“Könüllərin
şəhəri”ndə üç gün...
Və aylara yetəcək təəssürat
Xəbər verdiyimiz kimi, Türkiyənin mədəni
zənginliyini, tarixi abidələrini, hər bölgəsinin
özünəməxsus mətbəxini, gəzməli-görməli
yerlərini – bir sözlə, ölkənin mədəniyyət
və turizm palitrasını tanıtmaq məqsədilə
artıq üçüncü ildir “Türkiyə Mədəniyyət
Yolu Festivalları” adlı irimiqyaslı layihə həyata
keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə 2021-ci ildə əsası qoyulan layihə Cümhuriyyətin
100-cü ilində xüsusilə geniş proqramla İstanbul və
Ankara başda olmaqla ölkənin bir sıra şəhərlərini
əhatə edib.
“Türkiyə Mədəniyyət Yolu Festivalları –
2023”ün növbəti ünvanı sentyabrın 23-dən
30-dək Anadolunun qədim şəhərlərindən biri,
zəngin tarixi irsi ilə dünyada tanınan Konya oldu.
Mövlanənin şəhəri ona şöhrət gətirən
digər özəllikləri ilə yanaşı, həm də
mistik musiqinin görüşmə məkanı
sayılır. Bu il 20-ci dəfə gerçəkləşən
Beynəlxalq Konya Mistik Musiqi Festivalı da “Mədəniyyət
Yolu – 2023” çərçivəsində təşkil
edilmişdi. Konya Böyükşəhər Bələdiyyəsinin
ev sahibliyi və Türkiyə Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə gerçəkləşən
festivala ölkənin müxtəlif şəhərlərindən,
həmçinin xaricdən – Əlcəzair, Birləşmiş
Ərəb Əmirlikləri və Qazaxıstandan musiqi
qrupları qatılmışdı.
Mövləvi fəlsəfəsinin izlərini
daşıyan Konya mədəni keçmişi, bəşər
tarixinə işıq salan arxeoloji yerləri və muzeyləri,
memarlıq inciləri olan məscid və türbələri
ilə hər il yüz minlərlə yerli və əcnəbi
ziyarətçini qəbul edir. “Mədəniyyət Yolu –
2023”ün Konyadan keçdiyi həftə ərzində də
həm festival konsertlərini izləmək, həm də minilliklər
boyunca müxtəlif mədəniyyətlərə məkan
olmuş Konyanı gəzib-dolaşmaq üçün
dünyanın dörd bir yanından turistlər şəhərə
təşrif buyurmuşdu.
“Könüllərin şəhəri” Konyanın budəfəki
qonaqları arasında müxtəlif ölkələrdən
media mənsubları da vardı. Türkiyə Mədəniyyət
və Turizm Nazirliyinin nəzdində 2019-cu ildən fəaliyyət
göstərən Turizm Təşviqi və
İnkişafı Agentliyi (Turizm Tanıtım ve Geliştirme
Ajansı) – TGA-nın təşkilatçılığı
ilə Özbəkistan, Qırğızıstan,
Bosniya-Herseqovina, Macarıstan, Rumıniya və Serbiyadan bir, Azərbaycandan
iki nəfər (“Azernews” qəzetinin baş redaktorunun
müavini Elnur Ənvəroğlu və bu sətirlərin
müəllifi) – ümumilikdə səkkiz media təmsilçisi
25-29 sentyabr tarixlərində Konyaya səfər etdik.
Sentyabrın 25-i axşam saatlarında şəhərə
çatdığımızı, ayın 29-da isə səhər
erkən yola çıxdığımızı nəzərə
alarsaq, əslində, gəzib-görmək üçün
üç günümüz vardı. Amma bu üç
günün proqramı o qədər dolu idi ki, təəssüratı
aylara yetər. Buna görə təşkilatçı qurum
olaraq TGA-ya və bu günləri bizimlə birgə olan TGA mənsubu
Tarık Erenə (GoTürkiye PR komandası), həmçinin
səfərimizi bilgi bolluğu ilə təmin etmək
üçün əlindən gələni əsirgəməyən
konyalı bələdçimiz Mehmet Dönmezə bəri
başdan təşəkkür edirik.
