Ortaq dəyərlərimizin
təbliğində kinonun
mühüm yeri var
Azərbaycan III “Korkut Ata” Türk Dünyası Film Festivalına
ev sahibliyi edir
Ölkəmiz daha bir beynəlxalq mədəniyyət
tədbirinə – III “Korkut
Ata” Türk Dünyası
Film Festivalına ev sahibliyi edir. 8-11 oktyabr tarixlərini əhatə edən
festival Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi,
Heydər Əliyev Mərkəzi, Beynəlxalq
Türk Mədəniyyəti
Təşkilatı – TÜRKSOY, Azərbaycan Respublikası
Kino Agentliyi və Bakı Media Mərkəzinin
birgə təşkilatçılığı
ilə reallaşır.
Türk
dünyasının birliyini
və türk xalqları arasında mədəni əməkdaşlığı
inkişaf etdirmək,
qardaş ölkələrin
iştirakı ilə
ortaq audiovizual məkan yaradılaraq xalqlarımızın bu məkana inteqrasiyasına töhfə vermək məqsədilə bu il üçüncü dəfə
keçirilən “Korkut
Ata” festivalı ildən-ilə
öz auditoriyasını,
sənət üfüqlərini
genişləndirir. İlk festival 2021-ci ildə Türkiyənin
İstanbul şəhərində, ikincisi isə ötən il qardaş ölkənin Bursa şəhərində
keçirilib.
Türk
dünyasının dörd
bir yanından kino xadimlərinin qatıldığı
III “Korkut Ata” festivalının
açılış mərasimi
oktyabrın 8-də Heydər
Əliyev Mərkəzində
oldu.
Türk
dünyasının tanınmış
sənət adamları
ilə yanaşı, rəsmi şəxslərin
də təşrif buyurduğu kino bayramında
qardaş ölkələrdən
ümumilikdə 100-dən çox
qonaq iştirak edir.
Açılış mərasimində
Azərbaycan kinosunun türk xalqlarının böyük söz-mədəniyyət
abidəsi “Kitabi-Dədə
Qorqud” mövzusunda öncül yeri və rolu qeyd
olundu. Bildirildi ki, Xalq yazıçısı
Anarın ssenarisi əsasında 1975-ci ildə
ekranlaşdırılan “Dədə
Qorqud” bədii filmi (rejissor Tofiq Tağızadə) bu mövzuda ilk tammetrajlı
ekran əsəridir. Filmdə əsasən eposun iki boyundan
istifadə edilib.
Xalqın
özünü dərk
etməsində, milli köklərə
daha möhkəm bağlanmasında folklorun
əvəzsiz rol oynadığını nəzərə
alan Ulu öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyinin keçirilməsi
haqqında 1997-ci ildə
imzaladığı fərman
da yada salındı.
Türk
dünyasının birliyini
əks etdirən videoçarxın nümayişindən
sonra çıxış
edən Azərbaycan Respublikası mədəniyyət
nazirinin müavini Fərid Cəfərov festivalın məqsədləri
barədə söz açdı, tədbirin təşkilatçılarına və iştirakçılara
təşəkkür etdi,
festivalın işinə
uğurlar arzuladı.
Vurğulandı ki, Azərbaycan mədəniyyət
tariximiz, ümumilikdə
ölkəmiz üçün
xüsusilə əlamətdar
olan bir ildə bu festivala
ev sahibliyi edir. Bu il Azərbaycan mədəniyyətinin qədim
beşiklərindən biri
– Şuşa şəhəri
“Türk dünyasının
mədəniyyət paytaxtı”
missiyasını yerinə
yetirir. Bu il həmçinin
Türk dünyasının
birlik və bərabərliyinə böyük
töhfələr vermiş
insan, Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyevin 100 illik yubileyidir.
Nazir müavini türk xalqlarının ortaq mədəni dəyərlərinin
təbliğində kinonun
mühüm rol oynayacağını bildirərək
festivalın bu prosesə öz müsbət təsirini göstərəcəyini bildirdi.
