Yaşıl həyat
rəmzidir? Həmişə yox…
“Qaratoxmaq qadın”ın qayıdışı da deyə
bilərik
Əslində, bütün vəsflərdən, təsvirlərdən,
metaforalardan öncə rəng fiziki hadisədir. Elmdə onun
təxmini tərifi belədir: rəng bir sıra fiziki,
fizioloji, psixoloji amillərdən asılı olan optik diapazonun
elektromaqnit şüalanmasının subyektiv keyfiyyət
xüsusiyyətidir. Yəni, çox qəliz bir
anlayış. Geniş kütlə üçün isə
sadalanan amillərdən biri daha doğmadır: psixoloji. Elə
bu psixoloji amildir ki, çox vaxt həyat eşqi, gənclik
yaşıl rənglə assosiasiya olunur. Amma…
Amma və lakin ki, qumarxana masaları da yaşıl rəngdədir.
Çünki pul və zənginlik də yaşıl rənglə
assosiasiya olunur.
Burada da, yəni səhnədə hər şey
yaşıl rəngin hökmranlığı
altındadır. Hətta səhnə rampasının
arxasında sağdan-soldan yuxarı ştangetlərə bərkidilmiş
yaşıl rəngli parçadan möhkəm konstruksiya
salonda əyləşənlərdə yelləncək
assosiasiyası yaradır. Bu duyum isə əsərin ruhuna –
qumar həvəsinin məhv etdiyi əsas qəhrəmanların
həyat çabalarına tam uyğun gəlir...
Söhbət Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının bu mövsümdə təqdim etdiyi yeni
tamaşadan – P.İ.Çaykovskinin “Qaratoxmaq qadın”
operasından gedir. Teatrın binası təmirə
bağlandığından əsər oktyabrın 1-də
Bakı Musiqi Akademiyasının (BMA) nəzdindəki Opera
studiyasının səhnəsində oynanıldı.
Bu yerdəcə haşiyə çıxaq ki, 2019-cu
ildə “Qaratoxmaq qadın” Opera studiyasında tamaşaya
qoyulmuşdu. Həştərxan Dövlət Akademik Opera və
Balet Teatrının baş rejissoru Aleksey Smirnovun quruluş
verdiyi tamaşada BMA-nın müəllim və tələbələri
çıxış etmişdilər. Səhnə tərtibatını
Sankt-Peterburq Mariinski Teatrının rəssamı Yelena Bodrova
vermişdi. Bu dəfə, adını çəkdiyimiz dəvətli
sənətçilərlə yanaşı, teatrın baş
dirijoru Əməkdar artist Əyyub Quliyev (tamaşanın
musiqi rəhbəri və dirijoru), Əməkdar incəsənət
xadimi Sevil Hacıyeva (xormeyster), Əməkdar mədəniyyət
işçisi Tehran Babayev (icraçı rəssam), Xalq
artisti Mədinə Əliyeva (xoreoqraf) “Qaratoxmaq
qadın”ın ərsəyə gəlməsində əmək
sərf ediblər.
Tamaşanın musiqi cəhətdən həlli,
orkestrin, ayrı-ayrı vokalçıların dirijorla tam
anlaşıqlı fəaliyyəti, həmişəki kimi
xorun sığallı ifası tamaşaçılara
Çaykovskinin bitkin musiqisindən tam zövq almaq fürsəti
yaratdı.
“Qaratoxmaq qadın” operası “Yevgeni Onegin” və
“Mazepa”dan sonra bəstəkarın A.S.Puşkinin mətninə
bəstələdiyi üçüncü operadır.
İlk iki əsərdən fərqli
olaraq, bu operanın librettosu (müəllif bəstəkarın
kiçik qardaşı, dramaturq Modest Çaykovskidir)
Puşkinin eyniadlı povestindən həm süjet xəttinin
inkişafı, həm də qəhrəmanların
xarakteristikasına görə fərqlənir. Operada German
Lizaya doğrudan da aşiqdir, Liza da qoca Qrafinyanın yoxsul
qohumu yox, onun nəvəsi, yeganə zəngin varisidir. Povestdən
fərqli olaraq, Liza zavallı gənc qız yox, Germana bəslədiyi
məhəbbətin xətrinə cəmiyyətdəki
mövqeyini qurban verməyə hazır, knyaz Yeletski ilə
deyikli münasibətinə son qoymağı bacaran
güclü xarakter sahibidir.
Əməkdar artist Fəridə Məmmədovanın
Lizası da librettodan irəli gələn və musiqinin
gücləndirdiyi hisslərin tam təcəssümü idi.
O, Lizanın partiyasını oxumadı, qəlbən
yaşadı; Qrafinyanın ölümünə bais olan
Germana görüş təyin edərkən obrazın
xarakterini açan “Ax, istomilas ya qorem” (Eh, dərd məni tamam
üzdü) ariozasının ifasından sonra salonun
alqışlarını qazandı.
İş belə gətirib ki, məşhur dünya
operalarında nisbətən yaşlı qadın
partiyaları demək olar ki, yoxdur. Bir istisna varsa, o da
“Qaratoxmaq qadın” operasındakı Qrafinyadır. Metso-soprano
səs üçün yazılmış bu partiyanı indiyədək
nisbətən daha yaşlı çağında ifa edən
görkəmli rus vokalçısı Yelena Obraztsova olub.