***Adı dünyada Mövlanə (Məhəmməd Cəlaləddin
Rumi) ilə birlikdə anılan şəhərin tarixi məkanları
ilə tanışlığımız, təbii ki, Mövlanə
küçəsindəki Mövlanə Muzeyindən
başlamalı idi. Amma yolüstü muzeyin
yaxınlığında, küçənin qarşı tərəfində
yerləşən İplikçi camisi (məscidi
önündə dayandıq. 1212-ci ildə inşa edilən
cami Səlcuqlu dövrünün yadigarlarındandır. Tarixdən
məlum olduğu kimi, Konya şəhəri iki əsrə
yaxın Səlcuqlu dövlətinin paytaxtı olub. Sultan
Ələddin Keyqubadın hakimiyyəti (1220-1237) zamanında
xüsusilə inkişaf edib və Anadolunun ən böyük
şəhərinə çevrilib. 1277-ci ildə
Karamanoğlu Mehmet bəy Konyanı öz bəyliyinə
qatıb. Səlcuqlu dövlətinin süqutundan sonra şəhər
iki əsrə qədər də Karamanoğulları bəyliyinin
mərkəzi olub və bu arada yeni təşəkkül tapan
Osmanlı dövləti şəhəri bir neçə dəfə
nəzarət altına almağa çalışıb. Nəhayət,
1467-ci ildə Sultan II Mehmet (Fateh) Konyanı zəbt edərək
Karamanoğlu hakimiyyətinə son qoyub. Osmanlı
dövründə Konya öncə Karaman əyalətinin,
sonra Konya vilayətinin mərkəzi olub.
Səlcuqlu vəziri Şəmsəddin Altun Aba tərəfindən
inşa etdirilən İplikçi camisinin adı isə
zamanında bu yerdə iplik bazarının olması ilə
bağlıdır. 1273-cü il dekabrın 17-də vəfat edən
Mövlanə bu camidən son mənzilə yola salınıb
və yaxınlıqda (indi Mövlanə Muzeyi kompleksinin
olduğu yerdə), atası Bəhaəddin Vələdin məzarı
yanında dəfn edilib.
Küçə boyunca uzanan tramvay relslərinin üzərindən
adlayıb muzeyin həyətinə daxil oluruq. Ayaqüstü bələdçimizdən
onu da öyrənirik ki, Konyada tramvay nəqliyyatı nisbətən
yenidir, ilk xətt ötən əsrin 90-cı illərində
istifadəyə verilib. Mərkəzdən aralı olan Səlcuq
Universitetinə, şəhər stadionunadək uzanan tramvay xətti
sərnişin yükünün qarşılanması
baxımından çox əlverişlidir. Üstəlik,
ekoloji təmizliyi ilə bərabər, tramvay küçələri
daha sakitdir. Bu arada 2 vaqonu bir-birinə bağlı
ultramüasir tramvaylar yaxınlıqdan ötüb keçir.
Bakının avtobuslarla dolu səs-küylü küçələri
yadımıza düşür. O da yada düşür ki,
Konyaya bu nəqliyyatın gəldiyi illərdə biz Bakıda
tramvay xətlərini sökməyə
başlamışdıq...
Mövlanənin dərgahı
Hazırda həyəti və gül
bağçası ilə birlikdə iki hektara yaxın (18 min
kv m) ərazisi olan muzey kompleksinə hər gün minlərlə
yerli və əcnəbi ziyarətçi gəlir. Əslində,
bu məkana ziyarətçi axını yeddi əsrdən
çoxdur davam edir. Mövlanənin dəfnindən sonra məzarı
üstündə əvvəlcə kiçik sənduqə
qurulur. Sonra (Karamanlar dövründə) burada türbə və
cami inşa edilir. Osmanlı zamanında da Mövlanənin
türbəsinə xüsusi diqqət göstərilir. Sultan I
Süleyman (Qanuni) zamanında (1520-1566) Mövlanənin və
oğlu Sultan Vələdin məzarları üzərində
göy mərmərdən daha böyük sənduqə
inşa edilir. Sonrakı dövrlərdə – ta XIX əsrin
sonlarınadək cami və türbənin ərazisi yeni
tikililərlə genişlənib. 1926-cı ildən isə
bura muzeyə çevrilib.
Kompleksin ərazisində Mövlanənin
yaxınları, bir sıra müridləri də dəfn
olunub. Türbənin bağçasında isə Mövlanənin
insanlığa sevgi çağırışını
musiqi ilə aləmə yayan dərvişlərin, neyzənlərin
məzar daşları sıralanıb. Muzeyə ziyarətimizi
müşayiət edən ney səsi də sanki bizi ruhlar
dünyasına aparır.
