Şuşa Türk dünyası mədəniyyətinin
cazibə mərkəzinə
çevrilir
“Ümumtürk
mədəniyyətini dünyaya
təbliğ etmək
üçün belə
bir ortaq platforma vacib idi”
Xəbər verdiyimiz kimi, 13-14 oktyabr tarixlərində Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi,
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
– TÜRKSOY-un və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı
ilə Şuşa şəhərində Ümummilli
lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə
I Türk Dünyası
Mədəniyyət Forumu
keçirilib. Forumda rəsmi şəxslər,
Türk dünyası
təşkilatlarının nümayəndələri və
digər qonaqlar iştirak edirdilər.
Oktyabrın 13-də forumun açılış
mərasimində əvvəlcə
“Türk dünyasının
mədəniyyət paytaxtı”
Şuşaya həsr olunmuş videoçarx nümayiş etdirildi, “Dərvişlər” adlı
ədəbi-bədii kompozisiya
təqdim olundu.
Açılış nitqi söyləyən Azərbaycan Respublikasının
mədəniyyət naziri
Adil Kərimli qeyd etdi ki,
I Türk Dünyası
Mədəniyyət Forumunun
Şuşada keçirilməsi
əlamətdar hadisədir:
“Forum bütün türk
mədəniyyəti üçün
xüsusi əhəmiyyət
kəsb edir. Bu gün Şuşamız,
Qarabağımız, bütün
Azərbaycan öz Zəfər təntənəsini
yaşayır. Artıq
üçüncü ildir
Şuşada geniş
quruculuq işləri həyata keçirilir. Ötən ay – 19-20 sentyabr tarixlərində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
şanlı Ordumuz cəmi 24 saat ərzində Qarabağdakı
Ermənistana məxsus
qanunsuz hərbi birləşmələrin terror
əməllərinə birdəfəlik
son qoydu. Bununla da Azərbaycan
bütün ərazisində
suverenliyini təmin etmiş oldu. Azərbaycan təkcə Cənubi Qafqaz regionunda deyil, bütün dünyada sülhün, sabitliyin tərəfdarı kimi çıxış edir,
bu istiqamətdə əməli addımlar atır”.
Forumun əhəmiyyətini
yüksək qiymətləndirən
nazir bildirdi ki, ortaq türk
mədəniyyətini dünyaya
təbliğ etmək
üçün belə
bir platforma vacib idi: “Düşünürük
ki, forum qardaş xalqlarımızın
mədəni əməkdaşlığının
dərinləşməsində, qədim mirasımızın
qarşılıqlı şəkildə
təbliğatına öz
töhfəsini verəcək.
Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyev türk xalqlarının birliyi uğrunda yorulmadan çalışıb.
Məhz buna görə də forumun Ulu öndər
Heydər Əliyevin
100 illiyinə həsr
edilməsi təsadüfi
deyil”.
TÜRKSOY-un baş katibi Sultan Raev növbəti
dəfə Şuşaya
gəlişindən məmnunluğunu
bildirdi. Qeyd etdi ki, Şuşa
Xurşidbanu Natəvan,
Üzeyir Hacıbəyli,
Bülbül və s.
kimi neçə-neçə
söz-sənət xadiminin
evidir: “Şuşa həm də bu il “Türk
dünyasının mədəniyyət
paytaxtı”dır. Şuşa Azərbaycandır!
Şuşa Türk dünyasıdır!”.
Türk Dövlətləri
Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev
çıxışında qeyd etdi ki,
44 günlük Vətən
müharibəsində Azərbaycanın
Qələbəsi, Qarabağın,
Şərqi Zəngəzurun
işğaldan azad edilməsi bütün Türk dünyası üçün böyük
önəm daşıyır.
O, türk dövlətlərinin
dil və mədəniyyət baxımından
ümumi köklərə
malik olduğunu qeyd edərək əməkdaşlığın gücləndirilməsi istiqamətində
səylərini əsirgəməyəcəyini
dedi.
Türkdilli Ölkələrin
Parlament Assambleyasının
(TÜRKPA) baş katibi
Mehmet Süreyya Er Şuşanın türk təşkilatlarını,
qardaş respublikaların
müvafiq qurumlarının
rəhbərlərini bir
araya gətirməsinin
rəmzi məna daşıdığını vurğuladı: “İşğaldan
azad edildikdən qısa müddət sonra burada aparılan
geniş bərpa və quruculuq işləri Şuşanı
keçmişdəki şöhrətinə
qovuşdurmaqdadır. Artıq
bu füsunkar şəhər mötəbər
tədbirlərə, incəsənət
layihələrinə ev
sahibliyi eir.
