Beynəlxalq Memarlar
İttifaqının üzvləri AzMİU-da olublar
Oktyabrın 5-də Beynəlxalq Memarlar
İttifaqının prezidenti və müxtəlif ölkələrdən
olan üzvləri Azərbaycan Memarlıq və İnşaat
Universitetində (AzMİU) olublar.
Rektor Gülçöhrə Məmmədova qonaqlara
universitet haqqında məlumat verib. O, ölkəmizdə
memarlıq və inşaat sahəsi üzrə 100 illik ali təhsil
ənənəsinin olduğunu vurğulayaraq bildirib ki, Ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə
1975-ci ildə yaradılan AzMİU o zamanlar öz profili üzrə
Cənubi Qafqazın ən böyük ali təhsil müəssisəsi
olub: “Bu gün universitetdə memarlığın və
inşaatın bütün istiqamətləri üzrə kadr
hazırlığı həyata keçirilir. On bir minə
yaxın tələbəmiz, əlli mindən çox məzunumuz
var. Bu da ölkəmizdə inşaat sahəsinin,
memarlığın inkişafı ilə əlaqədardır”.
Vurğulanıb ki, işğaldan azad olunan torpaqlarımızda
aparılan geniş quruculuq işləri memarlara və
inşaat mühəndislərinə tələbatı xeyli
artırıb.
Rektor diqqətə çatdırıb ki, Dünya
Universitetləri Assosiasiyasına üzv olan AzMİU-nun
memarlıq və inşaat mühəndisliyi üzrə
dünyanın ən qabaqcıl ali təhsil müəssisələri
ilə sıx əməkdaşlıq əlaqələri
mövcuddur. Kadr hazırlığında tədrislə
yanaşı, praktik vərdişlərin
formalaşdırılmasına da üstünlük verilir.
Müəllim və tələbələrin Dünya Memarlar
Konqresində iştirakı, məşhur memarlarla ünsiyyəti
və əlaqə qurması təmin olunur.
Azərbaycan Memarlar İttifaqının sədri,
AzMİU-nun kafedra müdiri Elbay Qasımzadə çıxışında ölkəmizdəki
qədim alban məbədlərinə diqqət çəkərək
qeyd edib ki, bu məbədlərin böyük əksəriyyəti
vaxtilə işğal altında olub və ermənilərin təxribatlarına
məruz qalıb: “Azərbaycanda alban və xristian
memarlığını mərhum professor Davud Axundov
araşdıraraq dünyaya təqdim edib. Professor
Gülçöhrə Məmmədova onun
davamçısı olaraq bu işləri davam etdirir. Hesab edirəm
ki, işğaldan azad olunmuş ərazilərimizdə saxtalaşdırılan
memarlıq abidələrimiz onun rəhbərliyi ilə
peşəkar memarlarımız tərəfindən yüksək
səviyyədə bərpa edilərək öz görkəminə
qaytarılacaq”.
Beynəlxalq Memarlar İttifaqının prezidenti,
meksikalı professor Xose Luis Kortes görüş
üçün təşəkkürünü bildirib və
Azərbaycanda memarlığa, xüsusilə ölkənin
memarlıq təhsilinə qayğının hiss olunduğunu
deyib. O, həmçinin dünyanın müxtəlif ölkələrində
apardığı tədqiqatlar, memarlığın
inkişafı ilə bağlı araşdırmaları
haqqında məlumat verərək AzMİU-nun memarlıq
ixtisası üzrə professor-müəllim heyəti ilə əməkdaşlığa
açıq olduğunu qeyd edib.
Türkiyənin Memar Sinan Universitetinin professoru Deniz
İncedayı, memarlığın inkişafı üzrə
nüfuzlu “Barbara Kappoçin” Fondunun prezidenti Cüzeppe
Kappoçin, Hindistan Memarlıq İnstitutunun professoru Divya
Kuş, Cənubi Afrika Respublikasından olan memar, “FGG Architects
Inc” şirkətinin direktoru Kevin Bingham görüşə
görə minnətdarlıqlarını bildirib, Bakıda
gördükləri memarlıq nümunələri ilə
bağlı fikirlərini bölüşüb, AzMİU ilə
əməkdaşlıq perspektivlərindən söz
açıblar.
Qonaqlar universitetin Memarlıq fakültəsinin
maddi-texniki bazası, tədris laboratoriyaları, tələbələrin
kurs işləri, müxtəlif zamanlarda müəllim və
tələbələr tərəfindən icra edilən layihələrin
eskizləri ilə tanış olublar.
Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.2.