Türkmən ədəbi dilinin banisi
Türk
xalqları ədəbiyyatının
görkəmli nümayəndələrindən
biri də türkmən şairi Məhdumqulu Fəraqidir. Türkmən ədəbi
dilinin banisi hesab edilən şair öz xalqının həyat tərzi, məişəti,
sevinc və kədərinə yaradıcılığında
geniş yer ayırıb. Dövrün
ədalətsizliyinə qarşı
həmişə etiraz
səsini ucaldıb. Türkmənlərin könüllər
şairinin bu il anadan olmasının 290 illiyidir.
Məhdumqulu Dövlətməmməd Azadi oğlu Fəraqi
1733-cü ildə Kopetdağın
ətəyində, Ətrak
çayının hövzəsində
yerləşən Hacı
Qovuşan kəndində
ziyalı ailədə
anadan olub. Tanınmış şair
olan atası onun təlim-tərbiyəsinə
diqqət yetirir. Kitaba-elmə dərin maraq oyadır. Məhdumqulu ilk təhsilini
Şirqazi mədrəsəsində
alır və Buxara xanlığında Qızıl-Ayağdakı İdris baba mədrəsəsindən məzun
olur. Buradakı elmi-ədəbi mühitdə
Şərqin böyük
alimlərinin elmi-fəlsəfi
irsi ilə maraqlanır. Eyni zamanda atasının zəngin kita-bxanasından
bəhrələnərək ərəb və fars dillərindəki kitabları böyük həvəslə mütaliə
edir.
1754-cü
ildə Buxaranın məşhur Kəkildaş
mədrəsəsində təhsilini
davam etdirən Məhdumqulu burada dövrünün tanınan
ziyalılarından olan
mövlana Nuri Kazım
ibn Baharla tanış
olur. Bir müddət sonra onunla birlikdə
səyahətə çıxır.
Özbəkistan, Tacikistan
və Əfqanıstanı
keçərək Hindistanın
şimalına çatır.
1757-ci ildə geri dönür və o dövrün elm mərkəzlərindən
biri, çoxlu sayda mədrəsəsi olan Xivə şəhərində olur.
Burada Şirqazi xanın 1713-cü ildə
tikdirdiyi mədrəsəyə
baş çəkir.
1760-cı
ildə atasının
ölüm xəbərini
alır və vətənə dönür.
Atası ilə bərabər, iki qardaşının da öldüyünü
öyrənir. Bu ağır
nisgil Məhdumqulu yaradıcılığında dərin iz buraxır.
Ağır qüssə,
kədər içində
ikən bir mənəvi zərbə də alır. İllərlə sevgisini ürəyində gəzdirdiyi
Mənli adlı qızı başqasına
verirlər. Mənlinin
valideynləri ondan qızları üçün
böyük miqdarda başlıq pulu tələb edirdilər. Onun isə bu
məbləği vermək
imkanı yox idi... Məhdumqulu bu haqsızlıqla barışmasa da, əlindən
də bir iş gəlmir. Nakam məhəbbətini qəlbində yaşadaraq
“Fəraqi” (ayrılıq,
hicran) təxəllüsü
ilə şeirlər qələmə alır. Müəllif bir şeirində bu təxəllüsü seçməsini
belə ifadə edib:
Cahanı
yandırdı odun,
Qaçar oldu yaxın-yadın,
Məhdumqulu, sənin adın,
Olsun indi qoy Fəraqi.
Araşdırmalardan məlum olur ki, şair ən yaxşı məhəbbət şeirlərini
məhz Mənliyə
həsr edib. Bu şeirlərin hər birində Məhdumqulunun ürəkləri yandıran
kədəri aşkar
görünür. Şair
çox çətin
olsa da, başqa bir qızla ailə həyatı qurur. Ancaq övladları
körpə ikən vəfat edir. O, bu talesizlikdən bir müddət özünə gələ
bilmir.
