Qırğızıstanda “Dünya
xalqlarının dastanları” festivalı keçirilib
Qırğız Respublikasının Oş şəhərində qırğız yazıçısı Çingiz Aytmatovun 95 illik və qazax yazıçısı Muxtar Auezovun 125 illik yubileylərinə həsr olunmuş VII Beynəlxalq “Dünya xalqlarının dastanları” Festivalı keçirilib.
Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi, MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, “Manas” və Çingiz Aytmatov Milli Akademiyası, “Art-Araba” İctimai Fondunun təşkilatçılığı ilə 17-20 may tarixlərində gerçəkləşən festivala 20-dən çox ölkədən elm, mədəniyyət və yaradıcılıq təşkilatlarının nümayəndələri qatılıb.
Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da təmsil olunub. Fonddan bildirilib ki, festival çərçivəsində “Zaman və məkanda dastançının mətni” beynəlxalq elmi-praktik simpoziumu, sənətkarlıq və xalq yaradıcılığı sərgisi, rəvayətçilərin və dastançıların müsabiqəsi, eləcə də “Mədəni müxtəlifliyin paradı” adlı teatrlaşdırılmış qala-konsert təşkil olunub.
Simpoziumda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri
Mirbek Karıbayev də
çıxış edib. Tədbirdə
azərbaycanlı manasşünas Adil Cəmilin Beynəlxalq Türk
Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş “Manas eposu və türk
dastançılıq ənənələri” kitabının
təqdimatı keçirilib. Təqdimatda
çıxış edən tanınmış türkoloq, tarix üzrə
elmlər doktoru Süleyman
Kayıpov kitabın “Manas” dastanına yeni və zəruri yanaşmanı ifadə etdiyini və geniş oxucu kütləsi üçün
nəzərdə tutulduğunu diqqətə
çatdırıb. Simpoziumda 20-dək
ölkədən 60-a yaxın alim iştirak edib.
Mədəniyyət.- 2023.- 26 may.- S.8.