Afişa: film barədə öncədən
“danışan şəkil”
Azərbaycan 8-11 oktyabr tarixlərində
III “Korkut Ata” Türk Dünyası Film Festivalına
ev sahibliyi edir.
Oktyabrın 8-də Heydər Əliyev
Mərkəzində festivalın
açılışına toplaşanlar Azərbaycan
kino sənəti barədə
ümumi təəssürat
yaradan sərgi ilə də tanış oldular. Sərgidə müxtəlif
illərdə “Azərbaycanfilm”
kinostudiyasında istehsal
prosesində istifadə
edilmiş kinokameralar,
ən çox sevilən filmlərin afişaları, kino qəhrəmanlarının
geyimləri manekenlər
üzərində nümayiş
olunurdu.
Afişaların arasında ən
qədimi 1934-cü ildə
çəkilmiş “İsmət”
filminə məxsusdur.
Ən son afişa isə “Şusa, sən azadsan!” filminin (2021) posteridir.
Maraqlıdır ki, ötən illərin
kinoafişalarını izlədikdə
ümumilikdə Azərbaycanda
qrafika sənətinin
hansı dəyişikliklərə
uğradığını da görmək olur. Məsələn, “İsmət”
filminin afişası təkcə mətndən
ibarətdirsə, ötən
əsrin 50-60-cı illərinə
aid filmlərin (“Kölgələr
sürünür”, “O olmasın,
bu olsun”, “Uzaq sahillərdə”, “Bir məhəllədən iki
nəfər”, “İnsan
məskən salır”,
“Dəli Kür”, “Bizim Cəbiş müəllim” və s.) afişalarında filmin baş qəhrəmanları
məhz filmin hər hansı epizodunun fonunda rəssam fırçası
ilə, demək olar ki, fotoqrafik dəqiqliklə təsvir olunub. Onların sırasında “Görüş”
və “Əhməd haradadır?” filmlərinin
afişaları qəhrəmanların
bir qədər karikatur təsviri ilə seçilir ki, bu da yəqin həmin bədii lentlərin janr xüsusiyyəti ilə bağlıdır. Yaxud
80-ci illərin filmlərinin
(“Yaramaz”, “Bəyin oğurlanması” və
s.) afişaları konkret
epizoda bağlanmayan, müstəqil rəssam işidir.
“Şuşa, sən azadsan!”, “Sonuncu iclas”, “Əbədi ezamiyyət”, “Sonuncu”, “Mərmər soyuğu” kimi son illərin filmlərinin təqdimatı
kompüter qrafikasında
işlənmiş, filmdəki
real epizodların standart
mətni tamamladığı
maraqlı afişalardır.
Sevimli
film qəhrəmanlarının geyimlərinin nümayişinə
gəlincə, onu deyə bilərik ki, bu sırada ən yaşlı geyim “Uzaq sahillərdə”
filmindən Mixaylonun faşist zabiti qiyafəsi və “Sehrli xalat” filmindən
Münəccimin libası
idi. “Qayınana”, “Babək”, “Hökmdarın
taleyi”, “Cavad xan”, “Sübhün səfiri” filmlərində
əsər qəhrəmanlarının
geyimləri təkcə
geyim üzrə rəssamın deyil, həm də dərzilərin əməyini
qiymətləndirmək baxımından
diqqəti cəlb edirdi.
Azərbaycan filmlərinin afişaları
və geyimlərinin sərgisini gələcəkdə
sadəcə bir
festival və forum çərçivəsində
deyil, daimi sərgi kimi daha geniş seyrçi auditoriyasına
təqdim etməyə
dəyər.
G.Mirməmməd
Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.5.