Bu il Mövlanənin vəfatının 750-ci
ildönümüdür. Bu münasibətlə Türkiyədə
“Mövlanənin xatirə ili” elan edilib. Onun sevgi
işığına üz tutanlar isə dünyanın hər
yerində var. Çünki insanlığın şairi
Mövlanə bəşər övladını – hər necə
və hər kim olursa-olsun – yüksək mənəviyyat aləminə
səsləyir, insanları ayırmır, din, dil fərqlərini
bir kənara qoyaraq onların bir-birinə mehr, məhəbbət
bəsləməyə, həmdərd olmasına
çağırır:
Gəl, gəl, hər nə olursan ol, yenə gəl!
İnancsız da, bütpərəst də olsan, gəl!
Bizim dərgahımız ümidsizlik dərgahı
deyil,
Yüz kərə pozsan da tövbəni, yenə gəl...
Bu torpağa sevgidən başqa bir toxum əkmərik
biz...
Beləcə, əsrlərdir Mövlanə dərgahına
da dünyanın dörd yanından insanlar axın-axın
ziyarətə gəlir. Yeri gəlmişkən, muzeyə
giriş ödənişsizdir, bura hər gün saat 9-dan 17-dək
hər kəsin üzünə açıqdır.
***
Mövlanə Muzeyindən çıxıb tarixi
yaşadan digər bir məkana üz tuturuq. İstiqlal
Müharibəsi Şəhidləri Abidəsi memorial kompleksi
Konya Böyükşəhər Bələdiyyəsi tərəfindən
2008-ci ildə inşa edilib. Adı Türkiyənin 1919-1922-ci
illər İstiqlal (Qurtuluş) savaşı ilə
bağlı olsa da, əslində, son yüz ildən artıq
bir dövrdə torpaq və Vətən uğrunda şəhid
olmuş bütün konyalıların xatirəsinə
yaradılıb. Memorial lövhələrə I Dünya
müharibəsindən başlayaraq günümüzədək
Türkiyənin suverenliyi uğrunda canından keçən,
eləcə də 50-ci illər Koreya müharibəsi,
1974-cü ildə Kipr barış hərəkatı
zamanı, həmçinin terrorla mübarizədə həlak
olan konyalıların adları həkk olunub.
Muzey hissəsində Konyanın ötən əsrlərə
dair tarixi-etnoqrafik mənzərəsini (kənd evləri,
xalqın məişəti) və döyüş səhnələrini
əks etdirən maket-canlandırma ekspozisiyası ziyarətçilər
tərəfindən maraqla seyr edilir. Kompleksin fasadı boyunca
ensiz xiyabanı isə tarixdən bəlli olan türk dövlətlərinin
bayraqları bəzəyir.
Konya Panorama Muzeyi
Şəhərin olduqca maraqlı mədəniyyət
məkanlarından biri də Konya Panorama Muzeyidir. Muzeydə
yaradılan möhtəşəm dairəvi panorama Konyanın
Səlcuqlu dövlətinin paytaxtı kimi yüksəliş
dövrünü (XIII əsr) rəngli görüntülər,
ziyarətçini sanki tarixin içinə salıb əsrlərin
o tayına aparan “dərin” tablolarla əks etdirir. Burada
Konyanı sufi alimlərin, şairlərin
qaynayıb-qarışdığı irfan məkanı,
İpək Yolu üzərində yerləşən, müxtəlif
diyarlardan tacirlərin, səyyahların gəlib-keçdiyi, sənətkarların
özünə məkan seçdiyi firavan şəhər,
müsəlmanlarla xristianların mehriban şəraitdə
yaşadıqları (Konya bazarında övliya və
keşişin söhbətinin əksi) tolerant mühit kimi
görürük.
Konya Panorama Muzeyinin dairəvi həyətində
qoyulmuş qədim tikililərin – mədrəsə və
camilərin, saray və qala divarlarının maketləri
yanından keçəndə də sanki uzaq tarixin nəzərlərini
üzərində hiss edirsən.
