“Nəsillərin rəng
dünyası”
Vyanadakı Azərbaycan Mədəniyyət
Mərkəzində Toğrul
və Əsmər Nərimanbəyovların əsərləri
nümayiş olunur
Oktyabrın 5-də Vyanadakı Azərbaycan
Mədəniyyət Mərkəzində
(AMM) dünyaca məşhur
azərbaycanlı rəssam
Toğrul Nərimanbəyovun
və qızı Əsmər Nərimanbəyovanın
əsərlərindən ibarət
“Nəsillərin rəng
dünyası” adlı
sərgi açılıb.
AMM-in rəhbəri Leyla Qasımova
açılış nitqində
Toğrul Nərimanbəyovun
həyat və yaradıcılığı barədə
danışıb. Bildirilib
ki, XX əsr Azərbaycan
rəngkarlıq sənətinin
ən tanınmış
nümayəndələrindən olan Toğrul Nərimanbəyov əsərlərində
doğma vətənini
tərənnüm edib,
xalq nağıllarımız,
qədim Bakı və digər motivləri əks etdirən möhtəşəm
tablolar yaradıb.
Diqqətə çatdırılıb ki, sərgidə Toğrul Nərimanbəyovun yaradıcılığının
müxtəlif dövrlərində
ərsəyə gələn
əsərləri yer
alıb. Şəxsi kolleksiyalarda saxlanılan əsərlər ilk dəfə
geniş ictimaiyyətə
təqdim olunur.
L.Qasımova çıxışında Əməkdar rəssam Əsmər Nərimanbəyovanın
müasir Azərbaycan
rəngkarlıq sənətində
tutduğu yer barədə də danışıb. Qeyd edilib ki, onun yaradıcılığına qiymət
verərkən ilk olaraq
böyüyüb boya-başa
çatdığı mühitə
nəzər salmaq lazımdır.
SSRİ və Azərbaycanın Dövlət mükafatları
laureatı, Xalq rəssamı Toğrul Nərimanbəyov və istedadlı heykəltaraş,
Əməkdar rəssam
Elmira Hüseynovanın ailəsində
dünyaya göz açan Ə.Nərimanbəyova
uşaq yaşlarından
rənglər dünyası
ilə tanış olub. Belə bir mühitdə yetişən Ə.Nərimanbəyova
yaradıcılığında özünəməxsus dəst-xətt
seçib və əsərlərində fərqlilik
aydın hiss olunur.
Ə.Nərimanbəyova sərginin
təşkilinə görə
Mədəniyyət Mərkəzinə
minnətdarlığını bildirib, öz kolleksiyalarındakı əsərləri
bu sərgi üçün təqdim
etmiş şəxslərə
təşəkkür edib.
Sərginin açılışında qonaqlar arasında yer alan və
T.Nərimanbəyovun
1990-cı ildə portretini
çəkdiyi Fidan Bağırova uşaq yaşlarında görkəmli
rəssamla ünsiyyətindən,
onunla bağlı xatirələrindən bəhs
edib.
Sonra T.Nərimanbəyovun yaradıcılığı barədə
sənədli film nümayiş
olunub.
***
Qeyd edək ki, “Nəsillərin
rəng dünyası”
sərgisi Avstriya Teleradiosunun (ORF) təşəbbüsü
ilə təşkil edilən ənənəvi
“Muzeylərin uzun gecəsi” layihəsi çərçivəsində oktyabrın 7-dək geniş
ictimaiyyət üçün
açıq olub. Mərkəzin əməkdaşları
seyrçilər üçün
alman və ingilis dillərində ekskursiyalar
təşkil edib, sərgidəki əsərlər
və müəlliflər
barədə ətraflı
məlumat veriblər.
Bu il
23-cü dəfə keçirilən
“Muzeylərin uzun gecəsi”ndə Avstriyadakı 700-dək muzey
və qalereya iştirak edib. Məqsəd insanların muzey, qalereya və sərgi salonlarına olan marağını artırmaq
və mövcud sərgi və kolleksiyaları ictimaiyyətə
tanıtmaqdır.
Vyanadakı AMM kollektivi də
uşaqlar üçün
xüsusi proqram hazırlayıb və bir ilkə imza
atıb. Görkəmli
Azərbaycan ədibi
Abdulla Şaiqin müəllifi
olduğu “Tıq-tıq
xanımın nağılı” əsasında
uşaqlar üçün
kukla tamaşası hazırlanıb. Mərkəzin
əməkdaşı Rəşidə
Əsgərli tərəfindən
nağıl alman dilinə
tərcümə edilib,
rolların ifasında
isə onu həmkarı Gülər
Əzizova dəstəkləyib.
Səhnə dekorasiyalarını
rəssam Əsmər
Nərimanbəyova tərtib
edib, musiqi parçalarını Avstriyada
yaşayan azərbaycanlı
musiqiçi Jalə Rəsulova və onun qızı Sofiya Feyzullayeva ifa ediblər.
Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.8.