“Hazırda sənədli
animasiya üzərində işləyirəm...”
Son günlər mətbuatda tez-tez “Hədis” animasiya
filmi ilə bağlı xəbərlərə rast gəlirik.
Film 2022-ci il sentyabrın 21-də İranda etiraz aksiyaları
zamanı təhlükəsizlik qüvvələri tərəfindən
qətlə yetirilmiş azərbaycanlı qız Hədis Nəcəfiyə
həsr edilib. Ekran əsəri gender, etnik və mədəni
ayrı-seçkiliklə mübarizə aparanlara ithafdır.
Müsahibimiz bu cizgi filminin müəllifi, gənc
rejissor Nəzrin Ağamalıyevadır.
Nəzrin 1999-cu ildə anadan olub. Azərbaycan Dövlət
İqtisadiyyat Universitetində bakalavr təhsili alıb. Bir
müddət dizayner kimi çalışıb. Daha sonra
yaradıcı fəaliyyətini animasiya sahəsində davam
etdirib. Praqadakı FAMU Universitetində animasiya kinosu üzrə
təhsil alıb. Azərbaycan Animasiya Assosiasiyasının təsisçilərindən
biridir. Bu il Bakıda 6-cı dəfə keçirilən
“Animafilm” Beynəlxalq Animasiya Festivalının art-direktorudur.
– İxtisasınız iqtisadiyyat olsa da, animasiya və
rəssamlığa meyil etmisiniz. Sizi bu sahəyə nə
istiqamətləndirdi?
– İqtisadiyyat sahəsini seçməyim ailəm
üçün də gözlənilməz olmuşdu. Nədənsə,
orta məktəbin son sinfində bu qərara gəldim. Amma
birinci kursda oxuyanda başa düşdüm ki, mənim sahəm
deyil və incəsənətlə məşğul olmağa
başladım. Uşaqlıqdan rəsmlər çəkirdim.
Valideynlərim 3 yaşımdan məni rəsm kurslarına
qoymuşdular.
– Niyə məhz animasiya?
– Məncə, bir çox rəssamların arzusudur ki,
yaratdıqları sənət əsərləri canlansın.
Mən də onlardan biriyəm. Hələ uşaq
yaşlarımdan cizgi filmlərinin necə çəkilməsi
ilə maraqlanırdım, axtarışlar edirdim.
Animasiyanı da buna görə seçdim və narazı deyiləm.
– Animator olmaq üçün kino təhsili mütləqdir?
– Animator, animasiya rejissoru olmaq üçün kino təhsili
mütləqdir. Bəlkə də ali məktəb olmadan da
öyrənmək olar. Amma düşünürəm ki,
insanın özünü inkişaf etdirməsi çox
önəmlidir. Çünki animasiya sahəsində də
ildən-ilə, hətta deyərdim ki, aydan-aya çox
maraqlı texniki yeniliklər baş verir. Bu, fərq eləmir;
ya ustad dərsi olsun, ya ali təhsil. Mən Praqada Kino
Akademiyasında təhsilimi böyük fürsət kimi dəyərləndirirəm.
– Dizayner, art-direktor və rejissor. Bu işləri
çatdırmağa vaxt olur?
– İşləri bölürəm. Məsələn,
festival olan il dizayn işi növbədə gözləyir.
Daha çox festivalla məşğul oluram. İlin ikinci
yarısında rejissor kimi layihələrimi işləyirəm.
Çətindir, amma maraqlıdır.
– Gələk “Hədis” filminə. Bu film çox
uğur qazanıb. O, həyatınıza, sənət yolunuza
nə gətirdi?
– Əslində, böyük bir təcrübə gətirdi.
İlk filmin bu qədər uğurlu olacağını
düşünmürdüm. Amma 25-dən çox festivalda təqdim
olundu. Bunlardan üçü – Annecy, Busan və “Animest”
çox əhəmiyyətli festivallardır. Əgər film
bunlardan birində qalib seçilsə, avtomatik olaraq, Oskar
mükafatının uzun siyahısına düşə bilərsiniz.
Məni ən çox sevindirən filmə baxan insanların
geri dönüşləridir. Filmlə bağlı
çoxsaylı müsbət fikirlər almağım mənə
fərəh gətirir.
– “Hədis”in davamı olacaqmı?
– Filmdə sonluğu əvvəldə göstərmişik.
Bu o deməkdir ki, Hədis kimi neçə-neçə
qız bu savaşda həyatını itirir, amma izləri
qalır. Hədis sonluqda deyir ki, bu alovdan sənə də bir
od düşsün. Bu, əslində, onun bizə bir
çağırışıdır. O, etnik və mədəni
ayrı-seçkiliyə yox deyir.
– Hazırda üzərində işlədiyiniz film
varmı?
– Çoxlu layihələrim var, hamısını
başa çatdırmaq istəyirəm. Bilmirəm,
hamısına enerjim çatacaq, ya yox, onu zaman göstərəcək.
Hazırda sənədli animasiya üzərində işləyirəm.
Bu, psixoloji qadın xəstəlikləri ilə bağlı
filmdir.
– Builki “Animafilm” festivalı ilə bağlı təəssüratınız
necədir?
– Altı ilin təcrübəsinə dayanaraq deyərdim
ki, komanda və festival artıq tam formalaşıb. Bu, bizi
çox sevindirir. Çox yaxşı və səmərəli
işlər görülür. Builki festivalda xarici animatorlarla
yerli mütəxəssislərin görüşü çox
əhəmiyyətli oldu. Peşəkar və həvəskar
animatorlar tanınmış mütəxəssislərlə
görüşlərindən məmnun qaldılar. Gələcəkdə
də bu kimi səmərəli fəaliyyəti davam etdirəcəyik.
Lalə Azəri
Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.5.