Maraqlı ekran personajları
ilə xatırlanan sənətkar
Diqqətəlayiq ekran obrazları ilə yaddaşlarda iz qoyan sənətkarlarımızdan
biri də tanınmış kino aktyoru, teatr rejissoru Əkbər Fərzəliyev olub. Kinoya təsadüfən gəldiyini etiraf edən sənətkar ilk kino obrazı
olan Aydın rolu ilə (“Qızmar günəş altında”) kinosevərlərin
sevimlisinə çevrilib.
Aktyoru Azərbaycan kinosunun 125 illiyi münasibətilə yada saldıq.
Əkbər Fərzəli oğlu Fərzəliyev 1 oktyabr
1932-ci ildə Qusar rayonunun Köhnə Xudat kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra 1953-cü ildə Pedaqoji İnstitutun Dil-ədəbiyyat
fakültəsinə daxil
olur. Sonradan Bakı Dövlət Universitetinin
Hüquq fakültəsinə
qəbul olunur. Hələ tələbə
ikən Azərbaycan Dövlət Dram Teatrının tamaşalarında
kütləvi səhnələrdə
çəkilişə dəvətlər
alır. Bu, gənc
Əkbərdə aktyorluğa
maraq oyadır. O, sonra “Azərbaycanfilm” kinostudiyasında aktyor və rejissor assistenti işləyir.
Kinoşünas, Əməkdar incəsənət
xadimi Aydın Kazımzadə Əkbər
Fərzəliyevlə bağlı
araşdırmasında yazır
ki, o, “Uzaq sahillərdə” filmində
əfsanəvi qəhrəman
Mixaylo roluna sınaq çəkilişlərinə
dəvət edilir. Bu rola əsas
namizədlərdən biri
olur. Ancaq rejissor Tofiq Tağızadə tanınmış
aktyor Nodar Şaşıqoğlunu bu
rola təsdiq edir.
Ə.Fərzəliyev kinoda yaddaqalan obrazlar yaradıb. Onun “Qızmar günəş altında”
filmində canlandırdığı
Aydın, “Koroğlu” filmində Eyvaz obrazları tamaşaçılar
tərəfindən maraqla
qarşılanıb. Onu
da deyək ki, aktyor 1961-ci ildə Rusiyada istehsalı olan “Al yelkənlər” bədii filmində dalğıc rolunda çəkilib.
Aktyor “Mənim
kino xatirələrim”
adlı memuarında kinoya gəlişinin təsadüfi olduğunu bildirir: “Bir qrup tələbə yoldaşımla kinostudiyada
çəkilən “Bəxtiyar”
filmində kütləvi
səhnələrdə çəkilmək
üçün dəvət
almışdıq. Sevincimdən
sanki uçurdum. Kino ekranında özümü görmək
mənə qəribə
və ecazkar gəlirdi... Sonra fotoqraf dostum məni Azərbaycan Dövlət Dram Teatrına apardı. Sən demə, o, hər axşam burada kütləvi səhnələrdə çıxış
edir və məvacib alırmış.
Məni də qəbul etdilər... İlk dəfə burada teatr sənətimizin
dahiləri Mirzəağa
Əliyev, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Əjdər
Sultanov, Rza Əfqanlı, Məlik Dadaşov, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Mərziyyə
Davudova, Məhluqə
Sadıqova, Möhsün
Sənani və başqalarını gördüm.
Onlarla salamlaşmağı,
çay stolu arxasında oturmağı
özümə böyük
fəxarət sayırdım”.
Onun teatr
sahəsində fəaliyyəti
çox davam etmir. Bu barədə
sənətkarın xatirəsində daha sonra oxuyuruq: “1956-cı ilin bir yaz
günü idi. Həsən Seyidbəyli və İmran Qasımovun “Uzaq sahillərdə” tamaşasını
yenicə qurtarmışdıq.
Kinostudiyanın rejissor assistenti Abdulla Vəkilov bildirdi ki, “O olmasın, bu olsun” filmi çəkilir. Üzeyir Hacıbəylinin obrazını
yaradacaq aktyor axtarırıq. Siz Üzeyir bəyə çox oxşayırsınız.
Mümkünsə, sabah
gəlin sizi quruluşçu rejissor Hüseyn Seyidzadəyə
təqdim edim...”.
Bu zaman aktyor Üzeyir bəyin həyat yoldaşı Məleykə
Terequlova ilə görüşür: “Hüseyn
müəllim, mən
və başqa bir nəfər maşına oturub yola düşdük. Qulluqçu bizi içəri dəvət
etdi. Hüseyn müəllim rusca məni təqdim etdi. Məleykə xanım üzümə diqqətlə baxıb: “Doğrudan da, Üzeyirimi mənə pay gətirmisiniz”, – dedi. Onların evindəki şəkillərin
əksəriyyətində mənim oxşar cizgilərim hiss olunurdu. Biz çıxanda
mənə uğurlar
dilədi...”.
Beləliklə, Ə.Fərzəliyev kinoda
ilk rolunu “O olmasın, bu olsun” filmində oynayır. O, 1963-cü ildə
kinematoqrafiya sahəsində
çalışdıqdan sonra
atasının xahişi
ilə burada Xalq teatrını yaradır və teatrın rejissoru olur. 1965-ci ildə rayon Mədəniyyət evinin direktoru təyin edilir. Bir il sonra
onun rəhbərliyi altında rayon Mədəniyyət evinin nəzdində Ləzgi mahnı və rəqs ansamblı təşkil olunur. Xalq teatrının “Qisas” tamaşası Bakıda özfəaliyyət
incəsənət festivalının
laureatı olur. O, həmçinin rejissor kimi “30 qəpiklik cərimə”, “Müqtədir”,
“Dağlar şahiddir”
tamaşalarına quruluş
verir. “Yarımın atası”, Şeyx Şamilin anadan olmasının 200 illiyi ilə bağlı “İmam Şamil” əsərləri Qusar Dövlət Ləzgi Dram Teatrında oynanılır.
Tanınmış aktyor poeziyaya bağlı olub, özü də şeirlər qələmə
alıb. “Pələng”,
“Baxışlar”, “Qusarım”,
“Hər şeydən şirin”, “Sınaq”, “Gəl barışaq”, “Zalım fələk”, “İntizar” və s. şeirlərin müəllifidir.
“İntizar” şeirini
1969-cu ildə Azərbaycan
Dövlət Mahnı
Teatrının sifarişi
ilə qələmə
alıb. Şeirə tanınmış bəstəkar
Ruhəngiz Qasımova
musiqi bəstələyib.
Azərbaycan kino sənətində iz qoyan Əkbər
Fərzəliyev 15 may
1999-cu ildə vəfat
edib.
Savalan Fərəcov
Mədəniyyət.-
2023.- 4 oktyabr.- S.7.