III “Korkut Ata” Türk
Dünyası Film Festivalı
çərçivəsində zirvə görüşü
Bakıda
keçirilən III “Korkut
Ata” Türk Dünyası
Film Festivalı çərçivəsində
oktyabrın 10-da iştirakçı
ölkələrin kino sahəsi
ilə bağlı məsul şəxslərini,
kino xadimlərini bir araya gətirən zirvə görüşü
təşkil olunub.
Toplantıda TÜRKSOY-un baş katibi
Sultan Raev, Azərbaycan,
Türkiyə, Özbəkistan,
Qırğızıstan, Türkmənistan
və Qazaxıstandan müvafiq nazirliklərin rəsmiləri iştirak edirdilər.
Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin müşaviri
Orxan Fikrətoğlu qonaqları salamladı. Qeyd etdi ki, Türk
dünyasının birləşməsi
artıq regionda, o cümlədən beynəlxalq
müstəvidə qədim
bir mədəniyyətin
yenidən dünya gündəminə gətirilməsidir:
“Şübhəsiz ki, mədəniyyət
bu inteqrasiyanın əsas amillərindən biridir. Mədəniyyətin
ən mühüm qollarından biri olan kinematoqrafiya vasitəsilə bu missiyanın yerinə yetirilməsi, düşünürəm
ki, heç kəsdə
şübhə doğurmur.
Mədəniyyət Nazirliyi
olaraq həm dövlət-özəl münasibətlərinin
formalaşmasına önəm
verir, həm də türk xalqları, ümumiyyətlə
isə dünya kinematoqrafiya məktəbləri
ilə inteqrasiyanı
diqqətdə saxlayırıq.
Son zamanlar bizim yaratdığımız və
bir sıra ölkələrlə birgə
çəkdiyimiz filmlər
artıq ekranlardadır.
Bu gün biz Azərbaycan,
Türkiyə, Özbəkistan,
Qırğızıstan və
digər ölkələrin
prodüser şirkətlərinin
təqdim edəcəyi
layihələri nəzərdən
keçirəcəyik. Bu platformanın
yaranması Türk dünyasının kinematoqrafiya
sahəsində inteqrasiyasına
xidmət edəcək”.
Daha sonra “113 gün”, “Proyekt 2602”, “Sən haralısan, durna?”, “Mərmər soyuğu”, “Himayədar”, “30 mövsüm
səfərdə”, “Hadrut, sən
azadsan”, “Nobel qardaşları”,
“Qoçu”, “Sofiya” (hamısı Azərbaycan),
“Mavi quş”, “Miras”, “Heyelan” (“Sürüşmə”), “İnsan”,
“Xəyal quşu” (hamısı Türkiyə)
və digər filmlərin təqdimatı
oldu.
Azərbaycanlı rejissorlar İlqar
Mehdi, Rafiq Hacıyev, İlkin
Yusif, Tahir Əliyev, türkiyəli rejissorlar
Ahmet Sönmez, Derviş Zaim, Nazif Tunç, Hilal Çelenk, Semih Kaplanoğlu, Murat Pay, qırğızıstanlı
rejissor Talaibek Kulmendeev, özbəkistanlı
rejissor Boxudir Adilov və başqaları öz kino layihələri barədə
məlumat verdilər.
Bakı
Media Mərkəzinin icraçı
direktoru rejissor Orman Əliyev qurumun hazırladığı filmlər
haqqında danışdı.
Festival komitəsinin sədri
İhsan Kabil III “Korkut
Ata” Türk Dünyası
Film Festivalının əhəmiyyətindən
bəhs etdi.
“TRT Sinema”nın rəhbəri Faruk Güvən
qurumun fəaliyyəti,
iş prinsipi haqqında məlumat verdi.
Türkiyə Mədəniyyət və
Turizm Nazirliyi Kino idarəsinin müdiri Erkin Yılmaz türk kinosunun inkişafı barədə
fikirlərini bölüşdü.
Tanınmış türkiyəli aktyor
Sərdar Gökhan çıxışında tədbirdə
iştirakından məmnunluğunu
ifadə etdi.
Sonda xatirə şəkilləri
çəkdirildi.
Nurəddin
Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.2.