Yaponiyalı qonaqlar Şəkinin tarixi-mədəni irsi ilə tanış olublar

 

“Tet İnternational Development” LLC-nin təşkilatçılığı ilə Yaponiyadan gələn iş adamları respublikamızın şimal-qərb bölgəsinə səfərləri çərçivəsində Şəki şəhərində də olublar.

Yaponiyalı iş adamları əvvəlcə şəhərin tarixi hissəsinə – “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər.

Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan sarayı ilə tanışlıq qonaqlarda böyük maraq doğurub. Məlumat verilib ki, Xan sarayı XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi 2019-cu ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Qoruğun ərazisində yerləşən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq zamanı qeyd edilib ki, keramika sənəti qədim dövrlərdən başlayaraq Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olub. Sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə sənətkarlığın digər növləri kimi, keramika sənəti də bu günə qədər öz əhəmiyyətini saxlayıb. Bildirilib ki, mərkəzin yerləşdiyi bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. Mərkəzdə keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb. Bura həm də Qafqazda ilk keramika mərkəzi kimi tarixə düşüb.

 

Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.4