Ənənə və varislik
Üzeyir Hacıbəyli, Qara Qarayev, Firəngiz
Əlizadə...
Hər hansı bir bəstəkarlıq məktəbindən danışarkən mütləq o məktəbin ənənə və varisliyini izləmək lazımdır. Bu baxımdan yazını Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylidən başlamaq istərdim. Çünki Azərbaycan bəstəkarlıq məktəbi onun yaratdığı, yetişdirdiyi və həyata vəsiqə verdiyi istedadlı gənclərdən ibarət olub, bu gün də bu məktəb Ü.Hacıbəyli ənənələrini davam etdirir. Ü.Hacıbəyli yaradıcılığından danışarkən hər zaman “ilk” sözünü işlədirik. İlk opera, ilk operetta, ilk xor kollektivi, ilk professional bəstəkarlıq məktəbi və bu məktəbin ilk nümayəndələri olmuş Ağabacı Rzayeva, Hökumə Nəcəfova, Qara Qarayev, Cövdət Hacıyev və başqaları.
Ü.Hacıbəylinin uzaqgörənliyi ondan ibarət idi ki, o, gənclərin tam professional təhsili üçün onların yollarını açmış, Q.Qarayev və C.Hacıyevi təhsillərini davam etdirmək üçün Moskva Konservatoriyasına Dmitri Şostakoviçin sinfinə göndərmişdir. Lakin ondan öncə öz tələbələrinə həmişə Azərbaycan folkloruna, muğamına, xalq musiqisinə sadiq qalmağı tövsiyə etmişdir. Hətta sevimli tələbəsi olan A.Rzayevaya verdiyi tövsiyəsi də “sən xalqın dilində yaz, onda xalq da səni sevər” sözləri olmuşdur.
Q.Qarayev də öz ustadının yolundan gedərkən 1969-cu il “Sovetskaya kultura” jurnalının 29 yanvar nömrəsində yazırdı: “Deyirlər ki, folklor bitməyən, tükənməyən bir bulaqdır, nə qədər bu bulaqdan istifadə etsən, ardı gələr. Bu, düzgün bənzətmə deyildir. Əgər bənzətməyə qalsa, mən xalq musiqisini dərin layları, süxurları olan neft yatağına bənzədərdim. Hər kəs bu layların üst qatlarına baş vurub bir şeylər götürmək istəyir. Gəlin, bu zəngin xəzinənin dərin qatlarına baş vuraq. Nə qədər ki, üst qatlardan asanlıqla istifadə etsək, bu ona gətirir ki, kiçik dar çərçivə olan intonasiyalar, dönmələr bir əsərdən digər əsərə keçərək təkrara, bəsitliyə yol açar...”.
Böyük ustad Azərbaycan musiqisinin gələcək inkişaf yollarını müəyyənləşdirərək, öz həmkarları və tələbələrini durmadan axtarmaq, irəliyə doğru hərəkət etməyə çağırırdı. Bəstəkarın yaradıcılığında bu inkişaf yolları özünün ali zirvəsini III simfoniyada tapmışdır.
Təsadüfi deyil ki, musiqişünas alim M.Aranovski özünün “Simfonik axtarışlar” adlı fundamental tədqiqatında Q.Qarayevin III simfoniyasının əsas uğurunu elə onun milli əlaqələrinin birliyində görür.
Qeyd edək ki, seriya, serial texnikalar nə qədər düşünülmüş, ölçülüb-biçilmiş tərzdə istifadə olunsa da, variantlılığın tətbiqi üçün geniş imkanlar açır. Bu isə elə Azərbaycan muğamına, musiqi folkloruna xas variantlılıqdır. Aleatorika da öz improvizasiya imkanları ilə Azərbaycan musiqisinin təbiətinə daha çox uyğun gəlirdi.
Əlbəttə ki, Ü.Hacıbəylinin, Q.Qarayevin xələfi olan Firəngiz Əlizadə müəlliminin çağırışına biganə qala bilməzdi. Ələlxüsus da müəllimi Q.Qarayev sinfindəki tələbələr arasında məhz ona inanaraq müasir yazı texnikası ilə əsər yaratmağa icazə vermişdir. Bunu biz onun Alban Berqin xatirəsinə yazdığı sonatadan bilirik.
