Ağı əvəzi...
…İtkilər var ki, onların xəbəri
yayılanda adamın üzünü səmaya tutub
hayqırmağı gəlir. Hayqırmaq, səsin batana qədər,
səs tellərin sənə etiraz edib “bəsdi, mənim
günahım nədir” deyib sızıldayanadək
bağırmaq istəyirsən.
Qışqırıb deyəsən ki, Allahım,
axı niyə yaratdığın bəndəni bizdən
vaxtsız aldın?! Niyə yaxşı kim varsa, əlimizdən
alırsan?! Qoy biz də ətrafımıza baxanda mələkmisallı
kimisə görübkən gözümüz gülsün! Nədən
dərdimizə yanan, əlimizdən tutan, ən pis
günümüzdə dadımıza çatan,
sözümüzü deyən, bizimlə birgə kədərlənib,
birgə sevinən bacımızı bu yaşında,
ömrünün müdriklik çağının
astanasında əlimizdən aldın?! Öz
yaratdığın toplumun qəlbinə elə bu toplum boyda kədəri
çökdürdün, gözünün yaşını
axıtdın?! Hansı günahımıza görə?
…Yəqin ki, var günahımız… Olmasaydı,
Allahım Azərbaycan Respublikasının ərazi
bütövlüyünün tam bərpasına sevinib, şəhidlik
zirvəsinə ucalanlarla qürur duyduğumuz günlərdə
Qənirə Paşayevanı bizdən almazdı… Hə,
içimdən gələn səs deyir ki, bu itki bizim
könlümüzü daim sızladacaq CƏZAmızdı…
Eləcə içimdən “Qənirsiz bacım oyyyy!”
deyib ağı demək gəlir. Amma neyləyim ki,
hönkürtü ilə ağlaya bilmirəm. Ən əziz
adamlarımı itirəndə belə göz yaşlarım qəlbimə
axıb, ovunmaq üçün xatirə yazmaqdan başqa bir
şey bacarmamışam.
İndi də eləyəm. Həmkarımın, məsləkdaşımın
gözlənilməz və əzablı, son sözü ürəyində
gedişinə tökə biləcəyim göz yaşım
qəlbimi göynədir. Göz yaşı duzlu olur axı...
Ürəyimin dilə gətirdiklərini yazıram, həm
də paylaşıram. Ona görə paylaşıram ki, eyni
hissləri yaşayan tək mən deyiləm.
Ələsgər müəllimin yeni doğulmuş
qızına Qənirə adı veriləndə onun
böyüyəndə qənirsiz, yəni tayı-bərabəri
olmayan insan, Azərbaycanda ən çox sevilən
qadınlardan biri olacağı, görəsən,
doğmalardan kiminsə ağlına gəlmişdi? Qənirənin
qəfil və təzə itkisinin qövr edən
acısını yaşayan əzizlərinə verməyəcəyik
ki bu sualı? Məntiq isə pıçıldayır ki,
çox zaman insana verilən ad onun taleyini müəyyən
edir, xarakterindən xəbər verir.
Qənirə Paşayeva enerji dolu,
yaddaşındakı informasiyanı unutmadan,
qarışdırmadan istənilən tribunadan, lazım olan
şəxsə, məclisə yerindəcə deməyi bacaran
insan idi. Onun iştirak etdiyi bütün ali məclislərdə
çaşmadan, dilini sürümədən Azərbaycan həqiqətlərini,
Qarabağ gerçəkliklərini çatdırmaq,
haqsız opponentlərini susdurmaq qabiliyyəti qənirsiz bir
hünər idi.
Onun sosial şəbəkə hesabına nəzər
yetirmək kifayətdir ki, Qənirə xanımın hər
gününün nə qədər dolğun olduğunu hiss
edəydin. Əvvəlcə jurnalist, sonra da millət vəkili,
ictimai xadim kimi göz önündə yaşamağı
bacarmaq nədirsə, Qənirə xanım bunun öhdəsindən
gəlməyi bacarırdı.
