Batumidə Azərbaycan musiqisi gecəsi və fotosərgi

 

“Gürcü xalqının yaxın dostu olan Heydər Əliyevin xatirəsi qəlblərdə yaşayacaq”

 

Oktyabrın 2-də Gürcüstanın Batumi şəhərində (Acarıstan Muxtar Respublikası) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Batumi Musiqi Mərkəzində təqdim olunan “Azərbaycan muğamı gecəsi” adlı konsert Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ölkəmizin Gürcüstandakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə 10-cu Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalı çərçivəsində reallaşıb.

Tədbirdə çıxış edən Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalının təsisçisi, Gürcüstan Parlamenti Mədəniyyət komitəsinin sədri, UNESCO-nun “Sülh artisti”, məşhur pianoçu Elisso Bolkvadze dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsertin əhəmiyyətini vurğulayıb. Deyib ki, Azərbaycan xalqının Ümummilli lideri ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynayıb. Gürcü xalqının yaxın dostu olan Heydər Əliyevin xatirəsi qəlblərdə əsrlər boyu yaşayacaq.

Acarıstan Muxtar Respublikası Hökumətinin rəhbəri Tornike Rijvadze çıxışında bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanı fəlakətlərdən qurtarıb inkişaf yoluna çıxaran fenomen şəxsiyyət Heydər Əliyev Gürcüstan və ümumilikdə Qafqaz xalqları üçün də çoxlu işlər görüb. Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Batumidə belə bir konsertin təşkili bizim üçün qürurvericidir.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ikitərəfli əlaqələrin tarixinə nəzər salıb, müstəqillik dövründə Heydər Əliyevin səyləri nəticəsində ölkələrimiz arasındakı münasibətlərin yeni müstəvidə inkişaf etdiyini deyib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə elan edilən “Heydər Əliyev İli” çərçivəsində dünyanın bir sıra ölkələrində də yubiley tədbirləri keçirilir. Gürcüstanda da bu qəbildən tədbirlər ilin sonuna qədər davam edəcək.

Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadə də ölkələrimiz arasındakı dostluq münasibətlərindən söz açıb.

Sonra konsert proqramı təqdim olunub. Əməkdar artist, xanəndə Təyyar Bayramov və muğam qrupunun ifasında “Şur”, “Çahargah” muğam kompozisiyaları, xalq mahnısı “Sarı gəlin”, Cahangir Cahangirovun “Bana-bana gəl”, Əlibaba Məmmədovun “Min yaşasın”, Bəhram Nəsibovun “Qarabağ”, Rauf Hacıyevin “Azərbaycan” mahnıları səslənib.

Konsert proqramında Xalq artisti Salman Qəmbərov və onun rəhbərlik etdiyi “Bakustik Jazz” qrupunun, Əməkdar artistlər Nərgiz Əliyeva (fortepiano), Sahib Paşazadə (tar) və Ceyla Seyidovanın (violin) çıxışları böyük maraqla qarşılanıb.

Səhnədə quraşdırılmış ekranda Azərbaycan mədəniyyəti, incəsənəti, milli sərvətləri ilə yanaşı, doğma Şuşanın görüntüləri nümayiş etdirilib.

 

***

Həmin gün Batumi Musiqi Mərkəzində “Heydər Əliyev – 100. Firavanlığın memarı” adlı fotosərgi də açılıb.

Açılış mərasimində Acarıstanın hökumət başçısı Tornike Rijvadze, digər rəsmilər, parlament üzvləri, səfir Faiq Quliyev, baş konsul Pərviz İsmayılzadə, Türkiyənin Batumidəki baş konsulu, SOCAR-ın Batumidəki nümayəndəliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

10-cu Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalı çərçivəsində açılan sərgidə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, Gürcüstanın sabiq rəhbəri  Eduard Şevardnadze və dünyanın tanınmış siyasət, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotolar, eləcə də böyük siyasi xadimə həsr olunmuş kitablar nümayiş etdirilib.

 

***

Batumi festivalı Gürcüstanda UNESCO himayəsi altında keçirilən ən böyük mədəniyyət tədbirlərindən biridir. Festivalda çox rəngarəng bir proqram təqdim edilir və mədəni diplomatiya məsələlərinə böyük önəm verilir.

Bu fikri festivalın təsisçisi Elisso Bolkvadze deyib. O, festival çərçivəsində konsertin və sərginin ərsəyə gəlməsində Heydər Əliyev Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi və Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyini bir daha vurğulayıb. Həmçinin diqqətə çatdırıb ki, oktyabrın 7-də Azərbaycan, Gürcüstan, Ermənistan, Macarıstan və digər ölkələrdən gənc pianoçular eyni səhnəni bölüşəcəklər. Bu istedadların bayramı olmaqla yanaşı, həm də bütün dünyaya sülh mesajıdır.

Elisso Bolkvadze ötən həftə Bakıya səfəri çərçivəsində iki ölkənin parlamentlərinin Mədəniyyət komitələri arasında imzalanan əməkdaşlıq memorandumunun önəmini də vurğulayıb. Bildirib ki, sənəd ölkələrimiz arasında mədəni, humanitar əməkdaşlığa töhfə verəcək.

Xatırladaq ki, Elisso Bolkvadze Bakıya səfəri zamanı, sentyabrın 25-də Heydər Əliyev Mərkəzində musiqi proqramı ilə də çıxış edib.

 

Mədəniyyət.- 2023.- 4 oktyabr.- S.1;3.