Repressiya qurbanı olan görkəmli folklorşünas
Azərbaycan xalqının müxtəlif
zamanlarda yaratdığı
əfsanə, nağıl
və dastanlar əsrdən-əsrə, nəsildən-nəslə
keçərək günümüzə
qədər gəlib çatıb. Bu mənəviyyat
xəzinəsinin toplanması
və zənginləşməsində
folklorşünas alimlərimizin
böyük xidmətləri
var. Onlardan biri ədəbiyyatşünas, mətnşünas,
Azərbaycan şifahi
xalq ədəbiyyatının
ilk tədqiqatçılarından olan Hənəfi Zeynallıdır. Görkəmli
alim topladığı folklor
nümunələrini ilk olaraq
kitabça şəklində
nəşr etdirib, bu mövzuda nəzəri əhəmiyyətli
məqalələr qələmə
alıb.
Məlumdur ki, ötən əsrin
30-cu illərində Azərbaycan
alimləri böyük
faciələrlə üzləşib.
Elmin müxtəlif sahələrində çalışan
istedadlar repressiyaya məruz qalıblar. Hənəfi Zeynallı da
ömrü faciə ilə bitən elm fədailərindəndir.
Hənəfi Baba oğlu Zeynallı
1896-cı ildə Bakının
Mərdəkan qəsəbəsində
dəmirçi-nalbənd ailəsində
dünyaya göz açır. Uşaq yaşlarında valideynlərini
itirsə də, təhsilindən qalmır.
Əvvəl mədrəsədə,
sonra rus-müsəlman
orta məktəbində
oxuyur. 1916-cı ildə
Bakıdakı İmperator Texniki
Peşə Məktəbinə
daxil olur. Bir il burada oxuyur. 1917-ci ildə ölkədə baş verən siyasi dəyişiklik nəticəsində təhsilini
davam etdirə bilmir.
1922-ci ildə Azərbaycan Dövlət Universitetinə
daxil olur. Təhsilini başa vurduqdan sonra universitetin Şərq fakültəsinin Azərbaycan
türk ədəbiyyatı
tarixi kafedrasında, sonra isə Azərbaycan Pedaqoji İnstitutunda işləyir.
Eyni zamanda Azərbaycan Dövlət Nəşriyyatında (“Azərnəşr”)
baş redaktor vəzifəsində çalışır.
“Kommunist”, “Maarif və mədəniyyət”,
“İnqilab və mədəniyyət”,
“Maarif işçisi”
jurnalları ilə əməkdaşlıq edir,
bu nəşrlərdə
ədəbi-publisistik yazılar
və folklor sahəsində tədqiqatlarını
dərc etdirir.
Onun əsərləri içərisində
1926-cı ildə ərsəyə
gətirdiyi “Azərbaycanın
atalar sözləri və məsəllər” kitabının xüsusi dəyəri var. Kitabda dörd minədək atalar sözü və məsəl toplanıb. O, daha sonra “Azərbaycan tapmacaları” (1928) kitabını
nəşr etdirir. Bu kitabı müəyyən
elmi prinsiplər əsasında işləyir.
Kitaba böyük bir müqəddimə yazır. Dövri mətbuatda dərc etdirdiyi “Ağız ədəbiyyatı”, “Azərbaycan
ədəbiyyatı”, “Oktyabr
inqilabı və Azərbaycan folkloru” və s. məqalələri
ilə də diqqət çəkir.
H.Zeynallı Azərbaycan
xalqının adət-ənənələrini,
məişət tərzini,
ədəbiyyatını, folklorunu
dərindən bilib. Onun “Azərbaycan tapmacaları” kitabında tapmacalar haqqında söylədiyi fikirlər
Azərbaycan folklorşünaslığı
üçün yeni olub.
O, tapmacaları ayrıca
deyil, Azərbaycan folklorunun başqa janrları ilə, xüsusilə, atalar sözləri və bayatılarla əlaqəli
şəkildə təhlil
edir. Göstərir
ki, tapmacalar iki və daha artıq
şəxs arasında
mükalimə (sual-tapmaca
və onun cavabı) şəklində
meydana gəlir. Buna görə də tapmaca atalar sözü və bayatıdan fərqli olaraq daha çox
kollektiv əməyinin
məhsuludur. Onlar məclis, şənlik və tapmaca gecələrində kollektiv
tərəfindən yaradılır.
H.Zeynallı 1935-ci ildə
Azərbaycan nağıllarından
ibarət kitab tərtib
edərək rus dilində də nəşr etdirir. Kitabı görkəmli rus folklorşünası,
professor M.Y.Sokolov redaktə edir.
Alim
1929-cu ildən başlayaraq
təqib və təhdid edilir. Cümhuriyyətçilərlə, xüsusilə Bəkir Çobanzadə ilə münasibət qurmaqda günahlandırılır. İttihamlardan
biri onun əsərlərində guya
əksinqilabi, millətçi
ideologiyadan yazması olur. 27 yanvar 1937-ci ildə həbs edilir. O artıq repressiyaya məruz qalmış Nazim Əfəndi,
İsmayıl Hikmət,
Xəlil Fikrət, Bəkir Çobanzadə və başqaları ilə əlaqə saxlamaqda, antisovet təşkilata üzv olmaqda ittiham edilir. H.Zeynallı
bu ittihamları rədd edir.
Ancaq fevralın 24-dəki istintaqda
o, gördüyü dözülməz
işgəncələrdən sonra belə bir etiraf altına
imza atır: “Bəli, mən əksinqilabi kitablar alırdım. Bəli, mən əksinqilabi təşkilatın üzvü
idim. Cavad Bağırzadəni, Həbib
Səmədzadəni, İmran Babayevi də həmin təşkilata cəlb etmişəm. Mən əksinqilabi millətçi kadrlar tərbiyə edib yetişdirmişəm. Türkiyəyə
meyil etmək baxımından Azərbaycanın
SSRİ-dən ayrılmasına
tərəfdar idim və s...”.
Hənəfi Zeynallı ən
ağır cəzaya
– güllələnməyə məhkum edilir. 1937-ci ildə oktyabrın 13-də
hökm yerinə yetirilir.
İyirmi
il sonra, 30 mart 1957-ci ildə
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının
qərarına əsasən,
12 sentyabr 1937-ci ildə
SSRİ Ali Hərbi Kollegiyasının
Hənəfi Baba oğlu
Zeynallının istintaq
işi üzrə çıxartdığı hökm
dəyişdirilir. Görkəmli
alim ölümündən
sonra bəraət alır...
S.Fərəcov
Mədəniyyət.- 2023.- 18 oktyabr.- S.6.