“Yaşanıla bilən
və dayanıqlı
irs şəhərləri”
Bakıda beynəlxalq konfrans keçirilir
Oktyabrın 10-da Bakıda “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
və Türk Dövlətləri Təşkilatı
(TDT) tərəfindən təşkil
olunan “Yaşanıla bilən və dayanıqlı irs şəhərləri” mövzusunda
beynəlxalq konfrans işə başlayıb.
Tədbirin açılışında “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
idarə heyətinin sədri Şahin Seyidzadə, Türk Dövlətləri Təşkilatı
baş katibinin müavini Sədi Cəfərov və mədəniyyət nazirinin
müavini Səadət
Yusifova çıxış
ediblər.
TDT baş katibinin müavini Sədi Cəfərov təşkilatın
ümumtürk mədəni
irsinin qorunması və gələcək nəsillərə ötürülməsində
böyük rol oynadığını vurğulayıb.
Həmçinin təşkilatın
beynəlxalq qurumlarla əməkdaşlığa böyük
önəm verdiyini diqqətə çatdırıb.
Səadət Yusifova çıxışında
Azərbaycanın işğaldan
azad olunmuş ərazilərində tarixi-mədəni
irs, otuz ilə yaxın davam edən erməni işğalı
dövründə dağıdılan,
vandalizmə məruz qalan abidələrin monitorinqi ilə bağlı məsələyə
də toxunub.
Nazir müavini bildirib ki, ərazilərin işğaldan
azad olunmasından 3 il
keçməsinə baxmayaraq
həmin bölgələrdə
abidələrin monitorinqi
hələ də yekunlaşmayıb. Buna səbəb
həmin ərazilərdə
minaların olmasıdır.
Monitorinqin başa çatması üçün
ərazi minalardan təmizlənməlidir. Bunun üçün
isə kifayət qədər maliyyə vəsaiti lazımdır.
***
Oktyabrın 10-da beynəlxalq konfrans
çərçivəsində “Dayanıqlı, yaşanıla
bilən və təsirlərə davamlı
irs şəhərlərinə
doğru” adlı plenar sessiya keçirilib.
Sessiyada
əvvəlcə Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva İçərişəhərdə
tarixi irsin qorunması ilə bağlı həyata keçirilən işlər
və gələcək
planlar haqqında məlumat verib.
Qeyd edib ki, hər bir xalqın tarixi abidələri dünya mədəni irsinin ayrılmaz hissəsi kimi qəbul olunub. Digər tarixi şəhərlər kimi
ölkəmizin tarixi şəhərləri də
müasir tələblərə
uyğun olaraq daim dəyişməkdədir.
Tarixi şəhərlərin
qorunması barədə
danışanda belə
şəhərlərdə də insanların yaşadığını unutmamalıyıq.
Bu şəhərlərdə dəyişikliklər məhz
burada yaşayan insanların fəaliyyəti
nəticəsində baş
verir. Ona görə də tarixi şəhərlərin qorunması
barədə danışarkən
tərəzinin bir tərəfində abidələrin
qorunması durursa, digər tərəfində
insanların yaşaması
üçün uyğun
şəraitin yaradılması
durmalıdır.
Dövlət Xidmətinin rəisi
vurğulayıb ki, tarixi
şəhərlərdə təkcə ayrı-ayrı
abidələri saxlamaqla
kifayətlənmək olmaz.
Eyni zamanda düzgün idarəetmə
sistemi yaradılmalıdır
ki, hər bir abidə ayrılıqda vahid mexanizmin tərkib hissəsi kimi qorunsun.
Sessiyada
daha sonra Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura – ICOMOS-un vitse-prezidenti
Riin Alatalu, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi
idarə heyəti sədrinin müavini Sədaqət Davudova, Şuşa Şəhəri
Dövlət Qoruğu
İdarəsinin icraçı
direktoru Tural Novruzov, Pakistanın Lahor Tarixi Qala
Şəhərinin baş
direktoru Kamran Laşari
və Avropa Muzey Təşkilatları
Şəbəkəsi (NEMO) təşkilatının icraçı
direktoru Yuliya Pagel çıxış ediblər.
Sessiyada
Azərbaycanın mədəni
irsə verdiyi dəyərdən və irəli sürdüyü
təşəbbüslərdən də söhbət açılıb. Bildirilib
ki, işğaldan azad
olunmuş ərazilərdə
Azərbaycan dövləti
tərəfindən geniş
bərpa və quruculuq işlərinə
başlanılıb. Şuşada
mədəni irsin bərpası istiqamətində
davamlı iş aparılır. Bir sıra
tarixi, dini abidələrin və muzeylərin bərpası
artıq başa çatdırılıb.
Çıxışlarda son illərdə
baş verən iqlim dəyişikliklərinin
də mədəni irsə öz təsirini göstərdiyi
vurğulanıb.
Beynəlxalq konfransda tarixi şəhərlərin idarə
olunması, tarixi abidələrin konservasiya
və bərpası, eləcə də davamlı turizm, tarixi şəhər və qoruqlarda rəqəmsal transformasiya,
muzey işinin təşkili və sair mövzular üzrə müzakirələr
aparılır.
Konfransın proqramına İçərişəhərdəki
Bakı Marionet Teatrının
binasında “Təsirlərə
davamlı və dayanıqlı irs şəhərləri/abidələri:
mədəni mühitin
abidələrin effektiv
idarəçiliyi və
konservasiyası vasitəsilə
canlandırılması”, Bakı
Fotoqrafiya Evində “İrs şəhərlərində/məkanlarında turizmin davamlı inkişafı”,
Tahir Salahovun Ev-Muzeyində
“İrs şəhərlərinin
muzeyləri innovativ və yaradıcı məkanlar kimi” mövzularında tematik panellər də daxildir. Konfrans oktyabrın 13-dək davam edəcək.
Türk
Abidə Menecerləri
Şəbəkəsi təsis
edilib
Beynəlxalq konfrans çərçivəsində
Türk Abidə Menecerləri Şəbəkəsi
də təsis edilib. Bununla bağlı Bakı bəyannaməsi Azərbaycan,
Türkiyə, Qazaxıstan,
Qırğızıstan və
Özbəkistanın müvafiq
qurumları adından
imzalanıb.
Şəbəkənin yaradılmasında
əsas məqsəd
TDT-nin üzv və müşahidəçi
statusunda olan ölkələrinin tarixi
şəhər və
qoruqları arasında
mədəni irsin qorunması, bərpası,
birgə təşviqi
sahəsində əməkdaşlığın
genişləndirilməsidir.
Qeyd edək ki, TDT nəzdində
Türk Abidə Menecerləri Şəbəkəsinin
yaradılması ilə
bağlı qərar təşkilatın 2022-ci il noyabrın
11-də Özbəkistanın Səmərqənd şəhərində
keçirilən zirvə
görüşü zamanı
qəbul edilmişdi.
Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.2.