Bakı Beynəlxalq
Caz Festivalı davam edir
6-15 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin
dəstəyi və “Paşa Holdinq”in baş sponsorluğu ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı
keçirilir. Festival tanınmış
caz ifaçılarının
konsertləri və digər maraqlı tədbirlərlə musiqisevərlərin
zövqünü oxşayacaq.
Oktyabrın 6-da “UN 1906” klubunda festivalın
ilk konserti keçirilib.
Tədbir çərçivəsində
cazsevərlərə Almaniya,
Türkiyə, Norveç,
Avstriyadan olan musiqiçilər və azərbaycanlı ifaçıları
canlı dinləmək
imkanı verən musiqi yarmarkası təşkil edilib. Gün ərzində yarmarkaya gələn qonaqlara 3D fotoşəkillər
və DJ Grafn səsləndirdiyi musiqi sədaları altında rəqs etmək imkanı da yaradılıb.
Oktyabrın 7-də festival çərçivəsində
məşhur “Jazzanova”
qrupu almaniyalı DJ
Amir ilə birlikdə
çıxış edib.
Festivalda caz musiqisinin müxtəlif üslublarında musiqi nömrələri səsləndirilib.
Bluz, modern, elektron və dəyişik musiqiçilərdən ibarət
proqram maraqla qarşılanıb.
Oktyabrın 9-da isə Beynəlxalq
Muğam Mərkəzində
gənc caz ifaçılarının iştirakı
ilə “I am jazzman!” konserti
təqdim edilib. Qeyd edək ki, Bakı Beynəlxalq Caz Festivalının ənənəvi
tədbiri olan “I am
jazzman!” müsabiqəsinin məqsədi
ölkədə cazın
təbliği və gənc istedadların üzə çıxarılmasıdır.
Konsertin
aparıcısı Tofiq
Həsənsoy Azərbaycan
cazının tarixi və ənənələrindən
söz açıb.
Bu musiqinin ölkəmizdə
inkişafına töhfə
vermiş insanlar xatırlanıb.
Daha sonra səhnə gənc istedadların ixtiyarına verilib. Mədinə Paşayeva, Günel Hacıyeva, Cavanşir Abdullalı, Rəna Xanəlibəyli,
Samir Səfərov, Nəzrin
Cəfərova, Cozef Okparmen və başqaları dünyanın
məşhur caz ifaçılarının repertuarlarından
kompozisiyalar ifa ediblər. Gənclər cazın müxtəlif üslublarında bir-birindən
maraqlı improvizələrlə
dinləyicilərin alqışlarını
qazanıblar.
Konsertin
sonunda vokalçı-bəstəkar
Qasım Xəlilov səhnəyə çıxaraq
gənc istedadları təbrik edib. Diqqətə çatdırıb
ki, festival çərçivəsində
təşkil olunan proqram gənc musiqiçilərin yaradıcılığında
mühüm yer tutur.
Daha sonra iştirakçılara
festivalın diplomları
təqdim olunub.
***
Oktyabrın 10-da festival konsertlərinin
əsas səhnəsi
olan Beynəlxalq Muğam Mərkəzində
iki proqram təqdim olundu.
Dünyaca məşhur italyan
musiqiçi, caz festivallarının laureatı
Fabio Lepore öz kvarteti
ilə müxtəlif
caz üslublarında ifalarıyla festivala rəng qatdı. Qeyd edək ki, bu, Fabio Leporenin Bakıda ilk çıxışı
deyil. O, İtaliyanın
Bakıdakı səfirliyinin
xətti ilə bundan əvvəlki festivallarda da parlaq çıxışları ilə
cazsevərlərin yaddaşında
qalıb.
Həmin
gün daha bir konserti Moldovadan
gələn qrup təqdim etdi. “Jazz’in Chisinau” layihəsi payızın parlaqlığını
və ilhamını,
bəstəkar Valeriu Kuleanın “Özünü
itirmə”, “Yeni Moldova səsləri”,
“Görməliyəm”, “Bazar səhəri” bəstələrində
əks olunmuş yeni ideyalar və maraqlı musiqi sürprizlərini səhnəyə
gətirdi.
***
Qeyd edək ki, builki festivalda 15 ölkədən
musiqiçilər, o cümlədən
“Gremmi” mükafatı
laureatları olan ifaçılar, Amerikadan caz və rep ifaçısı Theo Crocker, arfa
caz ifaçısı
Edmar Castaneda və
Gregoire Maret də Bakıya təşrif buyurub.
Bu il 18-ci
dəfə təşkil
edilən festivalın
əsası 2005-ci ildə
görkəmli caz musiqiçisi, Əməkdar
artist Rain Sultanov tərəfindən
qoyulub. Ötən müddətdə festival öz
ənənələrini formalaşdırıb,
ölkəmizdə və
xaricdə musiqi ictimaiyyətinin diqqətini
çəkə bilib.
Lalə Azəri
Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.3.