Gəncədən gəlirəm,
sözə bənd olub...
Gəncədən başlayan söz-sovumuz
böyük Əhməd Cavadsız keçməsin. Axı
çox-çox illər əvvəl məhz o, “Gəncənin
meyvəsi şəkər, qənd olub. Gəncədə bir
qıza gözüm bənd olub, Cavada sən baxma, mən
baxım deyir!” ilə bizi də özünün
yandığı eşq oduna pərvanə etmişdi...
Elə Gəncədə də az qala “sulara sən
axma, mən axım”, “günəşə sən
çıxma, mən çıxım”, “quşlara sən
uçma, mən uçum” deyəcək əzəmətdədir.
Onunla illər sonrası görüşüm lap həsrətin
vüsalla bitməsi qədər həzin oldu. Boz damlı
qırmızı evlər, hər küçəsi, hər
dalanı xatirələr və tarixə şahidliklə dolu
qayım-qədim şəhəri bələdçisiz gəzdim.
Əzəmətli qala qapılarından başlanan yol
məni Əttarlar küçəsi, Hamamçılar məhəlləsi,
Papaqçılar döngəsi, Qalayçılar dalanı...
kimi fərqli-fərqli məkanlara yenidən heyran etdi. Dahi
Nizaminin vətəni həmişə olduğu kimi bu gün də
dünyanın hər yerindən səyahətçiləri cəlb
edir.
Qaladan baxan şəkillər...
Uzun yolu qət edib, qara-boz çölləri,
şoran torpaqları, ara-sıra gözə dəyən heyva,
nar bağlarını, artıq barı sovulan bostan sahələrini
geridə qoyub uzaqdan günəşin oğrun şəfəqlərində
ayrı bir möhtəşəm rəngə çalan Gəncənin
Qala qapılarına yaxınlaşırıq.
Çinarlar yurdunun çinarboylu igidlərinin – Vətəni
azad və bütöv etmək üçün canından
keçən şəhidlərimizin portretlərinin, bu
torpağı daha da müqəddəs edən qəhrəmanlarımızın
fotolardan boylanan doğma və məsum, eyni zamanda əmin və
qətiyyətli baxışlarının müşayiətində
yol bizi daha da irəli aparır.
Kədər və qürurun, hüzn və əminliyin
verdiyi qətiyyətlə qocaman çinarların kölgəsində,
arxalandığımız igid oğulların cəsarəti
boyda sevginin yağışında ürəklə “Salam, Gəncə!”
deyirəm.
Budur, şəhərin qədimliyinə işarə
olan möhtəşəm Qala qapıları: Arxeologiya və
Etnoqrafiya Muzeyindəyik. Kompleksin inşasına 2012-ci ildə
başlanılıb, 2014-cü ildə başa
çatdırılıb. Tarixdən məlumdur ki, Gəncə
qalasının beş qapısı olub. Yeni yaradılan bu abidə
şəhərin “Məqbərə qapısı” adlanan
qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı
magistral yolunun hər iki tərəfində inşa edilən,
ümumi uzunluğu 50 metr, bürclərinin
hündürlüyü 22 metr olan qalanın əsas hissəsi
beşmərtəbəli, baş sütun hissəsi ilə
birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr
hündürlüyündə dövlət bayrağı
ucaldılıb, ətrafında park salınıb. Abidə-kompleksin
sağ cinahında Gəncənin gerbi yaradılıb.
Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir.
Bəlkə tarixin özü qədər?!
Ola bilər, kiməsə görə bu bir az
qabarıq təsvirdir. Amma həm də Gəncə bunun
haqqını verir. Bəzi mənbələrdə şəhərin
yaranma tarixi eramızdan əvvəlki dövrə, bəzilərində
isə Erkən Orta əsrlər dövrünə aid edirlər.
Son elmi araşdırmalar isə artıq mübahisələrə
son qoyub. Məlum olub ki, Gəncənin dörd min ildən
çox yaşı var. Bu əhəmiyyətli nəticəyə
N.Gəncəvi adına Gəncə
Tarix-Diyarşünaslıq Muzeyinin fondlarında saxlanılan,
Gəncəçay vadisində tapılan sənətkarlıq
məmulatı, qədim keramika nümunələri, qiymətli
daşlar sayəsində gəlinib. Bu, öz yerində. Amma Gəncənin
əsas tarixi ansamblı Şah Abbasın memarı və vəziri
Şeyx Bahəddin tərəfindən XVII əsrdə
yaradılan memarlıq kompleksidir. Bu kompleksə Cümə məscidi
(Şah Abbas məscidi), Çökək hamam və Şah
Abbas karvansarası daxildir.
