“Heydər Əliyev və musiqi
mədəniyyəti”
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabı çapdan çıxıb.
Mayın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında yeni nəşrin təqdimat mərasimi keçirildi. Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, tanınmış musiqi xadimləri iştirak edirdilər.
Tədbiri Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri Xalq artisti Firəngiz Əlizadə açdı. Bildirdi ki, Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər həyata keçirir. Ümummilli liderin musiqi və mədəniyyət sahəsinə diqqətinə həsr olunan bir neçə elmi konfrans təşkil edilib. “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabı da yubiley ilinin növbəti layihələrindən biridir.
Heydər Əliyevlə bağlı xatirələrini dilə gətirən Firəngiz Əlizadə qeyd etdi ki, Ulu öndərin musiqiçilərə göstərdiyi qayğı və diqqət musiqi tariximizə yeni-yeni əsərlər bəxş edib. Çünki o, qayğısı ilə yanaşı, öz dəyərli tövsiyələri ilə də bəstəkarlarımıza, ifaçı və musiqişünaslara düzgün istiqamət verib. Bu mənada Heydər Əliyevin 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayındakı məruzəsinin yer aldığı nəşr bəstəkarların masaüstü kitabıdır. Heydər Əliyev bəstəkarlarla görüşlərində hər zaman deyirdi: “Mahnı janrı gözəldir, duyumludur, lakin mən istərdim ki, bizim bəstəkarlar irihəcmli əsərlər, operalar, baletlər yazsınlar və dünyada təbliğ olunsunlar”.
ABİ-nin sədri Heydər Əliyevin Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev kimi görkəmli bəstəkarlarla olan səmimi dostluq münasibətlərindən, musiqi janrlarına xüsusi diqqət yetirməsindən də söz açdı.
Musiqişünas Səadət Təhmirazqızı müəllifi olduğu kitab haqqında məlumat verdi, Heydər Əliyevin mədəniyyət sahəsinə olan diqqət və qayğısı barədə danışdı. Dedi ki, kitab Azərbaycanın musiqi ictimaiyyəti adından Ümummilli liderin 100 illiyinə töhfədir. Belə bir ədəbiyyat bu günün və gələcəyin musiqiçiləri üçün masaüstü kitab olacaq. Müəllif nəşrin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirdi.
Kulturoloq, professor Fuad Məmmədov “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda çıxışında qeyd etdi ki, Ulu öndərin mədəniyyətimizə, musiqimizə sonsuz vurğunluğu bu sahədə çalışanları hər zaman yeni yaradıcılıq axtarışlarına ruhlandırıb. Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir mədəniyyət siyasətindən söz açan kulturoloq bu siyasətin aparıcı istiqamətinin keçmişi, milli mədəni sərvətləri qoruyub saxlamaq, indinin müsbət nailiyyətlərini dəstəkləmək və inkişaf etdirməkdən ibarət olduğunu dedi. Vurğulandı ki, Ulu öndərin digər sahələrdəki kimi, dahiyanə uzaqgörənliyi, mükəmməl bilik və bacarığı mədəniyyət sahəsində də dərin və silinməz iz qoyub.
Kitabın redaktorları – sənətşünaslıq üzrə fəlsəfə doktorları Leyla Zöhrabova və Jalə Qulamova nəşr haqqında fikirlərini bölüşdülər, Heydər Əliyevin Azərbaycan bəstəkarları ilə münasibətlərindən bəhs etdilər.
Bədii hissədə Ulu öndərin musiqi xadimləri ilə görüşlərini əks etdirən videokadrlar nümayiş olundu. Əməkdar artist Ramil Qasımov Heydər Əliyevin sevimli mahnıları silsiləsindən Müslüm Maqomayevin “Azərbaycan”, Cahangir Cahangirovun “Alagöz” mahnılarını ifa etdi. Xalq artistləri Ülviyyə Hacıbəyova və Yeganə Axundova Soltan Hacıbəyovun “Uvertüra”sını təqdim etdilər. Xalq artisti Firəngiz Əlizadənin xor və simfonik orkestr üçün “Zəfər marşı” əsərinin Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında lent yazısı nümayiş olundu.
Lalə
Azəri
Mədəniyyət.- 2023.- 26 may.- S.2.