Şair Nəbi Borçalının 150 illiyi qeyd olunub

 

 

Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında şair Nəbi Borçalının (1873-1945) 150 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AAB-nin sədri Əməkdar elm xadimi Məhərrəm Qasımlı Borçalı aşıq mühitinin yetişdirdiyi görkəmli ədəbi simalardan olan şair Nəbi Borçalının həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, söz ustadının şeirləri zamanında Xalq şairi Səməd Vurğunun da diqqətini çəkib və məhz onun tövsiyəsi ilə mərhum folklorşünas alim Hüseynqulu Məmmədli, sonralar isə onun oğlu – folklorşünas, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli tərəfindən əsərləri toplanıb və nəşr etdirilib. Qeyd olunub ki, Nəbi Borçalının şeirləri təkcə Borçalı aşıqlarının deyil, digər aşıq mühitlərindən olan sənətkarların repertuarında da mühüm yer tutur.

“Xalq qəzeti”nin baş redaktoru Əməkdar jurnalist Əflatun Amaşov son illərdə aşıq sənətinə göstərilən diqqət və qayğıdan, AAB-nin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən və Nəbi Borçalı kimi böyük saz-söz ustadlarının irsinin yaşadılmasının vacibliyindən danışıb.

Tədbirin bədii hissəsində aşıqlar Nəbi Borçalının şeirlərini ifa ediblər. Aşıqları balaban ustası Ələkbər Ələkbərov müşayiət edib. Bədii qiraətçilər – pedaqogika üzrə fəlsəfə doktoru, şairə Aynur Qafarlı və Azər İqrar şairin şeirlərini səsləndiriblər.

Sonda ağsaqqal ziyalı, iqtisad elmləri namizədi Əmirxan Babaşov yubilyarın yaxınları və doğmaları adından tədbirin təşkilatçılarına təşəkkür edib.

 

Mədəniyyət.- 2023.- 20 oktyabr, ¹78.- S.5.