23 aylıq, 105 yaşlı Cümhuriyyət
Üçrəngli bayrağınla məsud
yaşa!...
Mayın 28-də Azərbaycanın istiqlal və istiqbal düşüncəli aydınlarının xalqımızın və ümumilikdə müsəlman Şərq dünyasının tarixinə bəxş etdikləri ilk Cümhuriyyətin yaranmasının 105 ili tamam olur. Bu günü tariximizə bəxş edən, yox yerdə bir dövlət bina edənləri bir daha minnətdarlıqla yada salırıq.
Cümhuriyyətimiz o dövrün regional və beynəlxalq siyasi reallıqları şəraitində cəmi 23 ay ömür sürsə də, tariximizdə silinməz izlər qoydu. 70 illik sovet ideologiyası bu izlərin üstünü örtsə belə...
İyirmi səkkizində idi Mayısın,
Azərbaycan istiqlalə ermişdi...
Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadə onun süqutundan illər sonra nisgilini ifadə edərkən gələcəyə ümidini də itirməmişdi. 1918-ci ildə səpilən istiqlal toxumunun bir gün təkrar cücərəcəyinə inanırdı...
Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən yarınki bir baharda
Əlbət bitər bir yeni Azərbaycan.
“Biz Azərbaycanın 1918-ci ildə yaranmış ilk müstəqil Xalq Cümhuriyyətinin varisiyik. Bu müstəqillik Azərbaycan xalqının istiqlal arzusu ilə yaşayan vətənpərvər insanlarına, 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və bir çox başqalarının yaratdığı Xalq Cümhuriyyətinə bizim tərəfimizdən, bugünkü nəsillər tərəfindən ucaldılmış böyük bir abidədir” – müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev Cümhuriyyətin tariximizdəki yerinə qiyməti bu sözlərlə vermişdi.
Cümhuriyyətin varisi olan Azərbaycan Respublikası özünün ən böyük bayramını artıq üçüncü ildir sərhədləri bütöv, suveren haqlarını, güc və qüdrətini dünyaya nümayiş etdirmiş dövlət kimi qeyd edir.
“Müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər” – Prezident, Ali Baş Komandan İlham Əliyevin bu sözləri Ordumuzun rəşadəti, şəhid və qazilərimizin canı-qanı bahasına qazanılan Zəfərin təntənəsində tarixi anlam kəsb edir.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
İstiqlal bayramımız
– Müstəqillik Günümüz
mübarək!
Mədəniyyət.- 2023.- 26 may.- S.1.