Şair-həkim: Məsihi
Orta əsrlər Azərbaycan ədəbiyyat və mədəniyyət
salnaməsində çoxtərəfli
yaradıcılığı ilə dərin iz qoyan mütəfəkkirlər
yaşayıb. Şair, həkim, musiqiçi və xəttat
kimi tanınan Məsihi də onlardan biridir.
Rüknəddin Nizaməddin Əli oğlu Məsud (Məsihi)
İranın İsfahan şəhərində anadan olub. Mənbələrdə
təvəllüdü 1579-1580-ci illər, vəfat tarixi
1655-1656-cı illər kimi göstərilir. Atası əslən
Təbrizdən olub və dövrünün
tanınmış təbibi kimi uzun illər Səfəvi
sarayında çalışıb. I Şah Təhmasib
paytaxtı Təbrizdən Qəzvinə, Şah Abbas isə
İsfahana köçürəndə o da saray əyanları
kimi bu şəhərə gəlir.
İlk təhsilini İsfahanda alan Məsihi fars və ərəb
dillərini mükəmməl öyrənir. Təbabət, fəlsəfə,
məntiq, nücum və ilahiyyat elmlərini dərindən mənimsəyir,
həmçinin xəttatlıqla maraqlanır.
Atası övladının həkim olmasını istəyir.
O da böyük səylə təbabət elmini öyrənir.
Hətta “Müalicə qaydaları“ adlı kitab da yazır.
Lakin bütün bunlara baxmayaraq o, xalq arasında daha çox
şair kimi tanınır. Erkən çağlardan poeziyaya
maraq göstərən Məsihi Azərbaycan və fars dillərində
şeirlər qələmə alır. Fars dilində “Dane və
dam” (“Buğda və tələ”), “Zənbur və əsəl”
(“Arı və bal”) adlı əsərləri maraqla
qarşılanır. Bədii yaradıcılıqla müntəzəm
məşğul olur. Əsərlərinin tam külliyyatı
yüz min beytə çatır. Təəssüf ki, onun
poetik irsinin böyük bir qismi dövrümüzə gəlib
çatmayıb. Ancaq bir sıra kiçik həcmli lirik əsərləri,
habelə məşhur “Vərqa və Gülşa” poeması
onun şair qüdrətini ortaya qoyub.
Mənbələrdə qeyd olunur ki, atası kimi Məsihi
də Şah Abbasın sarayında həkim kimi
çalışıb. Geniş dünyagörüşü,
yüksək savadı, saray mühiti üçün vacib
amil sayılan böyük poetik istedadı tezliklə Şah
Abbasın diqqətini çəkir. Şah onu özünə
müşavir təyin edir.
Orta əsr təzkirəçilərinin
yazdığına görə, Şah Abbas
vaxtaşırı elmi, ədəbi, siyasi məclislər təşkil edir. Məsihi
də şahın müşaviri kimi bu tədbirlərə
qatılır. Şah xətrini istədiyi bir adam kimi tez-tez Məsihinin
evində qonaq olur. Lakin zaman gəlir, məlum olmayan səbəblərdən
onların münasibətləri pozulur. Məsihi saraydan
uzaqlaşır. Başa düşür ki, artıq onun
İsfahanda yaşaması mümkün deyil. Bu səbəbdən
yaxın həkim dostu Heydərlə Hindistana səfər edir.
Orada müxtəlif hökmdarların, o cümlədən
Böyük Moğollar sülaləsindən olan Əkbər
və Cahangir şahın sarayında həkim kimi fəaliyyət
göstərir.
Şah Cahangirin zamanında sarayda baş verən bir əhvalat
xalq arasında geniş yayılır. Deyilənə görə,
bir gün sarayda Məsihinin hansısa hərəkətinə
ciddi irad tutulur. Bu, dərhal şaha çatdırılır.
Buna görə də ondan sarayı tərk etmək tələb
olunur. O da məcbur qalıb saraydan uzaqlaşır. Bu hadisənin
üstündən heç bir il keçməmiş şah
ağır xəstələnir. Saray həkimləri nə qədər
çalışsalar da, şahı sağalda bilmirlər.
Hökmdarın vəziyyəti günü-gündən
ağırlaşır. Vəzir-vəkil çox
götür-qoy etdikdən sonra məcbur qalıb həkim Məsihinin
dalınca adam göndərirlər. Şahın xəstələndiyini
və durumunun çox ağır olduğunu bildirirlər.
Ondan üzr istəyib yenidən saraya dəvət edirlər. Məsihinin
müalicəsi sayəsində şah sağalır.
Əhvalatdan xəbərdar olan hökmdar Məsihini yanına
çağırır və onu bağışladığını
deyir. O, 20 il Hindistanda yaşayır. Sarayda görkəmli Azərbaycan
şairi Saib Təbrizi ilə də tanış olur.
Şair 1632-ci ildə vətənə dönür.
Ömrünün böyük hissəsini qürbətdə
keçirən Məsihi deyərmiş: “Heç nədən
korluq çəkməsəm də, qürbətin qərib
axşamları məni sıxır və
darıxdırırdı. Bəzən yel qanadlı xəyallar
məni öz dünyamdan qoparar və lal-kar bir aləmə
aparardı... Fikir-xəyaldan ayrılanda ah vətən, vətən
deyərdim”.
Vətənə qayıtdıqdan sonra o, vaxtilə
Şah Abbasın şərəfinə yazmağa
başladığı və yarımçıq
qalmış “Vərqa və Gülşa” poemasını
tamamlayır. Saraya gəlir və kitabı Şah Səfiyə
təqdim edir. Kitab qəbul olunur. Ancaq onun sarayda qalıb
yaşamağı məsləhət bilinmir. Kor-peşman geri
dönən şair İsfahan vilayətinin Kaşan şəhərinə
gedir. Ömrünün qalan hissəsini burada həkimlik fəaliyyəti
ilə keçirir.
Rüknəddin Məsud Məsihi təxminən 80
yaşında Kaşan şəhərində vəfat edib.
İlk “Divan”larından biri onun ölümündən sonra
Saib Təbrizi tərəfindən tərtib olunub. Məsihinin
şəxsi tanışlarından olan təzkirəçi
Mirzə Tahir Nəsrabadi yazır ki, Saibin evində onun 10
“Divan”ı varmış.
Görkəmli ədəbiyyatşünas-alim, professor
Əliyar Səfərli (1937-2017) 1966-cı ildə “Məsihi və
onun “Vərqa və Gülşa” poeması” mövzusunda namizədlik
(fəlsəfə doktoru) dissertasiyası müdafiə edib.
Alim tərəfindən şairin İsfahan şəhərindəki
“Fərhəng” kitabxanasında saxlanılan şeir divanı
aşkar olunub. Əsər 1998-ci ildə Tehranda ərəb
qrafikalı Azərbaycan əlifbası ilə işıq
üzü görüb. Ə.Səfərli Məsihi
“Divan”ındakı qəzəl, rübai və məsnəviləri
geniş təhlil edib.
S.Fərəcov
Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.6.