Lənkərandan gələnCəmiləBakıda qonaq olub

  

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) “Qonaq teatr” layihəsi davam edir. Oktyabrın 16-da Lənkəran Dövlət Dram Teatrı Çingiz Aytmatovun “Cəmilə” əsəri əsasında hazırlanan romantik dramı ATXİ-nin səhnəsində tamaşaçılara təqdim etdi.

Lənkəran Dövlət Dram Teatrının bərpasının 50 illiyi münasibətilə paytaxt səhnəsində oynanılan tamaşanın quruluşçu rejissoru İmran Ali Qurban, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir.

Nümayişdən əvvəl ATXİ sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti Hacı İsmayılov teatrı yubileyi münasibəti ilə təbrik etdi, sənət ocağının keçdiyi zəngin inkişaf yolundan danışdı. Bildirdi ki, repertuarında Azərbaycan və dünya dramaturgiyasının klassik və müasir nümunələrinin yer aldığı teatr ölkəmizdə və onun hüdudlarından kənarda qastrol səfərlərində olur, beynəlxalq teatr festivallarında ölkəmizi uğurla təmsil edir.

Hacı İsmayılov milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və bərpasının 50 illik yubileyi münasibətilə Lənkəran Dövlət Dram Teatrına ATXİ-nin fəxri fərmanını təqdim edərək kollektivə uğurlar arzuladı.

Həmçinin teatrın bərpasında xüsusi xidmətləri olan aktyorlar – Xalq artisti Qabil Quliyev fəxri fərmanla, Xalq artisti Böyükxanım Əliyeva və aktrisa Şahrud Mehdiyeva ittifaqın “Qızılgül” mükafatı ilə təltif olundular.

Tamaşanın nümayişindən sonra uğurlu quruluşa görə gənc rejissor İmran Ali Qurban ittifaqın fəxri fərmanına layiq görüldü.

Təltif olunanlar göstərilən diqqətə görə Teatr Xadimləri İttifaqına minnətdarlıqlarını bildirdilər.

 

Həmidə

Mədəniyyət.- 2023.- 18 oktyabr.- S.1;2.