Dünya
memarlığının yolları Bakıda kəsişir
VI Beynəlxalq Memarlıq Müsabiqəsinə 26
ölkədən 200-dən çox iş təqdim olunub
4-6 oktyabr tarixlərində VI Bakı Beynəlxalq
Memarlıq Müsabiqəsi keçirilir. Azərbaycan Memarlar
İttifaqının Mədəniyyət Nazirliyi ilə birgə
təşkil etdiyi ənənəvi müsabiqə bu il
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr
olunub.
Oktyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində
(BMM) müsabiqəyə təqdim olunan layihələrdən
ibarət sərginin açılışı keçirildi.
Açılış mərasimindən əvvəl
müsabiqənin münsiflər heyətinin üzvləri Fəxri
xiyabanda Ulu öndər Heydər Əliyevin, akademik Zərifə
xanım Əliyevanın məzarlarını ziyarət edib,
önünə tər çiçəklər düzüblər.
Sonra Şəhidlər xiyabanı ziyarət edilib.
Sərginin açılışı zamanı Azərbaycan
Memarlar İttifaqı (AMİ) idarə heyətinin sədri Elbəy
Qasımzadə qonaqları salamlayaraq dedi ki, müsabiqə
yüksək reytinqə malik dünya memarlıq müsabiqələrinin
sırasına daxildir. O, müsabiqəyə daxil olan layihələrin
keyfiyyəti, sayı, eləcə də
iştirakçıların təmsil etdikləri ölkələr
haqqında məlumatı diqqətə çatdırdı.
Bildirdi ki, dünya memarları tərəfindən Bakıda
keçirilən müsabiqəyə maraq ildən-ilə
artır. Bu il müsabiqəyə 26 ölkədən 200-dən
çox iş təqdim olunub və sevindirici haldır ki, bu
işlərin 37-si yerli memarlara məxsusdur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
sədr müavini Dövlətxan Dövlətxanov müsabiqənin
əhəmiyyətindən danışaraq Azərbaycanın qədim
və zəngin memarlıq ənənələrinin
olduğunu vurğuladı: “Azərbaycan xalqı əsrlər
boyu özünün memarlıq məktəblərini
yaradıb, qədim dövrlərdən bu günümüzə
möhtəşəm memarlıq abidələri yadigar qoyub.
Son dövrlər ölkəmizin, xüsusən də paytaxt
Bakının simasını dəyişən, onun yeni rəmzlərinə
çevrilən binalar inşa olunub”.
Mədəniyyət nazirinin müavini Səadət
Yusifova bildirdi ki, müsabiqə dünyanın
tanınmış memarları ilə təcrübə
mübadiləsi həyata keçirməyə imkan verəcək,
gənc memarların bilik və bacarıqlarının
inkişafına təkan olacaq: “Azərbaycan qədim tarixi
köklərə malik, müxtəlif coğrafiya və
sivilizasiyaların kəsişməsində yerləşən
zəngin bir mədəniyyətin sahibidir. Bu mədəniyyətin
ən böyük və vacib hissələrindən biri də
memarlıqdır. Xalqımızın milli sərvəti olan
abidələrin qorunması, tədqiqi və təbliği,
onlara qayğı hamımızın gələcək nəsillər
qarşısında müqəddəs borcudur. Tarix və mədəniyyət
abidələrimiz bu gün dövlət tərəfindən
qorunur. Mədəni irsimizin qorunması və gələcək
nəsillərə ötürülməsinin təmin edilməsi
məqsədilə milli qanunvericilik bazası daim təkmilləşir”.
Qeyd olundu ki, Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 18 dekabr tarixli fərmanı ilə Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət
Xidmətinin yaradılması, ötən müddət ərzində
dövlət başçısının göstərişi
ilə bir çox abidələrdə bərpa-konservasiya
işlərinin həyata keçirilməsi və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi
altında Heydər Əliyev Fondu tərəfindən də
çox böyük layihələrin icra olunması bu sahəyə
göstərilən diqqətin bariz nümunəsidir.
