Heç kim unudulmur,
heç nə yaddan çıxmır...
Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları
tərəfindən Vətən müharibəsi şəhidi
Məhəbbət Paşayevin ailəsi ziyarət edilib.
Məhəbbət Paşayev 1999-cu il avqustun 5-də
Şəki rayonunun Bolludərə kəndində anadan olub.
2006-cı ildə ailəsi ilə birlikdə Oğuz şəhərinə
köçüb.
2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Tərtərin Suqovuşan kəndi
uğrunda döyüşlərdə iştirak edib və
şəhidlik zirvəsində ucalıb. Oğuz şəhər
Şəhidlər xiyabanında torpağa
tapşırılıb. Ölkə
başçısının müvafiq sərəncamları
ilə ölümündən sonra “Vətən uğrunda” və
“Suqovuşanın azad olunmasına görə” medalları ilə
təltif edilib.
***
Gəncə-Daşkəsən RMİ, Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət
Xidmətinin Gəncə Regional İdarəsi və Gəncə
Dövlət Tarix-Mədəniyyət Qoruğunun (DTMQ) birgə
təşkilatçılığı ilə Vətən
müharibəsində şəhid olmuş Gəncə
DTMQ-nin Nizami filialının bələdçisi Hikmət Məmmədovun
anım günü keçirilib.
Gəncə-Daşkəsən RMİ-nin rəisi vəzifəsini
icra edən Pərvin Kazımov şəhidin həyatı və
döyüş yolundan söz açıb. Bildirilib ki,
1993-cü ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində
doğulan Hikmət Məmmədov əmək fəaliyyətinə
Nizami məqbərə kompleksində başlayıb. Vətən
müharibəsi başlayanda o da torpaqlarımızın azad
olunması uğrunda ölüm-dirim savaşına
qatılıb. Oktyabrın 2-də Murovdağ istiqamətində
döyüşlərdə şəhid olub. Gəncədəki
Şəhidlər xiyabanında torpağa
tapşırılıb.
Hikmət Məmmədov ölkə
başçısının müvafiq sərəncamları
ilə ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin
azad olunmasına görə” və “Hərbi xidmətlərə
görə” medalları ilə təltif olunub.
Gəncə şəhər MKS Mərkəzi
Kitabxanasında Vətən müharibəsi şəhidi
İsmayıl Mustafayevin ailəsi ilə görüş təşkil
edilib. Əvvəlcə şəhidə həsr olunmuş
videoçarx nümayiş olunub. Çıxış edənlər
şəhidin döyüş yolundan, Vətən müharibəsi
zamanı qəhrəman oğullarımızın rəşadətindən
danışıblar. Sonda Gəncə şəhər 21
nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə
həsr olunmuş kompozisiya ilə çıxış ediblər.
Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.4.