Məhdumqulu böyük bir
əraziyə səpələnmiş
türkmən tayfalarının
birləşməsinin xəyalı
ilə yaşayırdı.
Xalqının birliyi üçün o da çox
çalışır. Bu müqəddəs
ideyanın tərənnümü
onun yaradıcılığında
geniş yer tutur. Müəllif əsərlərində türkmənlərə
ortaq milli şüur aşılayır.
Filologiya
üzrə elmlər doktoru Salidə Şərifova araşdırmasında
yazır ki, Məhdumqulu
Fəraqi xalq ruhunun tərcümanı olub. Türkmən xalqının milli şüurunun
və türkmən dövlətçiliyinin ideoloji
əsaslarının formalaşmasında
xüsusi rol oynayıb...
Şair
əksər şeirlərində
adlı-sanlı türkmən
xan, bəy, sərkərdə və döyüşçülərini vəsf edib. Ancaq ölkədə baş alıb gedən feodal ara müharibələrindən
çox narahat olduğunu dilə gətirib. Həmin əsərlərdən biri
Əhməd şah Dürraninin vəsfi ilə bağlıdır.
Görkəmli şair
bu şeirində müstəqil türkmən
dövlətinin birliyi
arzusunu ifadə edib:
Qəmdən uzaq olar, qəlbi dağlanmaz,
Yıxar
dağı-daşı, yolu
bağlanmaz.
Başqa
bir elatda könlü saxlama,
Məhdumqulu, susmaz dili türkmənin.
Mütəxəssislərin yazdığına
görə, Məhdumqulu
Fəraqi ümumtürk
folklorunun bilicilərindən
olub. Onun 10 mindən artıq misradan ibarət irsinin əksər hissəsi qoşma janrındadır. Türkmən
ədəbi dilinin yaradıcısı sayılan
Məhdumqulu əruz vəznindən imtina edib. Yaradıcılığında
xalq şeiri ənənələrinə söykənərək
heca vəznində əsərlər yazıb.
Türkmən klassik ədəbiyyatını xalqın
zəngin dili və folkloru ilə yaxınlaşdıran
şair bununla da türkmən ədəbiyyatında
mövcud olan çoxəsrlik ərəb
və fars poeziya ənənələrindən
gələn təsirləri
xeyli azaldıb.
Mənbələrdə Məhdumqulu Fəraqinin səyahət etməyi çox sevdiyi də bildirilir. O, 1760-cı ildən
başlayaraq ömrünün
sonuna kimi bir çox məmləkətlərdə olub.
Manqışlaqda, Həştərxanda
olub. Sonra Azərbaycana
gəlib. Şair Azərbaycanda olarkən Nuxa (indiki Şəki)
şəhərinə gedib.
“Yaylaqları var” adlı
şeirində şəhərin
füsunkar təbiətini
vəsf edib:
Gedək
seyrə çıxaq
Nuxa mülkünü,
Könülü oxşayan yaylaqları
var.
Dərib
qoxulayaq qönçə
gülünü,
Yaşıl reyhanları, zanbaqları
var.
Türkmən ədəbiyyatının inkişafına dəyərli
töhfələr verən
Məhdumqulu Fəraqi
1783-cü ildə vəfat
edib.
Müstəqil türk respublikalarının
yaranması ilə digər şair və mütəfəkkirləri
kimi, Məhdumqulu Fəraqinin də yaradıcılığının təbliğində yeni səhifə
açılıb. Təsadüfi
deyil ki, Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı – TÜRKSOY 2014-cü ili görkəmli şairin şərəfinə
“Məhdumqulu Fəraqi
ili” elan etmişdi. Bundan əlavə, AMEA-nın M.Füzuli
adına Əlyazmalar İnstitutunda saxlanılan
nüsxə əsasında
2015-ci ildə şairin
“Divan”ı ilk dəfə
ölkəmizdə nəşr
olunmuşdu.
Savalan Fərəcov
Mədəniyyət.- 2023.- 13 oktyabr.- S.7.