“Qərbi Azərbaycan
aşıqları” şeir antologiyası hazırlanır
Azərbaycan Aşıqlar Birliyi (AAB) yeni layihəyə
başlayıb. Yaradıcılıq təşkilatında bu dəfə
Qərbi Azərbaycan aşıqlarının
yaradıcılıq nümunələrindən ibarət
antologiya hazırlanır.
Qərbi Azərbaycanın ayrı-ayrı
mahallarında – İrəvan, Zəngəzur, Dərələyəz,
Göyçə, Qaraqoyunlu, Dərəçiçək,
Loru və Ağbabada yaşayıb-yaratmış ustad sənətkarların
zəngin ədəbi irsindən nümunələr yer alacaq
toplu soydaşlarımızın dədə-baba yurdu olan bu ərazilərdə
sənət ənənəsi, tarixi-mədəni prosesin
inkişafı haqqında bilgi vermək baxımından
mühüm bir qaynaq olacaq.
AAB-nin katibi Əməkdar mədəniyyət
işçisi Musa Nəbioğlu bildirib ki, antologiyanın
hazırlanmasında əsas məqsəd regionun söz-sənət
yükünü qoruyub gələcək nəsillərə
çatdırmaq, eyni zamanda sənətə yenicə qədəm
qoyan yeniyetmə və gənclərin repertuar zənginliyini
genişləndirməkdir.
Topluda XVI əsrdə yaşayıb-yaratmış
Miskin Abdaldan üzü bəri bir çox saz-söz
ustadlarının – Ağ Aşıq, Aşıq Alı,
Aşıq Ələsgər, Məhərrəm
Alçalı, Ululu Kərim, Çobankərəli Cəfər,
Dərələyəzli Aşıq Cəlil, Aşıq Qəhrəman,
Əsəd Rzayev, Ozan Heydər, Xəstə Hasan, Nəsib
Ağbabalı, İsgəndər Ağbabalı kimi sənətkarlarla
yanaşı, erməni təcavüzü nəticəsində
öz dədə-baba yurdlarından didərgin
düşüb, bu gün Azərbaycanın müxtəlif
guşələrində yaşayaraq Qərbi Azərbaycandakı
aşıq sənəti ənənəsini yaşadan
çağdaş aşıqların yaradıcılığı
da əks olunacaq.
Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.4.