Dövrün böyük şairi film qəhrəmanı – Abdulla Oripov

 

 

Bədii filmlər bir sıra hallarda baş qəhrəmanın adı ilə adlanır: ad gözəl olanda, başqa ad ağla gəlməyəndə, ya da baş qəhrəman çox güclü maraqlı personaj olanda.

Özbəkistan kinematoqrafçılarının III “Korkut Ata” Türk Dünyası Film Festivalına gətirdikləri “Abdulla Oripovfilmini izləyəndə belə düşündüm. Film Özbəkistanın Xalq şairi, ictimai xadim, Özbəkistanın Dövlət Himninin sözlərinin müəllifi Abdulla Oripov (1941-2016) haqqındadır.

Filmdə hadisələr ötən əsrin qırxıncı illərinin sonundan şairin vəfatınadək dövrü əhatə edir. Bu dövr adi kəndli balası Abdullanın uşaq yaşlarından başlayaraq böyük şair, qəlbi xalqı ilə birgə döyünən ziyalı, Özbəkistanın müstəqilliyini arzulayan bütün yaradıcılığı ilə buna çalışan vətənpərvər insan kimi şöhrət tapanadək keçdiyi ömür yoludur.

Film müxtəlif dövrlərdən bəhs edən kütləvi səhnələrlə zəngindir. Məlum məsələdir ki, kütləvi səhnələr çəkiliş zamanı ən qəliz səhnələrdən hesab edilir. Üstəlik, yaxın dövrün gerçək qəhrəmanları ilə tarixi film çəkməyin öz çətinliyi var: kino lenti həm sənədli (qəhrəmanın doğmaları, onu tanıyanlar ifaçıdan fotoqrafik oxşarlıq, hadisələrin dəqiq təsvirini gözləyirlər) həm bədii filmin öz janr xüsusiyyətlərinə uyğun olmalıdır. Fotoqrafik oxşarlıq demişkən, filmdə Abdulla Oripovun cavanlığını şair Şodmonkul Salom yaradıb. Hər iki şairin zahiri oxşarlığı ikinci şairin aktyorluq qabiliyyəti filmin işinə yarayıb.

Elə filmin quruluşçu rejissoru Müzəffərxan Erkinovla söhbətimizə müasiri olduğu insan haqqında sanballı bədii film ərsəyə gətirmiş yaradıcı heyəti təbrik etməkdən başladıq.

Həqiqətən , tarix yaxın olduqca, o dövrün qəhrəmanları barədə film çəkmək çətindir. Abdulla Oripovmən Özbəkistan vətəndaşıyam, mənim vətənim Özbəkistandır, SSRİ yoxdeyən ilk ziyalılardan olub. 70-ci, hətta 80-ci illərdə onu onun kimi digər şairləri çox sıxışdırıblar. Əgər o dövrdə Özbəkistana Şərəf Rəşidov (Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibimüəl.) kimi şəxsiyyət rəhbərlik etməsəydi, bəlkə Oripovun ömrü Sibirdə bitəcəkdi.

Təəssüf ki, sizin filminizədək Abdulla Oripovun yaradıcılığından xəbərsiz olmuşuq.

Yəqin ki, Əlişir Nəvainin yaradıcılığından xəbəriniz var?

Bəli. NəvaininYeddi səyyarə”sini oxumuşam.

Nəvai 1441-ci ildə doğulub, Abdulla Oripov isə ondan düz 500 il sonra. Belə deyirlər ki, Əlişir Nəvaidən sonra bütün şairlər onun tərzində yazmağa başladılar, onun ardıcılı oldular. Abdulla Oripov isə sanki özbək poeziyasında ikinci Nəvai oldu. Bütün şairlər indiyədək Oripovdan ilhamlanaraq onun tərzində yazırlar.

Bütün mükəmməlliyi ilə yanaşı, film bir qədər sıxılmış, ixtisar olunmuş təəssürat bağışlayır

Düz hiss etmisiniz. Bizdə filmə daxil edilməmiş təxminən dörd saatlıq hazır material var. Yəqin ki, tezliklə onun üzərində yenidən çalışacağıq, bütün materialları bir araya gətirib serial kimi təqdim edəcəyik.

***

Hər bir insan yaşadığı dövrün bir parçası, onun ömrü isə tarixin bir səhifəsidir. Dövrün mühitini dəyişən, təkcə öz ömrünün deyil, sənətinin, elminin, istedadının gücü, şəxsi nümunəsi ilə başqalarının həyatına da yenilik gətirənlər film qəhrəmanı olmağı haqq edirlər.

***

Onu da əlavə edək ki, III “Korkut Ata” Türk Dünyası Film FestivalınınƏn yaxşı ssenarimükafatı “Abdulla Oripovfilminə verilib.

 

Gülcahan

Mədəniyyət.- 2023.- 13 oktyabr.- S.6.