Mədəniyyətimizin
böyük hamisi
İllərin
xronikasından
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə,
doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif işinin
qabaqcıl səviyyədə təşkili sahəsində də
müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət
və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O, hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçdiyimiz məqamları “Heydər
Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli ötən sayımızda)
1996-cı il 15 dekabr
Prezident Heydər Əliyev Teleteatrda “Beynəlxalq
uşaq televiziyası və radiosu günü”, habelə
UNİCEF-in 50 illiyi münasibətilə mərasimdə
çıxış edib.
1996-cı il 20 dekabr
Akademik Opera və Balet Teatrında Rusiya Dövlət
Akademik Orkestrinin – “Vivaldi Orkestri”nin xeyriyyə konsertinə
baxıb. Konsertdən sonra orkestrin heyəti ilə
görüşərək söhbət edib.
1996-cı il 27 dekabr
Azərbaycanın və keçmiş SSRİ-nin Xalq
artisti, görkəmli müğənni Zeynəb Xanlarovanı
yubileyi (60 il) münasibətilə təbrik edib. “Siz Azərbaycan
milli musiqisinin, mədəniyyətinin vətənimizdən
uzaqlarda ən böyük təbliğatçılarından
biri olmaqla bərabər, öz nadir istedadınızla
bütün Şərq aləminin sevimli Zeynəbinə
çevrilmisiniz. Azərbaycan xalq mahnıları, muğam, təsnif
və müasir bəstəkarların əsərləri ilə
yanaşı, siz dünya xalqları folklorunun mahir
ifaçısı kimi də geniş şöhrət
tapmısınız”, – deyə təbrik məktubunda
bildirilirdi.
1997-ci il 7 yanvar
Xalq şairi Qabilin anadan olmasının 70 illiyi
münasibətilə Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrında keçirilən gecədə iştirak edib.
“...Mən şairlərin, yazıçıların, ədəbiyyatçıların
son illərdə keçirilən yubileylərini
xatırlayıram. Bu yubileylərdə hər bir sənətkarların
yaradıcılığına qiymət verilir. Biz, məsələn,
Qabilin əsərlərini oxumuşuq, lakin bu şeirləri
bir daha yada salmaq çox əhəmiyyətlidir, həm də
dinləyəndə o, insana zövq verir. Mən bu yubiley gecəsinə
təkcə Qabilə hörmət naminə gəlməmişəm,
buraya həm də incəsənətimizlə, ədəbiyyatımızla,
şeirimizlə görüşmək üçün gəlmişəm...
Qabilin Nəsimi haqqında yazdığı mənzum
roman mənim yaxşı xatirimdədir... Nəsimi haqqında
belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə
dolu mənzum roman yazmaq hər adamın, şairin,
yazıçının işi deyil. Qabil bunun öhdəsindən
gəldi. Mən bu gün bu yubiley gecəsinə böyük
məmnuniyyət hissi ilə gəlmişəm...”.
1997-ci il 19 yanvar
Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasında
cərrahiyyə əməliyyatı keçirən və
müalicə olunan Xalq şairi Bəxtiyar Vahabzadəyə baş çəkib.
1997-ci il 20 yanvar
Respublika Sarayında Ümumxalq Hüzn Gününə
həsr olunmuş xatirə gecəsi başa çatdıqdan
sonra ədəbi-bədii kompozisiyanın
iştirakçıları olan incəsənət ustaları
ilə görüşüb.
“...Bugünkü tamaşanın həm bədii dəyəri,
həm də ifaçıların hər birinin keçirdiyi
daxili hisslər, hadisəni dərk etməsi xatirə gecəsinə
həqiqətən xüsusi əhəmiyyət verdi. Bunlar
çox təsirli idi, şəxsən mənə təsir
etdi... Bununla belə, nə qədər kədərli olsa da,
20 Yanvar gününü xatırlayarkən hər birimiz eyni
zamanda böyük iftixar hissi keçiririk. Çünki
xalqımız həmin təcavüz qarşısında
özünün əyilməzliyini,
sarsılmazlığını bütün dünyaya
sübut etdi. Azərbaycanın şairləri,
yazıçıları, mədəniyyət xadimləri, incəsənət
xadimləri, bəstəkarları və ifaçıları
ilə də fəxr edə bilərik ki, bizim belə yüksək
səviyyəli mədəniyyətimiz var, hətta bu kədərli,
qəmli hadisəni də incəsənətimiz vasitəsilə
nümayiş etdirə bilirik... Arzu edirəm ki, sizin
yaradıcılığınız bundan sonra həmişə
şadlığımıza, xalqımızın sevincinə,
qələbələrinə həsr olunsun...”.
1997-ci il 25 yanvar
Rüstəm Mustafayev adına Azərbaycan Dövlət
İncəsənət Muzeyinin albom-kataloqunun təqdimat mərasimində
iştirak edib. Albom-kataloq Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun və Azərbaycan Beynəlxalq Əməliyyat
Şirkətinin (“Əsrin müqaviləsi” üzrə
konsorsiumun operatoru) köməyi ilə nəşr olunub.
1997-ci il 31 yanvar
Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi,
həqiqi və müxbir üzvləri, institut direktorları və
aparıcı alimləri ilə görüşdə nitq
söyləyib.
1997-ci il 1 fevral
Azərbaycanda dövlət quruculuğu sahəsində
gənclərin müstəsna rîlunu və 1996-cı il 2 fevral
tarixində müstəqil Azərbaycan Respublikası gənclərinin
birinci forumunun keçirilməsini nəzərə alaraq 2
fevralın “Azərbaycan Gəncləri Günü” elan edilməsi
haqqında sərəncam imzalayıb.
1997-ci il 2 fevral
Görkəmli balet ustası, SSRİ Xalq artisti, Dövlət
mükafatı laureatı Leyla Vəkilovanın 70 illiyi
münasibətilə keçirilən gecədə
çıxış edib.
“...Azərbaycanda baletin belə inkişaf etməsinə
görə biz məhz incəsənət ustalarımıza, o
cümlədən Leyla xanıma minnətdarıq. Leyla
xanım dedi ki, ömrünün 53 ilini bu sənətə həsr
etmişdir... İnsan peşəni elə-belə seçmir, əksər
hallarda öz daxili bacarığını, arzu və istəyini
nəzərə alaraq seçir... Hesab edirəm ki, səhnədə
olanların hamısı hünər göstərir. Balet isə
səhnə sənətinin bütün janrları
arasında, əlbəttə, xüsusi yer tutur. Mən
bütövlükdə incəsənət, o cümlədən
də balet həvəskarı kimi bunu həmişə hiss
etmişəm, başa düşmüşəm və həmişə
də qeyd etmişəm. Bu gün də çox şadam
kı, Azərbaycan baleti belə yaxşı səviyyədədir.
Leyla xanım Sizə təşəkkür edirəm, mən
Sizə öz təbrikimi göndərmişəm. Bu gün
xüsusi olaraq gəldim ki, Sizi şəxsən təbrik edim.
Mədəniyyət xadimlərini, görüş
iştirakçılarını əmin edirəm ki, əvvəllər
olduğu kimi, yenə də incəsənətə həmişə
kömək edəcəyəm, müasir şəraitdə
mümkün olan bütün tədbirləri görəcəyəm
ki, baletimiz getdikcə yüksəlsin, opera və balet
teatrımız yaşasın, var olsun, bizdə yeni-yeni balet
ustaları, yeni-yeni incəsənət ustaları
yaransın...”.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.5.