Şuşaya hər paytaxt adı yaraşır...

 

 

Azərbaycanın mədəniyyət paytaxtı, milli musiqi və söz-sənət beşiyimiz Şuşa ard-arda beynəlxalq miqyasda daha bir mötəbər missiyaya layiq görülüb. Qala-şəhərimiz 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (Economic Cooperation Organization – ECO) “Turizm paytaxtı” olacaq.

Bu barədə qərar təşkilatın 4-5 oktyabrda İranın Ərdəbil şəhərində keçirilən yüksək vəzifəli turizm ekspertlərinin 7-ci və turizm nazirlərinin 5-ci iclaslarının yekununa dair qəbul edilmiş Ərdəbil Bəyannaməsində əks olunub.

Qeyd edək ki, 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına Azərbaycan Respublikası sədrlik edir. Ölkəmizin 1992-ci ildə üzv olduğu ECO-ya həmçinin Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Pakistan, Tacikistan, Əfqanıstan daxildir.

Ərdəbildə keçirilən iclaslarda ölkəmizi Dövlət Turizm Agentliyinin nümayəndə heyəti təmsil edib. Tədbirdə üzv dövlətlər arasında turizm sahəsində mövcud əməkdaşlıq perspektivlərinə dair geniş müzakirə aparılıb, müvafiq sahə üzrə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib.

İclasda səsvermə nəticəsində Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün “Turizm paytaxtı” seçilib.

Xatırladaq ki, bu günlərdə (25-26 sentyabr) Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülüb və yekdilliklə qəbul olunub.

Beləliklə, 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını daşıyan Şuşa irəlidəki illərdə də “paytaxt” adları ilə dünyanın diqqətini üzərinə çəkəcək.

 

Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.1.