Beynəlxalq Türk Akademiyasının
(BTA) prezidenti Şahin
Mustafayev də Azərbaycanın tarixi qələbəsinin bütün
Türk dünyasının
zəfəri olduğunu
bildirdi. “30 ilə yaxın işğal dövründə düşmən
tərəfindən dağıdılan
bu torpaqlar Azərbaycan dövləti
tərəfindən yenidən
qurulur. Biz bunları türk dövlətləri ilə
bir yerdə edirik. Hazırda Şuşada keçirilən
bu forum ortaq mədəni dəyərlərimizin təbliğinə
mühüm töhfə
olacaq”.
AMEA-nın prezidenti
akademik İsa Həbibbəyli bildirdi ki, Ulu öndər
Heydər Əliyev türk xalqlarının birliyi naminə mühüm işlər görüb: “Türk dövlətləri artıq
tək millət, 6 dövlətə doğru
uğurla addımlamaqdır.
Bu, Heydər Əliyevin dühası işığında gəlib
çatıla bilən
ən böyük zirvədir. Forumun Ümummilli liderimizin 100 illiyinə həsr olunması “Heydər Əliyev İli”nə
mühüm töhfədir”.
Azərbaycan Yazıçılar Birliyinin
sədri Xalq yazıçısı Anar
çıxışında Şuşada anadan olmasa da, özünü
şuşalı hiss etdiyini dedi: “Çox şadam ki, bu yaşımda
Şuşanın azad
olunduğu günü
gördüm. Hazırda
Şuşa günü-gündən
gözəlləşir, abadlaşır.
Mən həmişə
deyirəm ki, bu Qələbənin bir babası, bir də atası
var. Bu Zəfərin
babası Heydər Əliyev, atası isə Prezident İlham Əliyevdir”.
Çıxışlardan sonra xatirə şəkilləri çəkdirildi.
Forum işini
panel sessiyalarla davam etdirdi.
Türk
dilləri və ədəbiyyatları: diferensiasiya
və inteqrasiya
Forumun “Türk dilləri və ədəbiyyatları:
Diferensiasiya və inteqrasiya” adlı ilk paneli Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun moderatorluğu ilə keçdi.
Paneldə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türk dünyası dövlətləri
arasında ədəbi
inteqrasiya kontekstində
ortaq ədəbi dilin yaradılmasının
vacibliyini bildirdi.
Qazaxıstanın Al-Farabi Universitetinin
rektoru Zhanseit Tuimebayev, türkiyəli
alim Mustafa İsen, Qırğızıstan
Milli Elmlər Akademiyasının
Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru Abduldazhan Akmataliev, Ege Universiteti Ədəbiyyat fakültəsinin
professoru Yavuz Akpınar,
professor, filologiya elmləri
doktoru Boboxon Şaripov, Avrasiya Yazıçılar Birliyinin
sədri Yakub Ömeroğlu
mövzu üzrə fikirlərini bölüşdülər.
Diqqətə çatdırıldı ki, türk xalqları arasında ortaq ünsiyyət dilinin formalaşdırılması günümüzdə
çox böyük əhəmiyyət kəsb
edir. Bunun üçün
isə ortaq əlifba və dərsliklərin hazırlanıb
nəşr edilməsi
qarşıda duran vacib vəzifələrdəndir.
Vurğulandıki, Azərbaycan
dili, qazax türkcəsi və digər türkcələr
istər söz ehtiyatının zənginliyi,
istərsə də qrammatik quruluşu baxımından ortaq dil olma potensialına
sahibdir.
Mədəni və tarixi irsin qorunması və bərpasında ən yaxşı təcrübələr
Forumun ikinci günü, oktyabrın 14-də “Mədəni
və tarixi irsin qorunması və bərpasında ən yaxşı təcrübələr” mövzusunda
panel keçirildi.
Paneldə çıxış edən Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bildirdi ki, otuzillik işğaldan azad edilən ərazilərə
Böyük Qayıdış
prosesində başlıca
məqamlardan biri də mədəniyyətin,
mədəni-mənəvi irsimizin
qaytarılması olacaq.
Bu yerlərdə infrastruktur
layihələri ilə
yanaşı, tarix-mədəniyyət
abidələri ilə
bağlı mühüm
işlər də görülür, tarixi abidələr, məscid və məqbərələr,
ev-muzeyləri bərpa
edilir. Mədəni irsin bərpası zamanı abidələrin ilkin simasına qaytarılması, bədii-estetik
xüsusiyyətlərin qorunması
və onların müasir şəhərsalma
prosesi çərçivəsində
nəzərə alınması
xüsusi əhəmiyyətə
malikdir.
