Eyni gündə şəhadət şərbətini içən qardaşlar...

 

Əli və İslam – iki şəhid qardaş. Onların həyat yolu bir başlamasa da, bir sinifdə oxudular, eyni işdə işlədilər. Ancaq sonuncu birgəlik heç birinə bənzəmədi.  Cəsur, mətin Əhmədov qardaşları 44 günlük Vətən müharibəsində eyni gündə şəhidlik zirvəsinə ucaldılar.

Əli Əhmədov 1993-cü il yanvarın 5-də, İslam Əhmədov 1994-cü il sentyabrın 19-da Mingəçevir şəhərində anadan olublar. Ataları İlqar Əhmədov avtomobil qəzasında həlak olub. Anaları Sevinc xanım təkbaşına onları böyüdüb. Hər ikisi şəhərdəki 11 nömrəli tam orta məktəbi bitiriblər.

Əli 2011-2015-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Maliyyə fakültəsində təhsil alıb. 2015-2016-cı illərdə Azərbaycan Ordusunun nümayəndələri kimi sülhməramlı kontingentin tərkibində Əfqanıstanda xidmət edib. 2017-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq öz istəyi ilə sərhəd bölgəsində xidmətini davam etdirib.

Kiçik çavuş Əli Əhmədov Vətən müharibəsində mərdliklə döyüşüb. Səngər yoldaşının dediyinə görə, o, bir neçə dəfə yaralansa da, hərbi hospitala aparılmağına etiraz edərək döyüşə davam edib. Əli müharibənin ilk günündə Tərtər istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub.

***

İslam uşaq yaşlarından idmana böyük maraq göstərib. Avarçəkmə, kikboksinqlə məşğul olub. Lakin Vətənə olan sevgisinə görə qardaşı kimi hərbçi peşəsini seçib. Əsgərlikdən qayıtdıqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Yevlax rayonundakı N saylı hərbi hissədə xidmətə başlayıb. O, yoldaşları arasında mehriban xasiyyəti, ürəyiaçıqlığı ilə seçilib. Bir sıra medal və sertifikatla təltif olunub.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qardaşı Əli kimi İslam da döyüşə yollanıb. Müharibənin ilk günü Suqovuşan uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Şəhid qardaşlar Mingəçevir şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıblar.

Sevinc Əhmədova oğulları barədə xatirələrini dilə gətirir: “Əli və İslam çox çətin uşaqlıq dövrü keçirmişdilər. Demək olar ki, onlar uşaqlıq yaşamadılar. Oğullarıma ürəkləri istədiklərini ala bilmədim. Özüm yaşıllaşdırmada süpürgəçi işləyirdim. Bundan əlavə, bağımız vardı. Bağda meyvə-tərəvəz becərib satır, uşaqları böyüdürdüm. Əli mənə çox bağlı idi. İslam isə sevgisini üzə verən deyildi”.

Sevinc ana qeyd edir ki, oğullarının Vətən müharibəsində iştirakından xəbəri olmayıb: “Sentyabrın 19-u İslamın ad günü idi. Ad gününü keçirməyi çox xoşlayırdı. Həmin gün qardaşı Əli də gəldi. Söylədim ki, a bala, deyirlər müharibə olacaq, düzdümü? Əli cavab verdi ki, ay ana, nə müharibə?! Elə söhbət yoxdur. Bundan bir həftə sonra – sentyabrın 26-sı gecə saatlarında İslam evə gələrək qış paltarlarını yığıb getdi. İslam həmin gecə bütün yaxın qohumlarla bir-bir görüşüb halallıq almışdı. Həmin gün Əliyə də zəng elədim. Hər şeyin yaxşı olduğunu söylədi... Sentyabrın 27-də Əlinin şəhid xəbəri gəldi. Onu bir gün sonra dəfn elədik. Əlinin dəfnindən qayıdandan sonra isə İslamın da şəhid olduğunu dedilər...”.

Oğullarının xatirələrini yaşatmaqdan ötrü Sevinc ana yaşadıqları evi muzeyə çevirib: “Bu evi oğullarım öz zəhmətləri hesabına alıblar. Onların xatirələrini yaşatmaq üçün 2021-ci ildə evi muzey eləmək qərarına gəldim. Ev-muzeydə Əli və İslama aid şəkillər, geyimlər, oğullarımın şəxsi əşyaları, o cümlədən muzeyə hədiyyə olunan əşyalar qorunub saxlanılır”.

Muzeyin hazırda ictimai əsaslarla fəaliyyət göstərdiyini söyləyən Sevinc xanımın  arzusu ev-muzeyin dövlət qeydiyyatına alınmasıdır: “Bu günlərdə, sentyabrın 28-də mədəniyyət naziri Adil Kərimli Mingəçevir şəhərinə səfəri zamanı ev-muzeydə də oldu. Nazirə muzey haqqında ətraflı məlumat verdim. Bilirsiniz, Əli və İslamın heç bir varisi yoxdur. Ona görə arzum odur ki, muzey dövlət qeydiyyatına alınsın. Bu istəyimi cənab nazirə də çatdırdım. Çox sağ olsun, nazir muzeyə nəzarət edilməsinə görə aidiyyəti orqanlara tapşırıqlar verdi”.

Əli Əhmədov ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə”, İslam Əhmədov isə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Bundan başqa, hər iki qardaş 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib, yaşadıqları küçəyə adları verilib.

Allah rəhmət eləsin.

 

Nurəddin

Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.4.