Bu isə o deməkdir ki, sənə müraciət edən
hər kəsi dinləmək, dinləmək azdır – dərdinə
çarə tapmaq üçün çabalamaq, dəvət
olunduğu tədbirlərə qatılmaq, bəzən isə o qədər də
vacib olmayacaq belə yığıncaqlara ən azından
baş çəkmək, bölgələrdə əsgərlərlə
görüşmək, yaralıları ziyarət etmək, məmur
biganəliyinə tuş gələn qaziləri dinləmək,
şəhid anaları ilə görüşüb onların
üzləşdiyi anlaşılmazlıqlara aydınlıq gətirmək,
dəstəyə ehtiyac duyan qələm əhli və sənət
adamları ilə söhbət etmək lazımdır, – bütün bunlara enerji, vaxt sərf
etməlisən, bərpa olunmayacaq sinir hüceyrələrinin
məhvinə heyfsilənməməlisən. Hələ Milli
Məclisdəki sessiya, komissiya iclasları, rəsmi
görüşlər, qəbullar, beynəlxalq miqyaslı səfərləri
demirik. Bütün bunlar insandan səbir, dözüm istəyir.
Bu işlərə qadın olaraq yaxşı görünmək
kimi bəlli məqamları da üstünə gəlin.
Əgər desəm ki, Qənirə xanımın
bütün bu sadalananlara gücü çatırdı,
enerjisi yetirdi, yalan olmaz. Əslində, biz belə zənn
edirdik: Qənirə Paşayeva bizim üçün belə
güclü idi, Azərbaycan adına, Qarabağ gerçəkliklərini
dünyaya çatdırmaq üçün güclü
görünürdü; içindəki qüvvəni
toparlayıb bizim üçün yaşayanda belə idi. Amma
şairə Qənirə başqa söz deyirdi,
özünü necə hiss edirdisə, eləcə
özü idi:
Yoruldum deməyi sevməyən məni,
Həyat elə yordu, yorğun yolçuyam.
Nə yaxşı içimdə heç yorulmayan,
İnsanlıq adında İNSANLIQ qalıb!
Elə onu qənirsizləşdirən də daxilində
yaşatdığı İNSANLIQ, “Xocalı alınsın,
qoy elə mən həmin gün ölüm” etirafını
dilinə gətirəcək qədər böyük
VƏTƏN, TORPAQ sevgisi idi. Elə bil o bu etirafını edəndə
göy üzü açıq imiş, hər kəsi eşidən
və duyan Uca Tanrı da milyardlarca bəndəsinin
arasından Qənirənin bu diləyini eşidib onu mütləq
yerinə yetirəcəyinə söz veribmiş.
Hər nədənsə…
20 sentyabr. Azərbaycan Respublikasının
bütün ərazisi üzərinə suverenliyimizi bərpa
edəcək antiterror əməliyyatının başa
çatdığı gün.
23 sentyabr. Gecə Qənirə Paşayeva
üçün təcili yardım
çağırılır.
…Qalanı bəlli. Bu qəfil ölümün səbəbləri,
daha doğrusu, bir gün öncə iş başında
olmuş 48 yaşlı insanı ölüm ayağına gətirib
çıxaracaq səbəblər, yəqin ki,
aydınlaşacaq... Amma olan oldu, Qənirə Paşayeva kimi
xanım, millət vəkili, hər kəsə canıyanan
insan, ən başlıcası, Vətənpərvər şəxsiyyət
aramızdan getdi.
Bu gediş onu sevənlərin hamısını
yandırır, göz yaşına boğur. Sadəcə, bu
gediş zaman keçdikcə unudulan, ağrısı səngiyən
gedişlərə heç bənzəməyəcək.
Xatirəyə çevrilib qəlbimizdə yaşayacaq.
***
…Deyirlər ki, cümə axşamı haqqın dərgahına
qovuşan, cümə günü torpağa
tapşırılan şəxs sorğu-sualsız Qıl
körpüdən keçər, birbaşa Allahın cənnətinə
qovuşar. İnandıqlarımıza and olsun, əgər bu
deyilənlər düzdürsə, Qənirə
xanımın ruhunu istintaqa çəkmiş olan eşitdiyi
cavablardan sonra bu zərif və güclü qadını
doğmalarından, əzizlərindən, xalqından
aldığına peşmandır.
***
P.S. Türk Ədəbiyyatı Vəqfi “Qənirə
Paşayeva – Tomris xatın” ödülü təsis edib. Vəqfin
başqanı Sərhad Kabaklı bildirib ki, bu mükafat
“Yaşayan Dədə Qorqud” ödülünə əlavə
olaraq təsis edilib...
Gülcahan Mirməmməd
Mədəniyyət.-
2023.- 4 oktyabr.- S.7.