Avanqard musiqisinin nailiyyətləri Şərq musiqisinin əsas xüsusiyyətləri ilə həmahəngdir desək, yanılmarıq. Tembr sonorluğu, metrik periodikliyin yoxluğu, məxsusi modal, qeyri-temperasiyalı səs yüksəkliyi sistemləri, materialın sərbəst improvizasiyası, formanın fasiləsizliyi və s. Avanqard musiqinin bütün bu xüsusiyyətləri, əslində, Azərbaycan ənənəvi musiqisini əsaslandırmaq üçün uğurla istifadə etməyə gözəl bir vasitə ola bilir. Bir sözlə, müasir musiqini təşkil edən bu elementlərin bir qismi milli musiqinin, folklorun dərin qatlarında əsrlər boyu qorunub saxlanılmışdır və biz bütün bu yuxarıda söylədiyimiz fikirlərin təsdiqini F.Əlizadənin əsərlərinə diqqət yetirəndə görürük.
Muğama kifayət qədər yaxşı bələd olan F.Əlizadə bu inciyə müraciət edəndə onu bəstəkarlıq texnikasının müasir növləri ilə sıx birləşdirir. Müəllimi Q.Qarayevin dediyi kimi, folklorun, muğamın dərin qatlarına baş vurub oradan nadir inciləri tapıb çıxartmağı bacarır. Bu, bəstəkarın “Muğamsayağı”sında, simli kvartetində, violonçel üçün “Habilsayağı”sında və digər əsərlərində öz bariz nümunəsini tapır.
Violonçel və fortepiano üçün “Habilsayağı” kompozisiyasının premyerasından 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu əsər hələ də öz konsert həyatını davam etdirməkdədir. Bəstəkarın 1993-cü ildə yazdığı “Muğamsayağı” simli kvarteti “Habilsayağıdan” 14 il sonra ərsəyə gəlib. Bu əsərləri mən dulogiya adlandırardım. Əgər “Habilsayağı”da bəstəkar ilk muğam və avanqard eksperimentlərini aparıb, violonçeli tək buraxıb, fortepiano müşayiətində dinləyiciyə çatdırırdısa, artıq “Muğamsayağı” çox maraqlı bir tərkibdə təqdim olunur. Simli kvartetə zərb aləti və lent yazısı əlavə olunmaqla ilahi muğam intonasiyaları fəlsəfi düşüncələrlə səhnəni öz ağuşuna alır. “Habilsayağı”dan fərqli olaraq, əsərdə muğam sitat şəklində bütün hissə heç bir yerdə keçmir. Amma ilahi muğam intonasiyaları müasir musiqi diliylə sintezə girərək qarşımıza unikal bir kompozisiya çıxardır. Hər iki əsəri dinləyərkən “Habilsayağı”dan “Muğamsayağı”ya F.Əlizadənin qələminin necə də kamilləşməsinin şahidi oluruq. Baxmayaraq ki, sevdiyi alət olan violonçel ansamblın tərkibindədir, onlarla bütün əsər boyu dialoqa girir, lakin sonunda o yenə də təkdir, əsərin əvvəlində gəlib, eləcə də əsəri bitirir.
Ü.Hacıbəylinin xələfi və Q.Qarayevin tələbəsi olan F.Əlizadənin yaradıcılığı, onların dediyi kimi, xalq kökünə bağlı bir yoldur. Bu baxımdan muğam intonasiyaları bəstəkarın hər bir əsərinin qayəsini təşkil edir. Belə əsərlərdən biri də 2000-ci ildə Çikaqoda dünya premyerası olan “Dərviş” əsəridir ki, burada görkəmli muğam ustası Alim Qasımovun da iştirak etdiyi bu möhtəşəm kompozisiyaya Azərbaycanın milli alətləri ney, qanun və s. əlavə olunmuşdu. İmaməddin Nəsiminin sözləri, muğam avazı, sufi dünyası və Qərb alətləri violonçel, violin, viola ilə qeyri-adi bir kompozisiya yaradan bəstəkar deyirdi ki, əgər “Habilsayağı” 1979-cu ildə yazılıbsa, Yo-Yo-Ma layihəsi üçün axırıncı əsər “Dərviş” 21 il aradan sonra qələmə alınıb. Birinci və axırıncı əsər arasında mən də muğamın sirlərini öyrənmək üçün öz uzun yolumu keçdim.
Maraqlıdır ki, Firəngiz xanımı xarici ölkələrdə Q.Qarayevin tələbəsi, D.Şostakoviçin xələfi kimi də təqdim edib, konsert proqramlarını bu tandem üzərində qururlar. Hələ 2011-ci ildə Fransada fəaliyyət göstərən Dmitri Şostakoviç Fondunun təşkilatçılığı ilə “Azərbaycana səyahət” devizi altında təşkil olunan konsertdə “D.Şostakoviç, Q.Qarayev və F.Əlizadə” başlıqlı proqram yer almışdı. Parisin məşhur “Adyar” konsert salonunda gerçəkləşən (23 noyabr) bu tədbirin qayəsi dahi müəllimdən istedadlı tələbəyə nəsillərin qovuşmasını, klassisizmdən müasirliyə gedən yolu göstərmək idi.