Maraqlıdır ki, operanın uvertürası
çalınarkən pərdə açıldıqdan sonra səhnənin
arxa divarında qumarxana təsvirini verən videoinstalyasiyada bir
anlıq Yelena Obraztsovanın Qrafinya qılafında siması
görünür. Bizim tamaşada isə Qrafinya
alışdığımız dəbdəbəli saç
düzümündə, bər-bəzəkli kriolinlə səhnəyə
çıxmır. Xalq artisti Fidan Hacıyeva tünd və
daha sadə qiyafədə, onu amansızcasına qocaldan qrimlə
səhnəyə çıxır.
“Ax, postıl mne etot svet” (Bu cəmiyyət məni
bezdirdi) ariyasını inamla ifa edən, təsəvvürümüzdə
150 il öncəki əhvalatlardan bəhs edən kostyum dramı
janrından uzaq olan bizim Qrafinyanın görkəmi
ariyadakı ovqatı tamamlayır.
Polina (Əməkdar artist Səbinə Əsədova),
knyaz Yeletski (Mahir Tağızadə), Surin (Xalq artisti Əkrəm
Poladov), Çekalinski (Əməkdar artist Tural Ağasıyev)
və qraf Tomski, Zlatoqor (Yefim Zavalnı) əsərdə, nəzərdə
tutulduğu kimi, ayrıca ariya ifa etməsələr də,
tamaşanın uğuru bu ifaçılarsız mümkün
olmazdı. Kollektiv demişkən, teatrın xor
kapellasının nizamlı, yeksəsli ifası, yığcam
balet qrupunun zərif krujevanı xatırladan rəqsləri, orkestrin
qüsursuz çıxışı, nəinki tamaşanı
vahid süjet xəttində birləşdirdi, həm də
onlarla məşğul olan xormeyster və xoreoqrafın ciddi və
düşünülmüş
çalışmasının nəticəsi idi.
“German mənim bu və ya digər musiqini bəstələmək
səbəbim yox, əsər üzərində çalışdığım
bütün müddətdə rəğbət bəslədiyim
canlı insan idi. Mən “Qaratoxmaq qadın”ı məhz sevgiylə
yazmışdım. Aman Tanrım, dünən yazıq
Germanın vida mərasimində mən necə
ağlamışdım!...”. Bu etiraf bəstəkarın
1890-cı il martın 3-də qardaşı Modestə
yazdığı məktubdandır.
Qumarxanaya gedib əlinə bircə kart almadan saatlarla
oyunçulara tamaşa edən, ilk baxışdan aşiq
olduğu qızın adını və kim olduğunu bilmədən
havalı kimi gəzən German (Əməkdar artist Fərid
Əliyev) dostları ilə görüşdə sevdiyi
qıza knyaz Yeletskinin elçi düşdüyünü, həmin
qızın da zəngin qrafinyanın yeganə varisi
olduğunu öyrənir. Qraf Tomski isə kübar cəmiyyətdə
qoca Qrafinyanın cavanlıqda Parisdə uduzduğu
bütün sərvətini uğur gətirən üç
kartın sirrini öyrənməklə geri qaytarması barədə
dolaşan lətifəni danışır. Germanın daxilində
varlanmaq arzusu ilə Lizaya qovuşmaq (bəlkə də Lizaya
qovuşmaq üçün varlanmaq arzusu?) istəkləri
ağlasığmaz ehtirasa çevrilir.
Adətən, dram tamaşalarında belə bəzi
aktyorlar özlərini əziyyətə salıb obrazı
vizual tamamlayacaq ştrixlərə fikir vermirlər,
baxışları, üz ifadəsini cilalamırlar.
Çünki tamaşa salonundan səhnəyə baxanda belə
xırdalıqlar guya görünmür. Nəzərə alaq
ki, musiqili teatrda səhnəni salondan həm də orkestr
çökəyi uzaqlaşdırır. Bu yerdə adamın
dilinə belə bir ifadə gəlir: Siz elə bilin.
Fərid Əliyev opera səhnəsindəki ilk
çıxışlarından bəri təkcə
güclü dramatik tenor səsi ilə deyil, aktyorluq ifası
ilə, səhnədəki sevgi, qəhrəmanlıq, faciə
– fərq etməz, istənilən münasibəti kino
kamerası qarşısında oynayırmış kimi dəqiq
ifadə etməyi ilə seçilir. “Qaratoxmaq qadın”
operası da istisna olmadı. Fərid Əliyev o axşam daxilən
German ola bildi və insanın ona fəlakət gətirən ehtirasın
qurbanına necə çevrildiyini qəhrəmanının
timsalında göstərə bildi.
...1890-cı il
dekabrın 7-də ilk dəfə Peterburqda Mariinski Teatrında
oynanılmış “Qaratoxmaq qadın” operası Çaykovski
yaradıcılığının zirvəsi sayılır.
İllər sonra “Qaratoxmaq qadın”ın yenidən bizim teatra
qayıdışı ürəkaçan əməldir. Hətta
məşhur teatrların momumental tamaşaları fonunda
miniatür sənət nümunəsi təəssüratı
yaratsa da...
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.5.