdı. O evdə çox gözəl günlərimi yaşamışam...
Ofeliya xanım həmin mənzili sonradan dəyişməyini ürək yanğısı ilə xatırlayır. Deyir 1990-cı illərin ağrılı günləri, 20 Yanvar hadisələri və sonrakı illərin ağrı-acısı həmin evdən çıxmasına səbəb olub.
Deyir hər dəfə Heydər Əliyevin məzarını ziyarət edəndə göz yaşlarımı saxlaya bilmirəm: “O, böyük insan idi. Əməyi qiymətləndirən, hər sahəyə diqqətlə yanaşan insan idi. Fəxri ad da, təqaüd də verib. Validə də “Əməkdar jurnalist” adı vermişdi”.
Müsahibim “Xalq artisti” fəxri adını alanda Ümummilli liderlə görüşünü də xoş duyğularla yada salır. “Fəxri ad üçün siyahı Heydər Əliyevə təqdim olunanda mənim adımın orada olmadığını görüb əlavə etdirmişdi. Prezident təqaüdü veriləndə də eyni hal yaşanmışdı. Nə yaxşı ki, Azərbaycan xalqının belə bir şəxsiyyəti varmış. Hərdən həmin vaxtlara qayıtmaq istəyirəm. Hətta səhhətimdə problem yarananda da mənə dəstək oldu. Beynimə qan sızdı, xəstəxanada yatmalı oldum. Müalicəmin nəzarətdə saxlanılması ilə bağlı tapşırıq vermişdi. Həmin dövrdə “Gəl, səhərim” verilişini aparırdım. Sən demə, verilişi izləyirmiş. Məni görmədiyi üçün zəng vurub xəbər alanda xəstələnməyimi demişdilər...”.
Qeyd edək ki, Ofeliya Sənani Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirib. Məşhur diktor Gültəkin Cabbarlının yetirməsidir. 1959-1975-ci illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən bu yaxınlaradək Azərbaycan Televiziyasında diktor işləyib. 1960-1990-cı illərdə eyni zamanda “Azərbaycanfilm” kinostudiyasının Dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanını səsləndirib. Özü də bir neçə kinofilmdə çəkilib.
Lalə Azəri
Mədəniyyət.- 2023.- 26 may.- S.5.