Şuşada TÜRKSOY Mədəniyyət Nazirləri
Daimi Şurasının iclası keçirildi
“Türk dünyasının mədəniyyət paytaxtı”
estafetini 2024-də Türkmənistanın Anev, 2025-də isə
Qazaxıstanın Aktau şəhərləri qəbul edəcək
Oktyabrın
13-14-də Şuşada TÜRKSOY Mədəniyyət Nazirləri
Daimi Şurasının 40-cı iclası keçirildi. Tədbir
Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı
ilə gerçəkləşdi.
İclası
cari ildə TÜRKSOY dönəm koordinatorluğunu yerinə
yetirən Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli açaraq iştirakçıları
salamladı. Nazir iclasın əhəmiyyətini
vurğulayaraq müzakirə olunacaq bir sıra məsələlərin
olduğunu bildirdi.
TÜRKSOY-un
baş katibi Sultan Raev builki iclasın əhəmiyyətli bir
ilə təsadüf etdiyini bildirdi. Qeyd etdi ki, bu il təşkilatın
qurucu üzvlərindən Türkiyə Cümhuriyyətinin
100 illik, TÜRKSOY-un isə yaradılmasının 30 illik
yubileyləridir. Diqqətə çatdırıldı ki,
toplantıda ənənəvi olaraq TÜRKSOY-un fəaliyyəti,
Daimi Şuranın 39-cu iclasından ötən bir ildə
görülən işlər nəzərdən keçiriləcək,
2024-cü il üçün planlar açıqlanacaq,
müvafiq qərarlar qəbul ediləcək.
Türk
Dövlətləri Təşkilatının (TDT) baş
katibi Kubanıçbek Ömüralıyev iclasın
mühüm qərarlarla yadda qalacağını
vurğuladı.
Azərbaycan
Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi
Aydın Kərimov qeyd etdi ki, 2022-ci il martın 31-də
Türkiyənin Bursa şəhərində TÜRKSOY-a
üzv ölkələrin Mədəniyyət Nazirləri
Daimi Şurasının növbədənkənar iclasında
Şuşa şəhəri 2023-cü il üçün
“Türk dünyasının mədəniyyət paytaxtı”
elan edilib. Bununla bağlı tədbirlər haqqında
Prezident İlham Əliyev tərəfindən müvafiq sərəncam
imzalanıb. Sərəncama uyğun olaraq, Şuşada
müxtəlif tədbirlər həyata keçirilib.
Qırğız
Respublikasının mədəniyyət, informasiya, idman və
gənclər siyasəti nazirinin müavini Kayrat İmanaliyev
Şuşada olmasından məmnunluğunu söylədi,
iclasda alınacaq qərarların ölkələrimizin gələcək
əməkdaşlığına töhfə verəcəyinə
əminliyini bildirdi.
Özbəkistan
mədəniyyət nazirinin birinci müavini Bahodir Axmedov son
illər Türk dünyasının müxtəlif əhəmiyyətli
layihələrə imza atdığını dedi. Qeyd etdi ki,
bu layihələr xalqımızın birliyini daha da gücləndirəcək.
Türkiyə
mədəniyyət və turizm nazirinin müavini Sərdar
Çam Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində
düşməndən azad edilmiş Şuşada belə bir
iclasın keçirilməsinin təqdirəlayiq olduğunu
söylədi. O, iki il əvvəl Şuşaya səfər
etdiyini, bu müddətdə şəhərin çox gözəlləşdiyini
vurğuladı.
Şimali
Kipr Türk Cümhuriyyəti Baş nazirinin müavini – turizm,
mədəniyyət, yaşayış və ətraf mühit
naziri Fikri Ataoğlu Türk dünyasının bir araya gəlməsi
adına TÜRKSOY-un missiyasını yüksək qiymətləndirdi,
Şimali Kiprin Türk dünyasının bir parçası
olmasından qürur duyduqlarını dedi.
Türkdilli
Ölkələrin Parlament Assambleyasının (TÜRKPA)
baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk
Akademiyasının prezidenti Şahin Mustafayev və
başqalarının çıxışları da dinlənildi.
İclas
daha sonra qapalı formatda işini davam etdirdi.
***
Oktyabrın 14-də TÜRKSOY Mədəniyyət
Nazirləri Daimi Şurasının 40-cı iclasının
yekun tədbiri təşkil edildi.
Mədəniyyət naziri Adil Kərimli iclasın uğurlu keçdiyini, qəbul olunmuş qərarların həm
TÜRKSOY, həm də
üzv dövlətlər
üçün faydalı
olacağını vurğuladı.
Sonra iclasda bir sıra
məsələlər üzrə
qəbul olunmuş qərarlar açıqlandı.
Müştərək kino istehsalına
dəstək, xatirə
illəri, yeni “paytaxt”lar
Qeyd olundu ki, Azərbaycan Mədəniyyət Nazirliyi
və Türkiyə Mədəniyyət və
Turizm Nazirliyinin təklifləri əsasında
türk dövlətləri
arasında müştərək
kino istehsalını dəstəkləyəcək
mexanizmin qurulması məqsədilə TÜRKSOY-a üzv
ölkələrdən professionalların
yer alacağı bir işçi qrupunun yaradılması qərara alınıb.
Daimi Şura 2025-ci ilin
TÜRKSOY-a üzv olan
ölkələrdə Azərbaycanın
Xalq şairi Bəxtiyar Vahabzadənin
(1925-2009), Qazaxıstanın Xalq Qəhrəmanı, bəstəkar Nurgisa Atabayoğlu Tilendiyevin
(1925-1998) 100 illik, Qırğızıstanın
Xalq artisti, bəstəkar və ifaçı Atay Ogonbaevin (1900-1949), Türkiyənin
tanınmış xalq
musiqi sənətkarı
və bəstəkarı
Münir Nurettin Selçukun (1900-1981) 125 və
Kipr türklərinin saz-söz ustası Aşıq Kenzinin 230 illik yubileyləri münasibətilə anım
ili olaraq elan edilməsini qərarlaşdırıb.
2024-cü
ildə Türkmənistanın
Anev şəhəri
“Türk dünyasının
mədəniyyət paytaxtı”
olacaq. 2025-ci ildə isə bu estafeti
Qazaxıstanın Aktau şəhərləri
qəbul edəcək.
İclasda TÜRKSOY Daimi Şurasının
növbəti, 41-ci iclasının
gələn ilin sonlarında Türkmənistanın
Anev şəhərində
keçirilməsi qərara
alınıb. Həmçinin
təşkilatın fəaliyyəti
ilə bağlı maliyyə məsələlərinin
tənzimlənməsi, kadr,
vəzifə və iş qaydaları və s. məsələlər
üzrə qərarlar
qəbul edilib.
Sonda mədəniyyət naziri
Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev və quruma
üzv olan ölkələrin nümayəndələri
tərəfindən iclasda
alınan qərarlarla
bağlı sənədlərə
imzalar atıldı.
Xatırladaq ki, TÜRKSOY Daimi Şurasının
39-cu iclası ötən
ilin noyabrında Bursada keçirilib. Həmin toplantıda
2023-cü il üçün “Türk dünyasının
mədəniyyət paytaxtı”
estafeti Şuşa şəhərinə, təşkilatda
dönəm koordinatorluğu
isə Azərbaycana keçmişdi.
Nurəddin Məmmədli
Mədəniyyət.-
2023.- 18 oktyabr.- S.3.