“Azərbaycanda
çox sevildiyimi görmək məni xoşbəxt elədi...”
Xəbər verdiyimiz
kimi, 8-11 oktyabr tarixlərində paytaxtımızda Mədəniyyət
Nazirliyi, TÜRKSOY, Heydər Əliyev Mərkəzi, Azərbaycan
Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin təşkilatçılığı
ilə III “Korkut Ata” Türk Dünyası Film Festivalı
keçirildi.
Festivala qonaq qismində
qardaş Türkiyədən də tanınmış kino
xadimləri gəlmişdi. Azərbaycan
tamaşaçısının da “Qurdlar vadisi” serialından
yaxşı tanıdığı aktyor Sefa Zenginlə ayaqüstü
söhbət etdik.
Sefa Zengin 1968-ci il
mayın 26-da Türkiyənin Malatya şəhərində
anadan olub. 1995-ci ildə İstanbul Universiteti Dövlət
Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci
illərdə Dormen Teatrında aktyor kimi
çalışıb.
İstanbul Bilgi
Universitetinin aktyorlarından ibarət “Teatr Kandela” tərəfindən
səhnələşdirilən “Karmakarışık”,
“Popkorn”, “Kare As” və “Oyun” tamaşalarına quruluş verib.
“İkinin biri”, “Troyalı qadınlar”, “Qorxuram, sevgilim”
tamaşalarında, “Kurşun Bilal”, “İsimsizler”,
“Qızıl alma” və s. seriallarda rol alıb. O,
2003-2004-cü illərdə “Qurdlar vadisi” serialında
oynadığı psixoloji problemləri olan Erdal
Kömürcü personajı ilə böyük aktyorluq məharətini
ortaya qoyub, kinosevərlərin rəğbətini qazanıb.
Bu günədək 50-dən çox film və seriala çəkilən
aktyor filmlərin səsləndirilməsində də
iştirak edir.
Sefa bəydən ilk
olaraq festivalla bağlı təəssüratlarını xəbər
aldıq.
– Azərbaycana ilk dəfədir
gəlirəm və burada olmaqdan çox məmnunam. Festival mənim
üçün çox yaddaqalan oldu. Festival çərçivəsində
Şuşaya da səfər etdik. Vətən müharibəsində
Azərbaycanın qazandığı tarixi Zəfər,
Qarabağın işğaldan azad olunması məni çox
sevindirdi. Buna şahid olmaq mənim üçün
böyük xoşbəxtlikdir.
Festivalın
açılış və bağlanış mərasimlərinin
gerçəkləşdiyi Heydər Əliyev Mərkəzi
öz memarlığı ilə möhtəşəmdir.
Doğrusu, bu bina məni heyrətləndirir və buranı
görməyi çoxdan istəyirdim.
– Festival müddətində
paytaxtımızla tanış ola bildinizmi?
– Əlbəttə.
Bu müddət ərzində Bakının tarixi yerlərinə,
mədəniyyət abidələrinə baş çəkmək
imkanım oldu. Onu xüsusilə qeyd etmək istəyirəm
ki, “Qurdlar vadisi” serialında canlandırdığım obraza
görə Azərbaycanda da çox sevildiyimi görmək məni
hədsiz dərəcədə xoşbəxt elədi.
– Şuşaya da
getdiyinizi söylədiniz. Bu il “Türk dünyasının mədəniyyət
paytaxtı” missiyasını yerinə yetirən şəhərimiz
sizdə nə kimi təəssürat oyatdı?
– Şuşanı
düşündüyümdən çox fərqli bir yer kimi
gördüm. Çünki Şuşa işğal zamanı
vandalizmə məruz qalıb. Cıdır düzünü və
bir çox tarixi məkanları gəzdik, abidələrlə
tanış olduq. Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan
və Bülbülün abidələrini görəndə
çox təsirləndim, təəssüf etdim. Heykəllərdəki
güllə yerləri... Heç heykəl də güllələnərmi?
Bu hərəkəti etmək üçün çox
yırtıcı bir ruha sahib olmaq lazımdır...
– Hazırda hansısa
filmdə, serialda çəkilirsinizmi?
– Bu ayın sonunda
TRT-nin rəqəmsal “Tabii” platformasında “Teşkilat-ı
mahsusa –Trablus” (“Xüsusi təşkilat – Trablus”) adlı yeni serial yayına
başlayacaq. Serialda Şeyx Danyal obrazı ilə
tamaşaçıların qarşısına çıxacağam.
Yaxın aylarda üç yeni filmin çəkilişlərinə
başlayacağıq. Bundan başqa, hazırda “Albalı
bağçası” adlı teatr tamaşasında rol
alıram.
– Azərbaycandan və
ya digər türk respublikalarından film təklifi gəlsə,
qəbul edərsinizmi?
– Məmnuniyyətlə.
Ümid edirəm ki, belə bir təklif alaram (gülür)...
Nurəddin Məmmədli
Mədəniyyət.-
2023.- 20 oktyabr, ¹78.- S.6.