Muzeydəki sərgi salonunda isə Mövlanənin
Konyadakı həyatının və dövrün tarixi
olaylarının təsvir edildiyi iriölçülü rəsm
əsərləri nümayiş olunur. Bələdçimiz
onu da diqqətə çatdırır ki, bu tabloları azərbaycanlı
rəssamlar çəkib. “Mövlanənin Konyaya gəlişi”,
“Mövlanə ilə Şəms Təbrizinin
görüşü” və s. mövzulu silsilə
tabloların altında Türkiyədə yaşayıb-yaradan
Teymur Rzayev və Yaşar Zeynalovun imzalarını görəndə tanınmış rəssam
soydaşlarımızın adına bir anlıq qürur
yaşadıq.***
Konya gəzintimizin ilk günü baş çəkdiyimiz
daha iki məkan – şəhərdəki yüzlərlə məscid
arasında zahiri görünüşü ilə seçilən,
Avropa (barokko) və İslam memarlığının sintezi
olan XIX əsrə aid Əziziyə camisi və hazırda
çini əsərlər muzeyi kimi fəaliyyət göstərən
Karatay mədrəsəsi binası oldu. 1251-ci ildə II
İzzəddin Keykavus dönəmində vəzir Əmir Cəlaləddin
Karatay tərəfindən inşa edilən mədrəsədə
vaxtilə Mövlanə də dərs keçib. Mədrəsə
XIX əsrədək təyinatı üzrə fəaliyyət
göstərib. 1955-ci ildə burada muzey açılıb və
türk ustaların düzəltdiyi Səlcuq dönəmi
çini işləmələrinin nəfis nümunələri
nümayiş olunur.
Axşam isə bizi Konyanın daha bir tarixi abidəsi –
Daş bina (Taşbina) Mədəniyyət və Sənət
Mərkəzinin fasadı üzərində möhtəşəm
ebru nümayişi gözləyirdi. Ebru ustasının
yarım saatdan çox sürən canlı performansı – su
üzərində ərsəyə gətirdiyi rəsmlər
binanın fasadı üzərinə proyeksiya edilərək əsrarəngiz
görüntülərə (kaleydoskopa) çevrilirdi. Təbii
ki, bu sənət nümayişinin tac əsəri də sonda
Mövlanənin portreti oldu.
Onu da qeyd edək ki, Taşbina kimi tanınan tikilinin
maraqlı tarixçəsi var və səfərimizin ikinci
günü bina ilə yaxından tanış olduq.
Hər qapının arxasında bir dövran var
XIX əsr Osmanlı memarlığı üslubunda
bina 1917-ci ildə orta məktəb (darülmuallimat)
üçün inşa edilib. 20-ci illərdə burada Qız
Müəllimlər Məktəbi, daha sonra Səlcuq
Universitetinin rektorluğu yerləşib. Ən son bina Konya
Böyükşəhər Bələdiyyəsi tərəfindən
qəbul edilib və təmir işləri aparılaraq
çoxfunksiyalı mədəniyyət ocağına
çevrilib. Üçmərtəbəli (zirzəmi-mərtəbə
də daxil) binada Konyanın tarixi-mədəni irsi, sənətkarlığı,
mətbəx mədəniyyəti, sənaye-iqtisadi və
turizm imkanları tematik zallarda müasir informasiya
texnologiyaları vasitəsilə ziyarətçilərə təqdim
edilir.
Zallardan biri “Tarixə açılan qapılar”
adlanır. Burada Konya tarixinin dörd dönəmini: Hitit
dövrü (Miladdan öncə II-I minilliklər), Roma-Bizans, Səlcuqlu
və Osmanlı dövrlərinin hər birinə aid simvolik
qapıları açmaqla rəqəmsal ekranlardakı 3D
görüntülər vasitəsilə izləmək olar.
Binanın birinci (zirzəmi) mərtəbəsi isə
geniş sərgi salonu kimi istifadə olunur. “Mədəniyyət
Yolu” festivalı günlərində burada beynəlxalq
İslam təsviri sənət müsabiqələrinin qalib əsərləri
sərgilənirdi.