Qeyd olundu ki, Ümummilli lider Heydər Əliyev türk dövlətləri
arasında əlaqələrin
qurulması və inkişafında müstəsna
rol oynayıb. Hazırda bu istiqamətdə mühüm
işlər görülür.
Artıq üçüncü
dəfə təşkil
olunan “Korkut Ata” kinofestivalı da türk respublikalarının ortaq
film istehsalına, maraqlı
kino ideyalarının reallaşacağına
bir zəmin yaradır. Festival xalqlarımız
arasında əlaqələrin,
həmrəyliyin daha
da möhkləmləndirilməsinə, eyni zamanda ortaq
dəyərlərimizin təbliği
baxımından xüsusi
önəm kəsb edir.
TÜRKSOY-un
baş katibinin müavini Sait Yusuf festivalın əhəmiyyətini
yüksək qiymətləndirdi,
təşkilatın rəhbərliyi
adından tədbirin işinə uğurlar arzuladı. Dedi ki, bu kimi tədbirlər
kino sahəsində əməkdaşlığa
töhfələr verəcək.
Qədim türk mədəniyyəti və
milli dəyərlərinin, ortaq xüsusiyyətlərinin
kino vasitəsilə təbliği
üçün bu qəbildən müştərək
layihələrin həyata
keçirilməsi önəmlidir:
“Bədii filmlər və televiziya serialları nəinki türkdilli ölkələrdə,
eyni zamanda dünyanın dörd bir yanında tamaşaçı kütləsinə
sahibdir. Bu məqam təbliğat üçün
imkanların genişlənməsi
deməkdir. Bu kontekstdə
ortaq ünsiyyət dili artıq zərurətə çevrilib”.
“Korkut Ata” festivalının
direktoru, kino tənqidçisi
İhsan Kabil (Türkiyə)
Türk dünyası
ölkələrində tarixi
bədii, sənədli
filmlərə daha çox ehtiyac yarandığını dilə
gətirdi, festivalın
işinə uğurlar
arzuladı.
Azərbaycan Dövlət Film Fondunun
direktoru Əməkdar
incəsənət xadimi
Cəmil Quliyev türk xalqları arasında müxtəlif sahələrdə, o cümlədən
mədəniyyət sahəsində
əlaqələr, Azərbaycanın
zəngin mədəni
irsi, kino ənənələri
barədə məlumat
verdi, yaxın keçmişə nəzər
salaraq əlaqə və əməkdaşlığın
yeni və çoxşaxəli
istiqamətləri üçün
bazanın olduğunu dedi. O, Azərbaycanın tanınmış kino xadimi
Əjdər İbrahimovun
hələ sovet dövründə çəkdiyi
filmlərlə Türk
dünyasında kino sahəsinin
inkişafına mühüm
töhfələr verdiyini
dilə gətirdi.
Çıxışlardan sonra festivalın müsabiqədənkənar
proqramında yer alan ekran əsərlərindən
biri – türkiyəli rejissor Harun Korkmazın “Kıspet” qısametrajlı
bədii filmi nümayiş
olundu.
Atasının yolunu davam etdirib yağlı güləş pəhləvanı
olmaq istəyən Həmzənin həyat hekayəsi olan film izləyicilər tərəfindən
maraqla qarşılandı.
Qeyd edək ki, festivalın proqramına Azərbaycan, Türkiyə, Özbəkistan,
Qazaxıstan, Qırğızıstan
və Türkmənistanla
yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan
(Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz,
Tuva və Başqırdıstandan
(Rusiya Federasiyası) ümumilikdə 32 bədii,
sənədli və animasiya filmi daxildir. Filmlər 9-11 oktyabr tarixlərində Nizami
Kino Mərkəzində nümayiş
etdirilir. Seanslara giriş sərbəstdir.
Oktyabrın 11-də III “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış
mərasimində müxtəlif
nominasiyalar üzrə
mükafatçı filmlər
elan olunacaq.
Həmidə Rüstəmova
Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.1;3.