Şəhərə ayrı bir gözəllik verən
məscidlər və türbələr sırasında,
sözsüz ki, ilk yerdə I Şah Abbasın göstərişi
ilə 1606-cı ildə inşa edilən Şah Abbas məscidinin
xüsusi yeri var. Orada olarkən eşitdiyim bir fikir (nə dərəcədə
real olduğunu demək çətindir) diqqətimi xüsusilə
cəlb etdi. Sən demə, günorta olanda tikilinin qərb
divarına düşən kölgə yox olur və bu,
günorta namazının vaxtının
çatdığı anlamına gələrmiş.
Heyrətimi görən yerli sakinlərdən biri
özünəməxsus əminliklə “Burada təəccüblü
heç nə yoxdur. Biz hələ də vaxtı o yoxa
çıxan kölgəynən bilirik. Vaxtın varsa,
gözlə, sən saatına bax, biz də kölgəyə.
Dəqiqliyə isə söz ola bilməz” dedi. Uzun zaman burada
mədrəsə də fəaliyyət göstərib və
tanınmış şair, mütəfəkkir Mirzə Şəfi
Vazeh xəttatlıq sənətindən dərs keçib
Memarlıq quruluşuna görə diqqətçəkən
daha bir məkan hazırda ətrafındakı müasir tikililərə
də meydan oxuyacaq zəriflikdəki Çökək
hamamdır. Onu da Şeyx Bahəddin elə həmin il məscidin
yanında inşa etdirib. Hamamın əsas təyinatı məscidə
namaz qılmağa gələn müsəlmanların dəstəmaz
almasına şərait yaratmaq olub. Zirzəmisində iki buxar
qazanı olan hamam odunla qızdırılıb. Sakinlərin
dediyinə görə, bu hamam hətta bir şamla da isinərmiş.
4 əsr yaşı olan bu unikal sistem 1963-cü ilə
qədər ideal vəziyyətdə imiş. Gəncə
sakini Sara Məmmədova deyir ki, hər həftə məhz bu
hamama gəlmək bizim üçün bir ayinə
çevrilmişdi. Hamının evində hamam olsa da, gəncəlilər
həftənin bir günü mütləq bura üz tuturdu.
Kompleksə aid üçüncü tikili Şah Abbas
karvansarasıdır. Onun inşasına 1606-cı ildə
Şah Abbas Səfəvinin göstərişi ilə
başlayıblar. Binanın layihələndirilməsinə və
tikintisinə Şeyx Bahəddin başçılıq edib.
Bişmiş qırmızı kərpicdən yaradılan ikimərtəbəli
bina 1613–1614-cü illərdə istifadəyə verilib. 1905-ci
ildə ermənilərin Gəncədə törətdiyi
qırğın zamanı bu karvansara da yandırılıb və
abidə ciddi dağıntıya məruz qalıb...
“Ona mən göz yetirib xəlvəti
baxdım-baxdım...”
Məqbərəyə qalxan pilləkənləri birnəfəsə
çıxdım. Məkan adama izahsız rahatlıq verir.
Günəşin gözqamaşdırıcı
şüaları səhər mehinə qoşulub
saçlarımı dağıtdıqca “Bu hüsnü camal
ilə, bu ülvi görünüşlə, Mümkünsə,
bizə lütf eləyib ruyini göstər”i, o eşq dolu qəzəldən
beyti deyirəm. Arxadan məni böyük şeyxin
“hüzuruna” yetirən Mahirə Haqverdiyevanın yarızarafat
şikayətinə, təngnəfəs olduğundan güclə
eşidilən “Ay insafsız, ayaq saxla, sənə yetəmmirəm
axı”sına qəhqəhə ilə cavab verirəm.
Məqbərə bələdçisi Aynurə
Hüseynova deyir: “Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi
bu şəhərdə anadan olub, bu şəhərdə yaşayıb
və bu şəhərdə vəfat edib. Nizami məqbərəsini
Gəncə şəhərinin simvolu da hesab etmək olar.
Şəhərin girişində, Əhmədli kəndində
yerləşən məqbərənin ilk inşası XIII-XIV
əsrlərə aid edilir. Ancaq hazırda Gəncənin şərqində
ucalan məqbərə 1947-ci ildə inşa olunub, 1991-ci ildə
isə yenilənib. Son illərdə Nizami məqbərəsi əsaslı
şəkildə bərpa olunaraq 35 hektar ərazidə şəhərcik
yaradılıb”.
Onun sözünü yarımçıq qoyaraq turistlərin
ən çox hansı sualı verdiklərini soruşuram.
Gülümsəyir: “Ən çox eşitdiyim “Doğrudan,
Nizami burada dəfn olunub” sualıdır...”.