Çatalhöyük – 9 min il öncəyə səyahət
Səfərimizin ikinci günü (27 sentyabr) Konya
şəhərindən 50 km uzaqlıqdakı
Çatalhöyük (Çatal kurqan) Neolit dövrü
yaşayış yerinə səfərlə də yadda
qaldı. 2012-ci ildə UNESCO-nun Dünya İrs
Siyahısına daxil edilən Çatalhöyük 8-9 min il əvvəl
(e.ə. 7100-5950-ci illər) bu coğrafiyanın ən
böyük qəsəbə-kəndi olub. Qədimliyinə
görə Göbəklitəpə (Şanlıurfa, e.ə.9300-8200)
və Çayönü (Diyarbəkir, e.ə. 8500-6300) ilə
müqayisə olunan Çatalhöyükün digər Neolit
yaşayış məskənlərindən fərqi onun kəndləşmə
mərhələsini də keçərək şəhərləşmə
mərhələsini yaşamasıdır. 1958-ci ildə
ingilis arxeoloqlar James Mellaart, David French və həmkarları
burada ilk tədqiqatlar aparıblar. 1961-ci ildə ərazidə
qazıntılar başlanıb və tədricən yüzlərlə
sıra-sıra daxma-evləri olan qəsəbə minilliklərin
torpaq qatı altından gün üzünə
çıxmağa başlayıb. Üzə çıxan
evlərin quruluşu, içərisindəki ocaq yerləri, məişət
əşyaları, divarlardakı təsvirlər (ov və rəqs
səhnələri, insan və heyvan şəkilləri) burada
yaşamış insanların həyat tərzi (təsərrüfatı,
ev heyvanları) ilə yanaşı, inancları (Ana tanrıca
bütünə tapınmaları, ölüləri
yaşadıqları evin içində dəfn etmələri
və s.) haqqında da bilgi verir.
Qazıntı ərazisinin bir hissəsi konservasiya
edilib və ziyarətçilər üçün
açıqdır. Digər sahələrdə qapalı
qazıntılar davam edir. Ümumilikdə iki (qoşa,
çatal) təpə üzərinə yayılan qədim qəsəbənin
böyük hissəsi hələ torpaq altındadır. Təxminlərə
görə, burada eyni vaxtda 3 mindən 8 minədək insan
yaşayıb. 8-9 min il əvvəl dünyada ümumi əhali
sayının 10 milyondan az olduğu diqqətə alınarsa,
Çatalhöyük öz dövründə indinin
(hazırkı dünya əhalisi ilə nisbətdə
götürsək) bir neçə milyon əhaliyə malik
şəhəri kimi böyük bir yaşayış məskəni
olub. Bütün bu tarix ərazidə yaradılmış
müasir muzey kompleksində rəqəmsal ekranlar, geniş
infoqrafika, audio-video bələdçilər və panorama
görüntülər üzərindən maraqlı səyahət
etmək mümkündür.
***
Çatalhöyükdə minilliklərin o tayına səyahətdən
bugünkü Konyaya qayıdıb şəhərin tarixi
küçələrini, az da olsa, gəzib-dolaşmaq, suvenir
mağazalarına baş çəkmək, xırda
alış-veriş etmək imkanımız da oldu.
Günün sonuna doğru Sultan Səlim camisi yanında,
Mövlanə meydanında mistik musiqi festivalının
növbəti konsertini – Birləşmiş Ərəb
Əmirlikləri təmsilçilərinin
çıxışını dinlədik.
Konya Elm Mərkəzi və tropik kəpənəklər
bağçası
Konya ilə tanışlığımızın
üçüncü günü (28 sentyabr) də zəngin
oldu. Öncə şəhərin müasir memarlıq
nümunələrindən olan Konya Elm Mərkəzini ziyarət
etdik. 2014-cü ildə açılışı olan mərkəz
elm və əyləncə, istirahət və tədrisin bir
arada olduğu möhtəşəm məkandır. Mərkəzdəki
kinozalda 4D ekranda ulduzlar aləminə düşmək, 8-9
ballıq zəlzələ simulyasiyasında silkələnmək,
sənət emalatxanalarına baş çəkmək,
astronavtikadan biologiyayadək bir çox sahələrdən
populyar elmi bilgilər almaq kiçikdən böyüyə hər
kəs üçün faydalıdır. Yeri gəlmişkən,
öncədən rezervasiya etməklə şəhər məktəbləri
müvafiq fənlər üzrə sinif dərslərini də
burada, ən müasir texnoloji imkanlar olan zallarda keçirlər.
Tarixən elm və irfan mərkəzi olmuş Konya
çağdaş dövrdə də yeniliklərin ön
sırasında getməkdə iddialıdır. Buna nümunə
kimi daha bir məkan yenə zahirən modern memarlığı
ilə diqqət çəkən, amma içərisi daha əsrarəngiz
olan Konya Tropik Kəpənək Bağçasıdır. Səlcuqlu
Bələdiyyəsi tərəfindən yaradılan və
şəhərin ən turistik yerlərindən sayılan
parkda gerçəkdən bir tropik meşəyə
düşürsən. Tropik bitkilər, rütubətli,
çiskinli hava və gül-çiçəklər üzərində
uçuşan minlərlə kəpənək. Rəngbərəng,
növbənöv kəpənəklər Filippin, Panama,
Kosta-Rika və s. ölkələrdən gətirilib və
burada onlar üçün uyğun təbii şərait
yaradılıb. Təxminən bir saat ərzində buranı
gəzib-dolaşmaqla (bələdçi müşayiəti
ilə) kəpənəklər haqqında hər şeyi
öyrənə, foto-video çəkilişlər edə, hətta
böcəklər muzeyinə baş çəkə bilərsən.