Qazaxıstanlı akademik, bərpaçı
alim Krım Altınbekov
“Tamqalı petroqliflərinin
mühafizə olunması
ilə bağlı strategiya və üsullar”, Qırğızıstan
Milli Elmlər Akademiyasının
Tarix, Arxeologiya və Etnologiya İnstitutunun elmi işçisi Aidai Sulaymanova “Saymaluu-Taş” qayaüstü rəsm abidəsinin sənədləşdirilməsi
təcrübəsi”, Türkiyə
Mədəniyyət və
Turizm Nazirliyinin Mədəniyyət Əmlakları
və Muzeylər Baş İdarəsinin müdiri Zeynep Gül Ünal
“Mədəni irsin birləşdirici gücü”,
Özbəkistan Elmlər
Akademiyası Təsviri
İncəsənət İnstitutunun
Memarlıq şöbəsinin
müdiri Mavlyuda
Yusupova “Mərkəzi Asiyanın
müqəddəs yerlərinin
memarlıq orijinallığının
qorunmasının aktual
problemləri”, Özbəkistanda
Qaraqalpaq Humanitar Araşdırmalar İnstitutunun
şöbə müdiri
Aysulu İskanderova “Özbəkistan arxeologiyasında
mədəni irsin qorunması təcrübəsi”,
türkiyəli arxeoloq
İbrahim Barış Sarıca
“Türkiyədə mədəni
irsin qorunması və qeyri-qanuni ticarət fəaliyyətləri
ilə mübarizə”,
Özbəkistan Milli Universitetinin
professoru Niginakhon Şermuxamedova “Türk maddi mənəvi məkanının tərkib
hissəsi kimi Özbəkistanın memarlıq
irsinin xüsusiyyətləri”
mövzularında çıxış
etdilər.
Mədəniyyət və yaradıcı sənayelər sahəsində
əməkdaşlıq
Forumun sonuncu
panelı yaradıcı
sənayelərin və
innovasiyaların mədəniyyət
sahəsində inkişafına
həsr olunmuşdu.
Paneldə aparılan
müzakirələr barədə
Mədəniyyət Nazirliyinin
Yaradıcı sənayelər
və rəqəmsal inkişaf şöbəsinin
müdiri Rəşad
Əzizov məlumat verdi. Bildirdi ki, yaradıcı sənayelərin inkişafı
olduqca vacib bir istiqamətdir. Hazırda mədəniyyətin
təbliğatı, inkişafı
barədə sessiyada təcrübə mübadiləsi
aparılıb, maraqlı
layihələr barəsində
məlumatlar paylaşılıb.
Artıq Şuşada
keçirilmiş I Türk
Dünyası Mədəniyyət
Forumu yeni layihələrə, təşəbbüslərə
start verir.
Rəşad Əzizov onu da qeyd etdi
ki, indiki dövrdə yeni texnologiyaların, innovasiyaların
tətbiqi, xüsusi olaraq süni zəkanın tətbiqi mədəniyyət və
yaradıcılıq sahəsində
də mühüm yer tutur. Bu
sahədə əməkdaşlıq
artırılmalıdır və Mədəniyyət
Nazirliyi hazırda bu proseslərə xüsusi diqqət yetirir. Qısa müddətdə nəinki
ölkədaxili, eyni zamanda, digər türkdilli ölkələrlə
birgə müvafiq layihələrin həyata
keçirilməsi nəzərdə
tutulub.
***
Oktyabrın 14-də, I Türk Dünyası Mədəniyyət Forumunun
sonunda Şuşa Bəyannaməsi qəbul edildi. Bəyannamədə
Azərbaycan Respublikasının
təşəbbüsü ilə yaradılmış
Türk Dünyası
Mədəniyyət Forumunun
mühüm universal platforma kimi uğurlu olduğu vurğulanır və iki ildən bir keçirilməsini təklif edilir.
***
I Türk Dünyası
Mədəniyyət Forumunun
iştirakçıları oktyabrın 14-də Şuşa
şəhərinin tarixi
məkanları və
görməli yerləri
ilə də tanış oldular. Qonaqlar Cıdır düzünü gəzdilər,
Molla Pənah Vaqifin məqbərəsini,
Mehmandarovların malikanə
kompleksinu, Yuxarı Gövhər Ağa məscidini ziyarət etdilər, Mir Möhsün Nəvvab Qarabağiyə həsr edilmiş sərgiyə baxdılar.
Forumun ilk
günü Şuşa
Otel-Konqres Mərkəzində
iştirakçılar üçün
“Dövri səda” adlı konsert proqramı da təşkil edilmişdi. Konsert böyük maraqla qarşılandı.
Nurəddin
Bakı-Şuşa-Bakı
Mədəniyyət.-
2023.- 18 oktyabr.- S.4.