“Əsrlər boyu
xalqların dostluğu”
Krasnoyarskda Heydər Əliyevin 100 illiyi münasibətilə konsert
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrlər boyu xalqların dostluğu” adlı konsert keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir Rusiyanın Sibir və Uzaq Şərq regionu üzrə ən böyük konsert müəssisəsi olan Krasnoyarsk Diyar Filarmoniyasında təşkil edilib. Krasnoyarskdakı “Azərbaycan milli-mədəni muxtariyyəti” regional ictimai təşkilatının təşəbbüsü, diyar qubernatorunun dəstəyi, ölkəmizin Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Mədəniyyət Nazirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin iştirakı ilə təşkil edilən tədbir Azərbaycan mədəniyyəti günləri çərçivəsində gerçəkləşib.
Tədbirdən əvvəl Krasnoyarsk diyarı qubernatorunun müavini vəzifəsini icra edən Vasili Nelyubin Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Azərbaycan və Rusiya xalqları arasında mədəni əlaqələr, dostluq və diasporlararası münasibətlər müzakirə olunub.
Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirin Krasnoyarsk hökumətinin dəstəyi ilə keçirilməsinin yüksək qiymətləndirildiyini bildirib. Nazir müavini mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində müvafiq addımların atılmasının zəruriliyini diqqətə çatdırıb.
Rusiyadakı səfirliyimizin müşavir-elçisi Aqşin Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi T.Səfərov çoxlu sayda soydaşımızın yaşadığı Krasnoyarsk şəhərində Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsinin əhəmiyyətini vurğulayıblar.
Krasnoyarsk rəhbərliyinə səfirliyik adından Heydər Əliyevin “Rusiyada ruhumun bir parçası var” fotoalbomu və “Qarabağ işğaldan əvvəl və sonra” kitabı, Azərbaycanın milli və mənəvi dəyərlərini əks etdirən xatirə hədiyyələri təqdim olunub.
Konsert zamanı Krasnoyarsk diyarı qubernatorunun müavini vəzifəsini icra edən Vasili Nelyubin və Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış edərək iki ölkənin mədəni irsinin qarşılıqlı olaraq təkcə paytaxtlarda deyil, həm də regionlarda yayılmasını müasir mədəniyyət əməkdaşlığının fəqrləndirici xüsusiyyəti kimi səciyyələndiriblər. Vaxtilə Heydər Əliyevin SSRİ-nin rəhbər şəxslərindən biri kimi Sibirin ən mühüm nəqliyyat arteriyası olan Baykal-Amur magistralının tikintisinin həyata keçirilməsinə və SSRİ-də sənaye, maşınqayırma, təhsil və mədəniyyətin inkişafına əvəzsiz töhfələr verdiyi xatırlanıb.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından diyar rəhbərliyinə və təşkilatçılara ünvanlanmış təşəkkür məktubu oxunub. Müraciətdə ölkələrimiz arasında hərtərəfli əlaqələrin möhkəmlənməsində Heydər Əliyevin rolu qeyd olunub.
Konsert proqramında Krasnoyarsk diyarı incəsənət
ustalarının, o cümlədən
soydaşlarımızdan ibarət rəqs heyətinin
ifasında maraqlı repertuar təqdim edilib. Tədbir çərçivəsində
Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə
həsr edilmiş fotosərgi də nümayiş olunub.
Mədəniyyət.- 2023.- 26 may.- S.5.