“Çox sağ olun, müəllimlər!”

 

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Bakıdakı Rus Evində (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) konsert keçirilib.

“Çox sağ olun, müəllimlər!” adlı konsertin solistləri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gəncliyə dəstək” layihəsinin iştirakçıları olublar.

Filarmoniyadan bildirilib ki, konsertdə respublika və beynəlxalq müsabiqələrin laureatları Fərəh Əliyeva (fortepiano), İbrahim Abbasov (tar), Ayşən Umudova (fortepiano), Yasəmən Umudova (fortepiano), Nuray Cəbizadə (fortepiano), Nailə Növrəsli (vokal), Mələk Həsənli (piano), Adnan Kərimli (zərb alətləri), Cəlalə İsmayılzadə (violonçel), Mirşah Növrəsli (vokal) və digərləri çıxış ediblər.

Proqramda Fikrət Əmirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Müslüm Maqomayev, Vaqif Mustafazadə, Yohann Ştraus, Yan Sibelius və başqalarının əsərləri səsləndirilib.

“Gəncliyə dəstək” layihəsi Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən həyata keçirilir. Layihənin məqsədi Azərbaycanda gənc istedadların aşkar edilməsi və dəstəklənməsidir. Layihənin ideya müəllifi və bədii rəhbəri filarmoniyanın direktoru Murad Adıgözəlzadə, koordinatoru direktorun müavini Ayla Kərimova-Zəkəriyyədir.

Sonda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov konsertin təşkilatçı və iştirakçılarına təşəkkürnamə təqdim edib.

 

Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.3.