Fondun rəhbəri, məşhur bəstəkarın həyat yoldaşı İrina Şostakoviçin təşkil etdiyi konsertin proqramı da maraqlı tərtib olunmuşdu. İki hissədən ibarət olan konsertin hər hissəsindən sonra D.Şostakoviçin əsərləri ifa olunurdu. Konsertdə Q.Qarayevin “Fortepiano və violin üçün sonata”sı, F.Əlizadənin “Music for piano”, “Habilsayağı” və “Crossinq-II” əsərləri ifa olunmuşdu.
İngiltərənin məşhur “Laghthouse, Poole” konsert səhnəsində “Şərqin səsləri” adlı proqram yenə də – Şostakoviç, Qarayev, Əlizadə – üç görkəmli bəstəkarın əsərlərinə həsr olunmuşdu. Şostakoviçin 12-ci simfoniyasının yanında iki Azərbaycan bəstəkarı – müəllim və tələbənin Nizami yaradıcılığına həsr olunmuş əsərləri məşhur dirijor Kiril Karabisin rəhbərliyi ilə ifa olunmuşdu. Q.Qarayevin “7 gözəl” baletindən süita və gecənin dünya premyerası olan F.Əlizadənin “Nizami Cosmology” böyük müvəffəqiyyətlə qarşılanmışdı.
F.Əlizadənin bütün yaradıcılığı Ü.Hacıbəylinin yolu, müəllimi Q.Qarayevin tövsiyələri üzərində qurulub və heç kimə bənzəməyən, fərdi dəst-xətti olan yoldur. Məhz buna görə də F.Əlizadənin əsərləri müəllif möhürü olan, Azərbaycan bəstəkarlıq məktəbini bütün dünyada tanıdan və incəsənətimizin başını ucaldan əsərlərdir.
Ü.Hacıbəyli və Q.Qarayevə olan məhəbbətini göstərərək F.Əlizadə 1985-ci ildə “Qobustan” incəsənət toplusunda yazdığı məqaləsində iki dahi insanın yaradıcılığını və insani xüsusiyyətlərini geniş təhlil etmişdi. Məqalədə oxuyuruq: “Bu dahi insanların adlarını bir-birinə bağlayan xüsusiyyətlər çoxdur. Onlardan bəziləri aşkar görünür: müəllim-tələbə münasibətindəki insani xüsusiyyətlər, biri pərəstiş edilən, digəri pərəstiş edən və nəhayət, bir məqsəd uğrunda mübarizə aparan həmkarlar”.
Q.Qarayev və F.Əlizadənin münasibətləri də Azərbaycan musiqisinin inkişafı naminə eyni amala, eyni məqsədə xidmət edən müəllim-tələbə münasibəti olub. Q.Qarayevi özünə mənəvi ata bilən F.Əlizadə onun yolunu davam edərək Azərbaycan musiqisini dünya üfüqlərinə, beynəlxalq aləmdə tanıtmaqla Ü.Hacıbəylinin də “Avropa musiqisi kimi Şərq musiqisi də ən qabaqcıl yerlərdən bitini tutacaq” arzusunu yerinə yetirmişdir.
Özünü hər zaman Ü.Hacıbəyli-Q.Qarayev məktəbinin nümayəndəsi hesab edən F.Əlizadənin sözləri ilə bu yazını tamamlamaq istərdim. 2007-ci ildə qəzetlərdən birinə müsahibəsində o, “Sizin bir bəstəkar kimi formalaşmağınızda Azərbaycan bəstəkarlarından kimlərin rolu olmuşdur” sualına belə cavabı vermişdi: “Bu suala cavab verərkən, təbii ki, ilk olaraq Üzeyir bəyin adını çəkmək lazımdır. Musiqisinin xarakterinə görə onu ancaq Motsartla müqayisə etmək olar... Üzeyir bəyin dahiliyi ondadır ki, janrından asılı olmayaraq onun zəif əsəri yoxdur. Üzeyir bəy kimi bir insanın olması Azərbaycan xalqının xoşbəxtliyidir. Q.Qarayev isə mənim üçün təkcə sənət müəllimi deyil, o həm də mənə mənəvi ata olub...”.
Aytac Rəhimova
Bakı Musiqi
Akademiyasının professoru, sənətşünaslıq
doktoru
Mədəniyyət.- 2023.- 26 may.- S.7.