Daşkənd
festivalında Azərbaycan kinosu günü
Xəbər verdiyimiz kimi, sentyabrın 29-dan
oktyabrın 3-dək “İpək Yolunun mirvarisi” XV Daşkənd
Beynəlxalq Kinofestivalı keçirilib. Festival çərçivəsində
sentyabrın 30-da Özbəkistandakı Heydər Əliyev
adına Azərbaycan Mədəniyyət Mərkəzində
(AMM) Azərbaycan kinosu gününün
açılışı olub.
Özbəkistan Kinematoqrafiya Agentliyi, Özbəkistan
və Azərbaycanın Mədəniyyət nazirlikləri,
AMM-in birgə təşkilatçılığı ilə
keçirilən tədbirdə iki ölkənin rəsmiləri,
kinematoqrafları, kino sahəsi üzrə gənc mütəxəssislər,
tələbələr və yerli azərbaycanlılar iştirak
ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin AMM-in
qarşısındakı büstü və buradakı Şəhidlər
bağı ziyarət olunub.
Tədbir iştirakçıları mərkəzin
foyesində Azərbaycan kinosunun 125 illiyinə və Ulu öndər
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş foto və
kitab sərgisi ilə tanış olublar.
AMM-in direktoru Samir Abbasov tədbiri açaraq Azərbaycan
kinosunun tarixindən və nailiyyətlərindən
danışıb. O, Azərbaycan kinosunun yarandığı
gündən azərbaycançılığa, milli
düşüncəyə xidmət etdiyini və filmlərimizin
daim Özbəkistanda böyük maraqla
qarşılandığını söyləyib.
Azərbaycan Respublikası mədəniyyət nazirinin
müşaviri Orxan Fikrətoğlu, Özbəkistan
Kinematoqrafiya Agentliyinin təmsilçisi, Kino Muzeyinin direktoru
Gülnara Mahmudova çıxış edərək ölkələrimiz
arasında əlaqələrin dərinləşdirilməsində
mədəni sahədə əməkdaşlığın
böyük rolu olduğunu bildiriblər. Qeyd edilib ki,
“Arşın mal alan”, “Qayınana”, “Əhməd haradadır?”
kimi klassik Azərbaycan filmləri Özbəkistanda da dəfələrlə
nümayiş olunub, çox sevilib.
Vurğulanıb ki, Azərbaycan və Özbəkistan
prezidentləri İlham Əliyevlə Şavkat Mirziyoyevin
görüşləri, dostluq münasibətləri ölkələrimiz
arasında bütün sahələrdə münasibətlərin
inkişafına təkan verib, mədəniyyət sahəsində
əlaqələr üçün yeni imkanlar açıb.
Tədbirdə Azərbaycan Milli Məclisi Mədəniyyət
komitəsinin sədri Qənirə Paşayevanın vəfatı
ilə bağlı Özbəkistan mədəniyyət naziri
Ozodbek Nazarbekov tərəfindən imzalanan nekroloq oxunub və
mərhum millət vəkilinin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Sonra Azərbaycan kinosu gününün proqramına
uyğun olaraq Elçin Musaoğlunun “Məryəm” filmi
nümayiş etdirilib.
Nümayişin ardından rejissor Elçin Musaoğlu
filmin çəkilişləri, ideyası haqqında
danışıb, tədbirin təşkilatçılarına
minnətdarlığını bildirib.
Qeyd edək ki, beynəlxalq festival günlərində
Özbəkistan Milli İncəsənət və Dizayn
İnstitutu, Əlişir Nəvai adına
Kinematoqrafçılar Evində Azərbaycandan olan kino mütəxəssisləri,
kinoprodüser, rejissor Orman Əliyev, rejissor Elçin
Musaoğlu və ssenarist, rejissor Orxan Fikrətoğlunun ustad dərsləri
təşkil edilib. E.Musaoğlunun “Məryəm” filmi
oktyabrın 1-də festival
çərçivəsində də nümayiş olunub.
Lalə
Mədəniyyət.-
2023.- 4 oktyabr.- S.3.