Səhnədən səhifələrə
düşən işıq...
Xalq artisti Yasin
Qarayev haqqında kitabın təqdimatı keçirildi
Mənə görə,
ona səhnənin, teatrın işıqlı
adamı demək olar. Nikbin, əzmkar,
zəhmətkeş. Yaş
ötdükcə daxili
qaranlıqları ilə
döyüşən adamların
əksinə, xeyli həyatsevər və şaqraqdır. Xalq artisti Yasin Qarayev
lirik-psixoloji və dramatik komediya aktyorluq məktəbinin estetik səciyyələri
əsasında formalaşan
sənətkardır.
Oktyabrın 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında bu teatrın tanınmış
aktyoru Yasin Qarayevin 75 illiyinə həsr olunan “Alın yazısına inam” adlı kitabın (müəllif İlham Rəhimli) təqdimat mərasimi keçirildi.
Tədbirin aparıcısı
zaman-zaman Yasin müəllimlə tərəf-müqabil
olan Əməkdar artist Elnur Bəhramxan
sənət ocağı
və onun keçdiyi yola qısa nəzər saldı.
95 illik yaradıcılıq
yoluna, zəngin sənət ömürlüyünə
malik teatrın Azərbaycanın səhnə
mədəniyyətinə bəxş
etdiyi müqtədir sənətkarları sadaladı,
onların içərisində
özünəməxsus yeri
və dəst-xətti
olan Y.Qarayevin sənətkarlıq məziyyətlərindən
danışdı. Bildirdi
ki, bir sənətkar
ömrünə teatrşünas
baxışı olan kitab aktyor və
insan olaraq hər kəsin sevgi və rəğbətini
qazanmağı bacaran
Y.Qarayev ömrünə
yeni yanaşmadır.
Aktyorun xoş
gününü təbrik
edənlərdən biri
də teatrın direktoru Naidə İsmayılzadə oldu.
O, Y.Qarayevin klassik aktyorluq məktəbi təmsilçisi kimi səhnədə, sənətdə
özünəməxsus iz
qoyduğunu, böyük
tamaşaçı auditoriyasının
məhəbbətini qazandığını
dedi. Direktor kitabın müəllifi, teatrşünas, Əməkdar
incəsənət xadimi,
professor İlham Rəhimliyə təşəkkürünü
bildirdi.
Təbrikə gələnlər arasında
Azərbaycan Teatr Xadimləri İttifaqının
yaradıcılıq işləri
üzrə sədr müavini və ittifaqın sədr vəzifələrini müvəqqəti
icra edən Xalq artisti Hacı
İsmayılov da var idi. O da
özünəməxsus koloritli
oyun üslubu ilə seçilən Y.Qarayevin sənət xarakteristikasından söz
açdı, aktyor kimi səmimiyyəti, səhnə məlahəti,
istənilən obraza qatmış olduğu çalarlardan danışdı.
Bildirdi ki, aktyorun səs tembri, aydın nitqi, hər obrazın xarakterik xüsusiyyətlərini ustalıqla
duyub tamaşaçıya
çatdırmaq qabiliyyəti
var.
Xalq artisti
Tariyel Qasımov isə həmkarının
sənətkarlıq xüsusiyyətləri
və lirik-psixoloji, komik obrazlar ilə yanaşı, dramatik əsərlərdə
də fərqli aktyor keyfiyyətlərini qabarıq büruzə verdiyini dedi. Dedi ki, Y.Qarayev
səhnədə cəld
və çevik, dinamik və cazibədar, yaddaqalan və fərqlidir.
Daha sonra
kitabın müəllifi
İlham Rəhimli çıxış edərək
bir sıra məqamlara, ümumilikdə
teatr, aktyor sənəti və onun bu günü
ilə bağlı məsələlərə diqqət
çəkdi, Gənc
Tamaşaçılar Teatrında
vaxtilə çalışan
sənətkarlardan da
bəhs etdi. Kitabın yazılma səbəbindən danışan
alim Y.Qarayevin sənətinin hər zaman yüksək qiymətləndirildiyini bildirdi:
“Bu teatrda Yusif Vəliyev, Osman Hacıbəyov, Süsən Məcidova kimi böyük sənətkarlar olub. Çox təəssüflənirəm
ki, adlarını çəkdiyim bu qüdrətli sənətkarlar
haqqında kitab yazılmadı. Yasin Qarayevi mən 1975-ci ildən yaxından tanıyıram. Onun sənətinə diqqət
və məsuliyyəti
sayəsində sonradan
səmimi dostluğumuz
da yarandı. Bu kitabı da, əslində, onun 75 illik yubileyinə
hədiyyə etmək
məqsədilə qələmə
aldım. Zaman elə gətirdi ki, bu nümunə
onun 77 yaşında ərsəyə gəldi və beləcə, həm də 50 illik bir sənət
ömürlüyünün qısa icmalı rolunu oynamış oldu. Şadam ki, bu gün
“Alın yazısına
inam” adlı bu kitab vasitəsilə
sizlər bir insanın həyat-ömür
şəcərəsi ilə
yanaşı, uzun və səmərəli yaradıcılıq yolunu
da oxuyub-izləmək
imkanı qazanacaqsınız.
Könül istər ki, Yasin müəllim
kimi başqa sənət fədailərimizin
də səhnədə
keçən dolğun
ömürləri kitablara
mövzu olsun və mən bu işi sevə-sevə
görməyə hazıram.
Təki o kitabların
çapını üzərinə
götürən naşirlər,
qurumlar da bu işə maraqlı olsunlar”.
Sonda Y.Qarayev
çıxış edərək
onu bir aktyor
və insan kimi həssaslıqla duyan və bunları
ustalıqla kitaba çevirən müəllifə
və mərasimə gələn hər kəsə təşəkkürünü
bildirdi.
Bütün imza günləri, təqdimatlar kimi bu tədbirin də bir oxucu
olaraq mənim üçün ən gözəl tərəfi məhz kitabın müəllifi ilə qəhrəmanı arasındakı
incə yumorlu söhbətləşmə və munis imza mərasimi anı idi. Tədbir
boyu mənim diqqətimi çəkib,
bir az da
kövrəldən başqa
bir məqam oraya toplaşan aktyorların daxili həyəcan və buna rəğmən o hissə, o amansız reallığa meydan oxuyan təsəlli dolu mətin duruşları idi. Bir zamanlar o səhnədə bütün
ömürləri keçən
yaşlı nəsil nümayəndələri ilə
gənclər arasındakı
qəribə bir təzad, nisgil, daha doğrusu, dünən ilə bu günün qarşı-qarşıya dayanması
və dayanışması
da başqa bir izharı müşkül mənzərə
idi...
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2023.- 18 oktyabr.- S.6.