Azad olunmuş ərazilərdə müasir şəhərsalma
təcrübəsi tətbiq edilir
Nazir müavini bildirdi ki, Azərbaycanın
işğaldan azad olunan Qarabağ və Zəngəzur iqtisadi
rayonlarına daxil olan ərazilərdə genişmiqyaslı bərpa
və yenidənqurma işləri həyata keçirilir. Burada
sadəcə bərpa deyil, eyni zamanda “ağıllı kənd”lər
və “ağıllı şəhər”lər inşa olunur, ən
müasir şəhərsalma təcrübəsindən istifadə
edilir. Bu isə memarlarımız və
memarlığımız üçün ciddi sınaqdan
başqa, həm də yeni imkanlar açır.
Səadət Yusifova çıxışının
sonunda müsabiqə iştirakçılarına uğurlar
arzuladı.
Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov müsabiqənin əhəmiyyətini
qeyd edərək gələcəkdə yerli memarların əməyinin
dəyərləndirilməsi, şəhərsalmada yerli
memarlara müraciətin vacibliyini vurğuladı.
Azərbaycan Memarlıq və İnşaat
Universitetinin rektoru Gülçöhrə Məmmədova
çıxışında 2000-ci illərin əvvəlindən
Azərbaycanın yeni memarlıq mərkəzinə
çevrildiyini dedi, müsabiqənin gənc memarlar
üçün əhəmiyyətinə diqqəti çəkdi.
Açılış mərasimindən sonra VI Bakı
Beynəlxalq Memarlıq Müsabiqəsi münsiflər heyətinin
iştirakı ilə mətbuat konfransı təşkil
edildi.
Müsabiqə 7 nominasiya üzrə keçirilir:
“İctimai binaların memarlığı sahəsində həyata
keçirilmiş ən yaxşı layihə”,
“Yaşayış binalarının memarlığı sahəsində
həyata keçirilmiş ən yaxşı layihə”, “Həyata
keçirilmiş ən yaxşı interyer”, “Həyata
keçirilməmiş ən yaxşı layihə”,
“Landşaft memarlığı sahəsində həyata
keçirilmiş ən yaxşı layihə”, “Binaların bərpası
və yenidən qurulması sahəsində həyata
keçirilmiş ən yaxşı layihə”, “Memarlıq sahəsində
ən yaxşı nəşr”.
Qaliblər oktyabrın 6-da elan ediləcək.
Müsabiqənin münsiflər heyətində Deniz
İncedayı (Türkiyə), Kevin Bingham (Cənubi Afrika),
Divya Kuş (Hindistan), Giuseppe Cappochin (İtaliya), Leo Orellana
(Çili) və Elbay Qasımzadə (Azərbaycan) yer
alıb.
Beş müsabiqədə mindən çox layihə
Xatırladaq ki, Bakı Beynəlxalq Memarlıq
Müsabiqəsi ilk dəfə 2013-cü ildə keçirilib
və ənənəvi olaraq iki ildən bir təşkil
edilir. Müsabiqənin münsiflər heyəti Beynəlxalq
Memarlar İttifaqı tərəfindən tövsiyə olunan
dünya şöhrətli memarlardan ibarətdir. Ötən
10 ildə münsiflər heyətində Mişel Barmaki
(Livan), Vassilis Squtas (Yunanıstan), Tomas Vonier (ABŞ), Hayder Ali
(Sudan), Patrik Kolombiye (Fransa), Esa Mohamed (Malayziya), Katerine Jakot
(Fransa), Viti Nsalambi (Anqola), İn-Souk Ço (Cənubi Koreya),
Viktor Leonel (Anqola), Jozef Kuan (Honq-Konq) və E.Qasımzadə
kimi tanınmış memarlar təmsil olunublar.
Ümumiyyətlə, 2013-2021-ci illər ərzində
müsabiqədə dünyanın 53 ölkəsindən
memarlar mindən çox layihə ilə iştirak ediblər.
Ötən beş müsabiqədə Portuqaliya, Fransa,
ABŞ, Sloveniya, Gürcüstan, Yaponiya, Rusiya, Mərakeş,
Xorvatiya, İtaliya, Banqladeş, İspaniya, Ukrayna, Almaniya,
Vyetnam, Sinqapur, Qırğızıstan, Yunanıstan, Malayziya,
Cənubi Afrika, Misir, Çin, İran, Keniya, BƏƏ,
Meksika, Rumıniya, Polşa, Hindistan və Azərbaycandan
memarlar qalib olublar.
Lalə Azəri
Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.1;2.