Milyonçu özbək kəndlisinin xeyirxahlığı

 

Qastrollar hər bir truppanın nəbzinin rəvanlığını təmin edən amillərdəndir. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbəkistanın teatrları arasında əməkdaşlıq memorandumlarının təzahürü olaraq qardaş ölkədən daha bir yaradıcı kollektivin Bakıya qastrol səfəri gerçəkləşdi. Özbəkistanın Əlişir Nəvai adına Namanqan Vilayət Musiqili Dram və Komediya Teatrı 2-3 oktyabr tarixlərində Akademik Musiqili Teatrın səhnəsində “Ah, bu qocalar – qəribə qocalar!” komediyası ilə çıxış etdi.

Tamaşa özü kasıb, pula ehtiyacı olsa da, əldə etdiyi vəsaiti xeyirxahlıq işlərinə, məsələn, Afrikanın aclıq çəkən əhalisinə sərf etmək qədər mənəvi zənginliyi olan Murad adlı bir ahıldan və onun ailə üzvlərindən, qonşularından, dost-tanışlarından bəhs edir. Özbəkistanın Xalq şairi Oxunjon Həkimovun qələmə aldığı, Marufjon Niyazovun səhnələşdirib quruluş verdiyi əsərdə maddi imkanın insanın ətrafındakı bütün doğma və qeyri-doğma şəxslərlə münasibətlərinə necə dərin təsir etdiyi real cizgilərlə çatdırılır.

Dünən Murad kişi (aktyor B.Curayev) kasıb idi, gəlini Kəbirə (Özbəkistanın Əməkdar artisti M.Abdullayeva) onunla saymazyana davranırdı, bu gün isə onun lotereyada böyük məbləğ udduğu ortaya çıxan kimi saymazyanalıq ədəb-ərkan, hörmət-izzətlə əvəz olunur. Bundan xəbər tutan kənd əhli arasında Murad kişiyə ərə gəlməyə razı olan bir qadın da tapılır.

Murad kişi əvvəl buna çox şad olur. Amma lotereya uduşunun səhvən onun biletinə aidliyi aşkar olanda cavan arvadı ondan üz döndərir. Çap səhvi üzündən baş verən yanlış uduş məyusluğu uzun çəkmir. Məhkəmənin qərarını əks etdirən məktub gəlib çıxır. Məktubda Murad kişinin vaxtilə ona dəymiş mənəvi ziyana görə heç də az olmayan məbləğdə təzminat almaq imkanı bildirilir.

Murad kişi bu məbləği Afrikada aclıqdan əziyyət çəkən əhaliyə göndərmək istəyir. Amma dostları onu başa salırlar ki, Afrikada hökumətlər özü öz əhalisinin qeydinə qalar. Və o, təzminat vəsaitini ailə təsərrüfatının qurulmasına sərf etmək qərarına gəlir. Bu rolun ifaçısının başqalaşmaq bacarığı xüsusi qeyd edilməlidir.

1970-ci illərin Özbəkistan kəndlərindən birinin sakinlərinin həyatından bəhs edən və özbək dilində oynanılan tamaşa nikbin sonluqla yekunlaşdı.

Sənət axşamı iki qardaş ölkənin teatr təmsilçilərinin təşəkkür çıxışları və özbək ifaçısının musiqi nömrəsi ilə davam etdi.

***

Tamaşadan sonra Namanqan Vilayət Musiqili Dram və Komediya Teatrının rejissoru və aktyoru Marufjon Niyazovdan “Mədəniyyət” qəzeti üçün qısa müsahibə aldıq:

– Teatrınızın əsası nə vaxt qoyulub? Neçə ildir burada çalışırsınız?

– Bizim teatr 1931-ci ildən fəaliyyətdədir. Onun yaradılmasında bir neçə pedaqoq yaxından iştirak edib. Truppa 1931-ci il iyunun 15-də “İki kommunist” tamaşası ilə tamaşaçıların qarşısına çıxıb. İlk onillik ərzində teatrımız özbək müəlliflərin əsərlərini tamaşaya qoyub. Özümə gəlincə, artıq 40 ildir bu teatrdayam.

– Bu tamaşa nə vaxtdan repertuardadır? Onu başqa hansı ölkələrdə göstərmisiniz?

– “Ah, bu qocalar – qəribə qocalar!” tamaşası 15 ildir repertuardadı. Onunla Orta Asiya respublikalarının hamısında çıxış etmişik. Ümumilikdə repertuarımızda 20-dən çox tamaşa var. Hər gün səhnəmizdə tamaşa oynanılır.

– Daha çox hansı tamaşalara maraq var?

– Komediyalara baxmağı daha çox sevirlər.

Bir neçə kəlmə də əsərin mərhum müəllifi haqqında. Oxunjon Həkimovun (1934-2020)  yaradıcılıq yolu 1950-ci illərin sonlarında başlayıb. Çoxlu sayda nəzm əsərləri toplusu və oçerklər müəllifi kimi özbək mədəniyyətində iz qoyub, ədəbiyyat aləmində lirik şair kimi tanınıb. Bütün əsərlərində insan xoşbəxtliyini, inam və mənəviyyatı ön plana çəkib. Yumoru da təbii və düşündürücüdür.

 

Samirə Behbudqızı

Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.3.