Bələdçimiz sonra burada yaradılan süni
göl və Nizami Gəncəvinin “Xəmsə” adı ilə
məşhur olan beş poemasının təcəssümü
olan beş fəvvarədən bəhs edir.
Biz uzaqdan beş nazəndə gözəli
xatırladan fəvvarələri qoyub məqbərə ilə
üz-üzə inşa edilən muzeyə tərəf gedirik.
Binanın önündəki lövhədə də qeyd
olunduğu kimi, 2014-cü ildə tikilən muzey məqbərəyə
bitişik ərazidə ziyarətçiləri Nizaminin həyat
və yaradıcılığı ilə tanış edən
yeni məkandır. Muzeydə dahi şairin həyat və
yaradıcılığı, dünya şöhrətli əsərləri
haqqında zəngin eksponatlar nümayiş etdirilir. Burada nəşrlər,
miniatürlər, rəsm əsərləri və s.
maraqlı eksponatlar qorunur.
“İmamzadə haqqı”...
Gəncədə olduğum iki gündə ən
çox bu andı eşidirdim. Xüsusən şəhərin
ayrı-ayrı məhəllələrini dolaşarkən
burada əttarlar, orada papaqçılar, filan yerdə filan sənətkar
olub, deyib köhnə Gəncənin xiffətini edən əsl
Gəncə koloritli Təranə Cəfərova mənim bəzi
faktlar barədə təəccübümü “İmamzadə
haqqı” ilə təsdiq edirdi. Sözsüz ki, Gəncə
turumu bu məkansız təsəvvür etmədiyimdən ora
da baş çəkdim.
Gəncədəki VIII əsrə aid tarix-memarlıq
abidəsi – xalq arasında “Göy günbəz”, “Göy məscid”,
yaxud “Göy imam” kimi tanınan “İmamzadə” dini-mədəniyyət
kompleksi ölkəmizin dəyərli memarlıq abidələrindən
hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir.
Burada beşinci imam Məhəmməd Baqirin oğlu
İbrahimin dəfn olunduğu bildirilir. Tikili geniş ərazisi,
maraqlı memarlıq quruluşu ilə diqqəti cəlb edir.
Düşmənin raket hücumlarının nişanələri
4, 5, 8, 11, 17 oktyabr 2020-ci il... Bu tarixlər zaman-zaman
ağır sınaqlar görən Gəncəmizin
yağı düşmən hücumuna məruz
qaldığı son təqvimlərdir. Vətən müharibəsi
zamanı Ermənistan silahlı qüvvələri tərəfindən
5 dəfə raket hücumuna məruz qalan qədim şəhərin
sakinləri böyük ziyan gördülər. Düşmənin
dinc sakinləri, o cümlədən körpələri,
yaşlıları hədəf almaqda məqsədi
döyüş meydanındakı uğursuzluqları
ört-basdır etmək və xalqımızın müqavimətini
qırmaq, cəmiyyətdə qorxu hissi yaratmaq idi. Amma cəsur
Cavad xanın doğma şəhəri və onun qorxmaz sakinləri
bir daha öz şücaətlərini göstərdilər və
xalqımız haqq yolundakı mübarizəsini şanlı Zəfərlə
tamamladı.
Şəhərin bir neçə yerində
dağılmış tikililər indi o günlərdən
hüznlü xatirə olmaqla yanaşı, həm də yenilməzliyin
rəmzi kimi qalmaqdadır...
Bir də Xanın bağı var...
Qeyrətli Cavad xan yurdunu, zamana və özündən
qat-qat güclü imperializmə qarşı meydan oxuyan bu qəhrəmanın
şəhərini ayaqüstü gəzib-dolaşdıqdan
sonra Xan bağında ayaq saxladım. Təkcə Azərbaycanın
deyil, həm də bütün Qafqazın ən qədim
bağlarından sayılan “Xan bağı” mərkəzi
şəhər parkı çoxəsrlik ağacları ilə
məşhurdur.
Parkın təməli 1700-cü ildə qoyulub və
1804-cü ildə şəhid olan Gəncənin son hakimi Cavad
xanın şərəfinə ona “Xan bağı” adı
verilib. Rusiya işğalı zamanında “Sərdar
bağı” və ya “Qubernator bağı” kimi adlansa da, gəncəlilər
ona “Cavad bağı” deyirlər. Mənbələrdə parkda
təxminən 100 növ ağac və kol bitdiyi bildirilir.
2010-cu ildə əsaslı şəkildə yenidən
qurulan bağı dolaşdıqdan sonra yol aldım son
dayanacağım olan Gəncə Dövlət Kukla
Teatrına. Axı səfərin əsas qayəsi o qədim
tikili və içində özünə məkan tapan
kuklaçılarla görüş idi...
Həmidə Nizamiqızı
Bakı-Gəncə-Bakı
Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.6.