Dirijor Çingiz
Hacıbəyovun 110 illiyi
qeyd edildi
Oktyabrın 4-də Niyazinin Mənzil-Muzeyində
Əməkdar incəsənət
xadimi, dirijor Çingiz Hacıbəyovun
(1913-1971) anadan olmasının
110 illiyinə həsr
edilən tədbir keçirildi.
Tədbiri muzeyin direktor müavini Təranə Zeynalova açaraq Çingiz Hacıbəyovun
həyatı ilə bağlı aparılan araşdırmalardan danışdı.
Diqqətə çatdırdı
ki, sənətkara aid sənədlərdə,
o cümlədən vaxtilə
işlədiyi Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasından əldə edilən əmək kitabçasında
onun yalnız anadan olduğu il göstərilirdi. Muzey kollektivinin birgə araşdırmaları nəticəsində
Çingiz Hacıbəyovun
doğum gününün
2 oktyabr olduğu müəyyən edildi.
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova çıxışında Hacıbəyovlar
nəslinin musiqi mədəniyyəti tariximizdə
əvəzolunmaz xidmətlərindən
danışdı. Qeyd
etdi ki, Çingiz Hacıbəyov
dahi bəstəkar Üzeyir Hacıbəylinin
qardaşı, ölkəmizdə
musiqili teatrın yaradıcılarından olan
Zülfüqar Hacıbəyovun
oğlu, maestro Niyazinin
qardaşıdır. O, 1921-ci ildə Bakıda fəaliyyət göstərən
türk musiqi məktəbində skripka
sinfində təhsil alıb. 1932-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında skripkaçı kimi əmək fəaliyyətinə
başlayıb. Müxtəlif
vaxtlarda Azərbaycan Xalq Komissarları Soveti nəzdində Radio Komitəsinin simfonik orkestrində, Dövlət
Musiqili Komediya Teatrında, Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrində işləyib.
Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində pedaqoji fəaliyyətlə
məşğul olub.
Çingiz Hacıbəyov
1971-ci il yanvarın 18-də Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.
Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanan
slayd-şou ilə müşayiət olundu.
Tədbirin bədii hissəsində
Azərbaycan və Avropa bəstəkarlarının
əsərlərindən ibarət
musiqi proqramı təqdim edildi.
S.Fərəcov
Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.3.