Giriş: böyüklər üçün 75 TL (4,5 AZN),
uşaqlar üçün 45, əcnəbi turistlər
üçün 150 TL.
Tropik bağçadan çıxıb növbəti
(əslində, proqramda sonuncu) tarixi məkana gedərkən
yolüstü Konya Böyükşəhər Stadionuna da
baş çəkirik. “Konyaspor”un məkanındakı fəxri
qonaqlar yerində çay içib, foto çəkdirdikdən
sonra üz tuturuq Konyadakı ən qədim tikili olan yerə.
***
Bura Aya Elena kilsəsidir. 327-ci ildə inşa edilib və
17 əsrdir ayaqdadır. Bu, eyni zamanda erkən xristianlıqdan
bu coğrafiyada qalan ən qədim kilsədir. Məlumat
lövhəsindəki qeydə görə, 1833-cü ildə
kilsədə əsaslı təmir aparılıb, freskalar
yenilənib. Kilsənin yerləşdiyi Sille (yunan adı ilə
Silenos) kəndində ötən əsrin 20-ci illərinə
qədər yunanlar yaşayıb. Sonra Türkiyə ilə
Yunanıstan arasında anlaşma ilə əhalinin
qarşılıqlı köçü zamanı kənddəki
yunanlar gedib. Amma evlərində heç kim məskunlaşmayıb
və bura uzun müddət kabus kənd olub. 2012-ci ildə kilsə
binası Səlcuqlu Bələdiyyəsi tərəfindən
restavrasiya edilərək muzeyə çevrilib, ətraf
abadlaşdırılıb. Beləliklə, Sille turistik məkan
kimi dirçəlməyə başlayıb. Hazırda burada
yeni təsislər inşa edilir. Ərazidəki restoranlarda isə
qonaq əlindən tərpənmək olmur. Qədim evlərdən
birində açılan belə restoranlardan birində biz də
Konyadakı son nahar yeməyimizi yedik.
***
Yemək demişkən, yazının sonuna doğru
Konyanın mətbəxi haqqında bir neçə kəlmə.
Türkiyənin digər bölgələri kimi, buranın da
zəngin mətbəx mədəniyyəti – ümumilikdə
60-a yaxın yemək növü (salat və şirniyyatlar da
daxil) var. Onlardan bir qismi (Konyada məşhur olan ətli
çörək (lahmacun növü də demək olar),
tirit, soba kababı, bamya şorbası, eləcə də
halvalar, sütlac, trileçe kimi desertlər) bizim menyumuzda da
yer almışdı. Menyusu ilə bərabər məkanı
ilə də yadda qalan şam yeməklərindən biri isə
Konyanın ən hündür göydələnində –
şəhərin müasir simvollarından olan Səlcuqlu
qülləsinin (163 metr) son, 42-ci mərtəbəsindəki
fırlanan restoranda oldu...
***
“Könüllərin şəhəri” Konyadan təəssüratımız
ümumən bu qədər. Sonda bir daha bu səfərin təşkilinə
görə Türkiyə Mədəniyyət və Turizm
Nazirliyinə və TGA komandasına, Türkiyənin Azərbaycandakı
Səfirliyinə, eləcə də səfər boyu bizimlə
birgə olan “Farma Tur”dan əsas bələdçimiz Mehmet bəyə,
Zeynəb xanıma, Gürşad bəyə və
Şükrü bəyə, qaldığımız “Novotel”in
çalışanlarına təşəkkür edirik.
...Dönüş üçün hava limanına gedəndə
günəş üfüqdə yeni görünməyə
başlamışdı. Yolda gözümə Mövlanənin
“Gəl, yenə gəl...” sözləri yazılmış
Konyaya dəvət tablosu dəydi... Yenə gələrik...
Qismət olarsa...
Vüqar Əliyev
Bakı-İstanbul-Konya-İstanbul-Bakı
Mədəniyyət.-
2023.- 4 oktyabr.- S.6.